Rusiya hakimiyyəti BBC-nin fəaliyyətini araşdırır

Rusiya hakimiyyəti BBC-nin fəaliyyətini araşdırır

11-01-2019 10:27 / Bu xəbər 1293 dəfə oxundu

Rusiyanın dövlət media nəzarətçisi – Roskomnadzor bildirir ki, Britaniyanın BBC teleradio yayımçısının Rusiya qanunlarına uyğunluğu məsələsini araşdırır.

"Azadlıq Radiosu"nun xəbərinə görə, Roskomnadzor BBC-nin İslam ekstremizmini təbliğ etməsinə dair iddiaları təhqiq edir.

Roskomnadzorun 10 yanvar tarixli bəyanatında deyilir ki, BBC-nin internet saytlarının Rusiya qanunlarına uyğunluğu məsələsinə baxılır. Buna səbəb guya bu saytlarda "Abu Bakr al-Baghdadi-yə bağlı terrorçu qruplaşmanın ideoloji prinsiplərinin açıqlanmasına yol verilməsidir”.

Abu Bakr al-Baghdadi özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmanın lideridir.

Ötən ay Roskomnadzor bildirmişdi ki, BBC World News kanalının Rusiyadakı fəaliyyətinin və onun internet saytlarının araşdırılmasına başlayıb.

Bu bəyanatdan bir gün əvvəl Britaniyanın media gözətçisi Ofcom bildirmişdi ki, Rusiya dövləti tərəfindən maliyyələşdirilən RT telekanalına qarşı sanksiyaların qoyulması məsələsinə baxır. Ofcom RT-ni bu ilin əvvəllərində efirə verilmiş yeddi proqramda tərəfsizlik prinsiplərinin pozulmasında ittiham edir.

Ofcom RT-nin tərəfsizlik prinsiplərini pozması və efirə "mahiyyətcə çaşdırıcı materiallar verməsi” barədə iddialarını 2012-ci ildən bəri səsləndirir.