Rusiya Ermənistana yenə silah verəcək

Rusiya Ermənistana yenə silah verəcək

23-05-2017 15:28 / Bu xəbər 1041 dəfə oxundu

Dimitri Şuqayev: ''Söhbət vertolyotlar, hava hücumlarından müdafiə vasitələri və zirehli texnikalardan gedir''

Rusiya 2017-ci ildə Ermənistana yeni silahlar verəcək.

Bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində həyata keçirilir.

Rusiya Federal hərbi-texniki əməkdaşlıq xidmətinin rəhbəri Dimitri Şuqayev "Sputnik" agentliyinə bildirib. 

O, hərbi vertolyotlar, hava hücumlarından müdafiə vasitələri və zirehli texnikaların veriləcəyini deyib. 
Dmitri Şuqayev
Dmitri Şuqayev

"Rusiya 2017-ci ildə imzalanmış müqavilələr çərçivəsində Ermənistan, Belarus və Qazaxıstana silah verilməsini davam etdirəcək. İlk növbədə, söhbət vertolyotlar, hava hücumlarından müdafiə vasitələri və zirehli texnikalardan gedir”,- deyə Şuqayev bildirib.

Siyasi icmalçı Zərdüşt Əlizadə Rusiyanın Ermənistan da daxil olmaqla KTMT üzvlərinə silah verməsini təbii sayır.

O, Meydan TV-yə deyib ki, Rusiya dövlətinin siyasi nəzəriyyəsi və siyasi kursu var: 

"Bu kursun mahiyyəti ondan ibarətdir ki, müttəfiq dövlətlərin ordusu rus silahıyla silahlansın və Rusiya ordusuna bağlansın. İkinci, silahları ucuz qiymətə satır ki, bu dövlətlər almağa razı olsunlar. Üçüncü, pulu olmayan ölkələrə isə pulsuz verir, çünki o silah onsuz da istehsal olunur və yeni deyil. Bütün bu siyasətin əsasında KTMT üzvü olan dövlətlərin Rusiyayla bir cərgədə olması təmin edilməsi dayanır”.
Zərdüşt Əlizadə foto sosial şəbəkə
Zərdüşt Əlizadə foto sosial şəbəkə

Z.Əlizadənin sözlərinə görə, Azərbaycan bu məsələdə ən az yada düşən ölkədir: 

"Əgər rəsmi Bakı silah almaq istəyirsə, zəhmət çəkib ödəniş edib alsın. Rusiya deyir ki, Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın da haqq işini tanıyırıq. Siz döyüşün və bizə təzim edin. Kremlin on illərdir siyasəti bundan ibarət olub".    

1992-ci ilin 15 mayında Moskvanın təşəbbüsü ilə yaradılan  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.