Rusiya-Azərbaycan siyasəti: ortaq və fərqli cəhətlər

Rusiya-Azərbaycan siyasəti: ortaq və fərqli cəhətlər

14-06-2017 15:16 / Bu xəbər 1539 dəfə oxundu

Bəhruz Səmədov

Rusiya ilə Azərbaycanın siyasət sahəsində ortaq və fərqli cəhətləri çoxdur. 

Ortaq cəhətlər 

Müasir Rusiyada və Azərbaycanda:

1. Müxalif siyasi diskurs TV-lərdən çıxarılıb, ona yer verilmir, əvəzində eyni düşüncəli insanlar toplanıb, eyni fikirləri insanlara yeritməyə çalışırlar. TV-lərdə üstünlük şou xarakterli verilişlərə verilir, müstəqil siyasi analitika yox səviyyəsindədir. 

2. Biz və onlar qarşıdurması: "Zahiri düşmənlər", yəni ABŞ, Qərb və onların satellitləri (Şərqi Avropa ölkələri, Ukrayna). "Daxili düşmənlər", yəni yerli "yeni müxalifət" Rusiyada olan stabilliyə qarşı, Ermənistan, onların "havadarları", Qərbin sponsorluq etdiyi yerli müxalifət Azərbaycanda olan stabilliyə qarşı və s.

3. Tarixi narrativ: 90-cı illərdə olan demokratik açılım vs müasir dövrdə olan sakitçilik və stabillik.

4. Sosiumda hakim diskursların yaydığı absurd fikirlər: siyasət çirkin bir şeydir, ora qarışmaq olmaz, gənclik tələb edə bilməz, çünki yetərincə həyat bilgisinə sahib deyil. Hər iki dövlərdə bu absurd fikir yetərincə yayılır. Navalnının son mitinqlərində gənclərin iştirak etməsinə "siyasi pedofiliya" adı verilmişdi. 

5. Hər iki ölkədə internet saytlara giriş məhdudlaşdırılır. Rusiyada resursların çoxluğu, təbii ki, Roskomnadzor kimi repressiv strukturun qurulmasına gətirib çıxardı. Bunun səbəbi isə müxalif diskursun tam olaraq internet üzərindən işləməsidir. Azərbaycanda olan rejim daha totalitar olduğundan, bütün oxunan müstəqil KİV-ləri blok etməyə hazırdır. Rusiyada bu daha çətindir, ancaq bu yöndə müəyyən addımlar atılır, məsələn, məhkəmənin Navalnının çəkdiyi videoların (Medvedevi ifşa etdiyi) silinməsi tələbi kimi.

6. Mövcud iri siyasi partiyaların sıradan çıxarılması. Rusiyada fəaliyyət göstərən ənənəvi müxalifət tam olaraq hakimiyyəti dəstəkləyir. Azərbaycanda da partiyalar, bir-iki istisna olmaqla, sıradan çıxarılıb. 

7. Məktəb və universitetlərdə beyin yuma. Bu baxımdan Rusiya gecikib, Azərbaycanda məktəb və universitetlərin siyasi təbliğatda istifadəsi artıq 20 ilə yaxındır ki, davam edir.
 
8. Mitinq iştirakçılarına qarşı güc strukturlarının qəddarlığı. Bu bənddə də Rusiya gecikib - bu praktika ancaq 2011-ci ildə Bolotnı mitinqlərindən sonra normal hal aldı. Ötən günlərdə Navalnının həbsi, mitinq iştirakçılarının tutulması artıq heç kimə qəribə gəlmir. 2000-ci illərdə bu cür şeylər mümkün deyildi.


Fərqli cəhətlər

Rusiyada: 

1. İnternet KİV-lərinin yeni media mexanizmlərindən geniş istifadəsi. Telegram kanalları, sarkazmlı "mem"lər (Azərbaycan mühitində "caps" mədəniyyəti formalaşsa da, bu praktikalar ciddi hesab edilmir). 

2. Blogerlər. Azərbaycandan fərqli olaraq, Rusiyada fəaliyyət göstərən onlarla məşhur bloger tənqidi çıxışlar edirlər, hədəf kütlələri olan gənclik isə "yeni müxalifət" düşüncəsini mənimsəyir və hakimiyyətə qarşı tənqidi mövqe tutur. 

3. Kreativ müxalifət. Əllərində daha çox resurs olduğundan, müxalifətin öndə gedənləri daha çox yeni medialardan istifadə edə bilirlər və özləri də bloggerlər kimi çıxış edirlər, öz sözlərində Rusiya (o cümlərdən internetin fəal istifadəçilərinin anlacağı runet folkloru) mədənniyətinin daşıyıcılarının anlayacağı iti zarafatlar, sarkazm. Müxalifətin marginallaşması kimi qəbul edilmə bilər, ancaq məhz bu sözlər gənclərə yol tapır. 

4. Hakim siyasi diskursun legitimləşməsi üçün Rusiya tarixinə müraciət, məsələn, 9 yanvar 1905-ci ildə "qanlı bazar" günü kimi tarixə düşmüş gündə etirazçı fəhlələri güllələtmiş, Rusiyanı Birinci Dünya Müharibəsinə sövq etmiş çar II Nikolayın reabilitasiyası, müqəddəsləşdirilməsi, "itirilmiş böyük Rusiya Çarlığının" müasir Rusiya ilə bağlanması. Uzaq tarixi narrativlərdən istifadə edib, indiki hakimiyyətin legitim olması, Qərbin ənənəvi "düşmən" olması kimi miflərin ictimaiyyətdə yayılması. Azərbaycanda uzaq tarixi narrativə müraciəti daha çox müxalifət edir - M. Ə. Rəsulzadənin və ADR-in fəaliyyəti müxalifətin legitim olması mesajını çatdırır. 

5. Dinlərdən maksimal istifadə. Müasir Rusiya hakimiyyəti pravoslav rus kilsəsini siyasi alətə çevirib və bundan məharətlə istifadə edir. İnsanları məhv etməyə qadir silahlar müqəddəs su ilə yuyulur, kilsə xadimləri Putin üçün dua edir və xalqı onu dəstəkləməyə səsləyir. Həm Rusiyada, həm Azərbaycanda dinlərin birgə mövcudluğu mövcud hakimiyyətin möhkəmləndirilməsi üçün istifadə edilir, amma Rusiyada bu daha ideolojik olaraq tanımlanır. "Rusiya - Üçüncü Roma", xristianlığın və əxlaqın sonuncu qalası mifləri aktuallaşdırılır. İslam dini ilə bu cür "oyunların" təhlükəli ola biləcəyi üçün, Azərbaycanda bu praktika tam olaraq həyata keçirilmir və hakimiyyət din xadimləri ilə distansiyanı qoruyur.