Rüşvət almaqda təqsirləndirilən baş həkim azadlığa buraxıldı

Rüşvət almaqda təqsirləndirilən baş həkim azadlığa buraxıldı

24-07-2017 18:58 / Bu xəbər 1048 dəfə oxundu

Hər iki təqsirləndirilən şəxsə şərti cəza verildi

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstəxananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın məhkəməsi yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxsin barəsində şərti cəza təyin edilib. Həbsdə olan H. Həsənov azadlığa buraxılıb.

Rəsmi məlumatlarda bildirilib ki, Bakı şəhər sakinindən 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Onların hər ikisinə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunub. İstintaq və məhkəmə dövründə Şamçıyeva zamində olub və barəsində həbs qərarı çıxarılmayıb.