Rusiya-ABŞ münasibətləri donduruldu? - Supergüclərin əzələ nümayişi

Rusiya-ABŞ münasibətləri donduruldu? - Supergüclərin əzələ nümayişi

22-12-2016 19:30 / Bu xəbər 2223 dəfə oxundu

”Bu, əslində, son 2-3 il ərzində dünyada baş verən hadisələrin məntiqi davamıdır. Krımın Rusiya tərəfindən açıq şəkildə işğalından sonra Qərb və Rusiya arasında münasibətlər "soyuq müharibə” formasına keçdi”.

Bunu Toplum.Tv-yə politoloq Azər Qasımlı Rusiya ilə ABŞ arasındakı danışıqların dondurulmasına münasibət bildirərkən deyib.

Azər Qasımlının sözlərinə görə, Donald Tramp seçki ərəfəsindəki çıxışlarında Rusiya ilə münasibətlərini yaxşılaşdıracağını desə də, "soyuq müharibə”nin davam edəcəyi gözlənilir: "Həm Avropa ölkələri, həm ABŞ, o cümlədən də Yaponiya və Avstraliya kimi ölkələr Rusiyaya qarşı sanksiyalar elan etdilər. O zaman da deyilirdi ki, Rusiya ilə Qərb arasında soyuq müharibə başlayıb. Bir neçə gün əvvəl ABŞ Rusiya gəmilərinə sanksiya elan edib və viza məsələsində sanksiya tətbiq olunan  rusiyalı müəyyən şəxslərin siyahısı genişlənib. Görünən odur ki, yaxın zamanda  bu sanksiyalar qaldırılmayacaq və "soyuq müharibə” davam etdiriləcək. Kremlin sözçüsü Dimitri Peskovun Kremllə Vaşinqton arasında bütün səviyyələrdə danışıqlar dondurulması ilə bağlı açıqlaması boşuna deyil. Əslində, Rusiya tərəfi Trampın səlahiyyətini icra etməyə başlamasını gözləməli idi, Peskovun açıqlamasını tələsik verilmiş bəyanat kimi hesab edirəm. Trampın çıxışlarında Rusiyaya qarşı sanksiyaları ləğv etmək və münasibətləri yaxşılaşdırmaqla bağlı cəhdlər olacağını deməsinə baxmayaraq, Rusiya iqtidarının bu bəyanatı açıqlaması Trampın prezidentlik səlahiyyətlərini təhvil aldıqdan sonra da Amerikanın Rusiyaya münasibətinin dəyişməyəcəyini görməsi ilə bağlıdır. Düşünürəm ki, yaxın bir il ərzində Rusiyaya qarşı sanksiyaların ləğv olunması və münasibətlərin yaxşılaşması gözlənilən deyil”.

Politoloq Fikrət Sadıqov Rusiya ABŞ gərginliyini faktiki olaraq uzun müddət çəkən geosiyasi qarşıdurmanın nəticəsi kimi dəyərləndirib: ”Rusiyaya Ukrayna və Suriya ilə bağlı Qərb ölkələri və ABŞ sanksiyalar tətbiq edib və Suriyada baş verən hadisələr bu ABŞ-Rusiya münasibətlərini daha da gərginləşdirib. İki ölkə Hələbin azad olunması ilə bağlı qarşılıqlı ittihamlar və iradlar irəli sürürlər. Yanvarda Ağ Evə yeni prezident - Tramp gəlir və onun Rusiyaya qarşı siyasi mövqeyi, prioritetləri hazırki adminstrasiyadan fərqlidir. Tramp seçki ərəfəsində bəyan etmişdi ki, Rusiya dövlət kimi inkar olunmamalı, terrora qarşı Rusiyayla birgə əməliyyatlar aparılmalıdır. Düşünürəm ki, bu, rəsmi Vaşinqtonun Rusiyaya münasibətinin müəyyən mənada dəyişilməsi deməkdir. Ona görə də bu gərginlik, xüsusilə də, danışıqların dondurulması uzun müddət davam etməyəcək.  Donald Trampın bəyanatlarına inansaq, yanvardan sonra Rusiya-ABŞ münasibətlərində yeni mənzərə nəzərə çarpacaq”.

Politoloq Fərhad Mehdiyev isə məsələyə münasibət bildirərkən ABŞ-ın bütün əməliyyatlarının Rusiyaya qarşı yönəldiyini vurğulayıb: ”Qeyd etməliyəm ki, "Soyuq müharibə”nin başlanğıcı Krımın işğalı hesab olunur. Pribaltikaya, Şərqi Avropa ölkələrinə Amerika ordularının yerləşdirilməyə başlanıb. Keçmiş günlərdə Rusiya kosmosa hərbi raket göndərdi. Əslində, Rusiya raketi peykləri dağıtmaq və ABŞ-a güc nümayiş etdirmək üçün göndərib. Kosmosun hərbi məsələlərdə istifadə olunması müxtəlif konvensiyalarda qadağan olunub. Çıxan xəbərlərə görə, bütün danışıqlar dondurulub. Lakin Trampın prezident kürsüsünə keçməsindən sonra Rusiya ilə münasibətlərin ciddi şəkildə gərginləşəcəyini hesab etmirəm. Tramp hər nə qədər barış siqnalı versə də, ölkənin xarici siyasətini senat müəyyənləşdirir və senatın Rusiyaya güzəştə gedəcəyini düşünmürəm”.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitry Peskov «Mir TV»yə müsahibəsində Kremllə Vaşinqton arasında bütün səviyyələrdə danışıqlar dondurulduğunu deyib. Peskovun sözlərinə görə, tərəflər ya heç danışmır, ya da minimal danışıqlar aparırlar və münasibətlər yeni prezident Donald Tramp iş başına keçən kimi düzələsi deyil. D.Peskov buna iki məsələnin — NATO-nun genişlənməsinin və Rusiyaya qarşı sanksiyaların səbəb olduğunu söyləyib. Rusiya prezidenti Vladimir Putin də dekabrın 21-də sanksiyalar haqda danışıb, onların ölkələri cəbhələrə ayırdığını, ümumi bəlaya- terrora qarşı cəhdləri birləşdirməyə imkan vermədiyini deyib.

Ofelya Ramilqızı