Ürkək diplomatiya

Ürkək diplomatiya

23-01-2017 01:07 / Bu xəbər 1736 dəfə oxundu

Yadigar Sadıqov
 
Son günlərin əsas hadisəsi şübhəsiz ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlama oldu. Bu açıqlamada diqqətçəkən 2 əsas məqam vardı. Əvvəla, Lavrov sözügedən münaqişənin Azərbaycanın daxili işi olmadığını vurğulayır, ikincisi isə keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin hüdudlarından kənarda işğal olunmuş ərazilərin azad olunmasını status məsələsi ilə bağlayır.

Birinci məsələnin Azərbaycan üçün qəbuledilməz olduğunun xüsusi izahına zərurət yoxdur, məncə. Mövcud hakimiyyət də dəfələrlə bəyan edib ki, işğal altındakı ərazilərin azad edilməsi Azərbaycanın suveren hüququdur. Lavrovun bəyanatı isə Azərbaycanın öz ərazisində suverenliyini bərpa etmək hüququnu şübhə altına alır və heç bir özünə hörmət edən dövlət və iqtidar bununla barışa bilməz.

İkinci məsələ isə bir qədər izahat tələb edə bilər. Bugünə kimi Minsk qrupunun həmsədrləri münaqişənin həll variantı kimi 3 model təklif ediblər: mərhələli həll (əvvəl ərazilər azad olunur, sonra Dağlıq Qarabağdakı ermənilərin statusu müəyyən edilir), paket həlli (ərazilər azad olunması və status eyni zamanda razılaşdırılır) və birgə dövlət (konfederasiya tipində). Bu variantlardan yalnız mərhələli həll Azərbaycanın maraqlarına uyğundur və rəsmi Bakı bunu dəfələrlə bəyan edib. Lavrovun açıqlaması isə Rusiyanın ermənilərin tərəfdar olduğu paket həlli variantını dəstəklədiyini göstərir.

Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələri vasitəçi rolunu oynamalıdırlar. Onlar özlərinin deyil, hər iki tərəfin bəyənəcəyiı varianta üstünlük verməlidirlər. Buna görə də Lavrovun belə bəyanatı özlüyündə heç də diplomatik deyil, Minsk qrupunun mandatına ziddir. Lakin həmin həmsədr ölkənin Rusiya olduğunu nəzərə alsaq, belə mövqeni sensassiya kimi də dəyərləndirə bilmərik.

Müqayisə üçün bir nümunəni xatırlatmaq istəyirəm. Dağlıq Qarabağ münaqişəsindən söhbət düşəndə 822, 853, 874 və 884 saylı BMT qətnamələrini tez-tez xatırlayır, onları Azərbaycanın ərazi bütövlüyü və torpaqları işğaldan azad etmək yolunda hüquqi sənəd sayırıq. Lakin 1993-cüq ilin aprelin 30-da, iyulun 29-da, oktyabrın 14-də və noyabrın 12-də qəbul edilmiş, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını təsdiqləyən və zor tətbiqi ilə ərazilər ələ keçirməyin yolverilməz olduğunu bəyan edən, işğal edilən ərazilərin dərhal azad olunmasını tələb edən bu qətnamələrin heç biri həyata keçirilməyib.

Bizdə olan təsəvvürə görə bu hala görə erməni tərəfi günahkardır. Amma və lakin 1992-1996-cı illərdə ATƏT-in Minsk qrupunun Rusiya tərəfindən həmsədri olmuş Vladimir Kazimirov belə düşünmür. Bir neçə il öncə yazdığı məqalədə Kazimirov BMT qətnamələrinin həyata keçirilməməsinin günahkarı kimi Azərbaycanı göstərir. O iddia edir ki, BMT qətnamələrinin ilk şərti atəşin dayandırılması olub və məhz Azərbaycan tərəfinin günahı üzündən bu baş tutmayıb, buna görə də qətnamələrin digər şərtlərinin yerinə yetirilməsi mümkün olmayıb.

Bu gün Vikipediyanın rus bölümündə Dağlıq Qarabağ münaqişəsi üzrə BMT qətnamələrindən bəhs edən məqalələrdə Kazimirovun bu fikrinə istinad edilir və belə təəssürat yaranır ki, ərazilərimizin işğaldan azad olunmasını tələb edən, tez-tez istinad etdiyimiz o qətnamələr məhz bizim günahımız ucbatından yerinə yetirilməyib. Bu zaman 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasından sonra qətnamələrin niyə yerinə yetirilmədiyi məsələsi açıq qalır.

