"Rusiya-Azərbaycan münasibətlərində gərginlik yoxdur" - Ziyafət Əsgərov

14-06-2017 14:08 / Bu xəbər 1027 dəfə oxundu

"Rusiya-Azərbaycan münasibətlərində gərginlik barədə deyilənlərlə razılaşmıram, münasibətlərimizdə heç bir problem yoxdur".

Bunu APA-ya açıqlamasında Milli Məclisin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov qeyd edib ki, Rusiya tərəfdən də Azərbaycana qarşı heç bir gərginlik yaradılmır.

"Rusiya ilə münasibətlərimiz strateji əməkdaşlıq fonunda inkişaf edir, hesab edirəm ki, bu, gələcəkdə də belə olacaq", - deyə o vurğulayıb.

Bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Budan sonra Azərbaycan parlamentində Rusiya əleyhinə bəzi fikirlər səslənmişdi.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin dəstəyi ilə yaradılıb.

Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatı sayılırdı. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var idi.