"Rusiya bu tranzit xətlərdən təzyiq vasitəsi kimi istifadə edə bilər" - Natiq Cəfərli

15-05-2019 12:49 / Bu xəbər 1060 dəfə oxundu

"Xəzər dənizindəki limanları inkişaf etdirdikdən sonra Xəzər dənizi ilə Qara dənizi modernləşdirilmiş dəmir yolu və avtomobil yolları ilə birləşdirmək lazımdır”.

"Report”un xəbərinə görə, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov deyib.

"Belə alınır ki, yüklər Xəzər dənizindən birbaşa yollarla Qara dənizə, Novorossiysk, Krım və digər limanlara gedəcək. Bax orada iqtisadiyyatın inkişafı üçün daha bir imkan yaranır. Təbii ki, bu, tranzit potensialıdır, amma eyni zamanda siyasi məqamdır. Ona görə də bu ideyanı həyata keçirmək üçün səylərimizə davam edəcəyik", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan tranzit potensialını aktiv şəkildə inkişaf etdirir, Xəzər dənizi və Qara dəniz vasitəsilə kommunikasiya axınları yaradır.
 
İqtisadçı Natiq Cəfərli Toplum Tv-yə deyib ki, bu ideyanın həyata keçirilməsi üçün çox maddi vəsait lazımıdır: "Hələlik bu fikir ideya olaraq qalır və  çox yaxşı layihədir. Hazırda Xəzər dənizindən Mahaçqala və Həştərxan limanları vasitəsilə sərnişin və yük daşıması mümkündür. Lakin bu yollardan yük danışma çox zaman alır. Sözügedən layihənin həyata keçirilməsi  üçün çox vəsait lazımdır. Düşünürəm ki, Rusiyanın hazırkı vəziyyətdə belə böyük və bahalı layihənin həyata keçirilməsinə gücü çatmaz. Amma bu layihə həyata keçirilsə, təbii ki, Azərbaycanın ticarət və ixracat potensialına müsbət təsir edəcək”.

Natiq Cəfərli
 
İqtisadçı bu layihənin həyata keçiriləcəyi təqdirdə müəyyən təhlükələrin də baş verə biləcəyini qeyd edir: "Layihənin həyata keçirilməsində müəyyən təhlükələr də var. Belə ki, Rusiya bu tranzit xətlərdən təzyiq vasitəsi kimi də istifadə edə bilər. Buna görə də gələcəkdə bağalanacaq ticarət müqavilələrində diqqətli olmaz lazımdır”.

Lalə Tağızadə