Halbuki vəziyyət tamam başqa cürdür. Yuxarıda qətnamələrin qəbul edildiyi tarixləri elə-belə yazmadım. Hamıya məlumdur ki, Azərbaycan o zaman dərin daxili kataklizmlər yaşayırdı. Bundan istifadə edən erməni silahlı qüvvələri də ciddi (bəzən hətta heç bir) müqavimətə rast gəlməyərək rayonları bir-bir işğal edirdilər. Lakin Kazimirovun məntiqinə görə yanan da bizik, yaman da.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münqaişəsi zamanı Rusiyanın ədalətsiz mövqeyinə dair xeyli dəlillər gətirmək mümkündür. Buraya siyasi-diplomatik kimi, hərbi addımları da göstərmək olar. Lakin hamıya məlum olan faktlarla oxucuları yormaq istəmirəm.Qayıdaq Lavrovun son açıqlamasına. Daha doğrusu Azərbaycan rəsmilərinin bu açıqlamaya reaksiyasına.

Heç kəsə sirr deyil ki, Azərbaycan iqtidarı Rusiya ilə bağlı məsələlərdə yumşaq desək, ürkək mövqe tutur. Moskvanın İrəvana hərbi yardımına, orada yeni hərbi sursatlar və avadanlıqlar yerləşdirməsinə rəsmi Bakıdan açıqlama almaq olduqca müşkül məsələyə çevrilib. Lakin son açıqlamaya münasibət lap biabırçı oldu.

Az-çox adekvat reaksiyanı Milli Məclisin deputatı Qənirə Paşayeva verdi. Lakin xanımın sıravi deputat və bitərəf olduğunu nəzərə alsaq, bu açıqlamanı nə hakimiyyət, nə də hakim partiyanın mövqeyi kimi qiymətləndirmək mümkün deyil.

Milli Məclisin sədr müavini Bahar Muradovanın açıqlaması isə "Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir" iddiası ilə başlayır. Daha sonra isə xanım Muradova şəxsi fikirlərini söyləməyərək xarici işlər naziri Elmar Məmmədyarovun cavabına istinad edir.

Hərçənd, Məmmədyarovun cavabında da xüsusi öyünəcək bir şey yoxdur. Cənab nazir Azərbaycanın Qarabağ üzərindəki suverenliyini əsaslandırmaq üçün yenə 1993-cü ildə qəbul olunmuş qətnamələrə istinad edib. Bu zaman da heç olmasa "Lavrovla razı deyiləm" fikrini ifadə etməkdən çəkinib.

Rusiyanın paket həlli variantını dəstəkləməsi ilə bağlı sualdan isə Elmar Məmmədyarov, ümumiyyətlə, yayınıb. Nazir Dağlıq Qarabağ ermənilərinə muxtariyyət verilə biləcəyindən danışıb. Halbuki sualın mahiyyəti statusun özü deyil, onun verilməsi qaydası haqqında, Rusiyanın erməni tərəfinə sərf edən variantı dəstəkləməsində idi.

Müsahibəsinin sonunda isə nazir Rusiyaya komplimet deməyi də unutmayıb. O, əmin olduğunu vurğulayıb ki, Rusiya problemlə ciddi məşğul olsa status-kvo dəyişəcək, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq.

Elmar Məmmədyarovun Rusiya ilə bağlı bu nikbinliyinin nədən qaynaqlandığı söyləmək qeyri-mümkündür. Şimal qonşumuzun mövqeyinə baxanda onun Qarabağ məsələsi ilə ciddi məşğul olmamasını yalnız arzulamaq olar. Çünki belə fəaliyyətin Azərbaycanın öz ərazisində suverenliyini təmin edəcəyi ilə nəticələnəcəyini gözləmək sadəlövhlük olardı.

Bir çoxu iddia edə bilər ki, diplomatiya məhz belə olmalıdır. Təbii, diplomatlar bir çox hallarda yumşaq ibarələrdən, evfemizmlərdən istifadə edirlər. Lakin elə məsələlər var ki, orada daha konkret mövqe sərgiləmək qaçılmazdır. Ölkənin ərazi bütövlüyü və suverenlik bu sırada ilk yeri tutur. Sonucda bütün plastikliyi, ibarəbazlığı ilə bərabər diplomatiya ölkənin maraqlarını qorumağa xidmət edir.

Xüsusən də daim müstəqil daxili və xarici siyasət apardığı ilə öyünən, siyasi məhbuslar, insan haqları ilə bağlı Qərbdən gələn tənqidlərə kəskin reaksiya verib "heç kim bizim daxili işlərimizə qarışa bilməz" söyləyən iqtidar eyni mövqeni işğal olunmuş ərazilərimizlə bağlı məsələlərdə də göstərməlidir. Yoxsa çox kədərli mənzərə alınır, cənablar.

Meydan TV