Rusiya siyasəti - coğrafi şərtlər: dənizlər, dağlar və... - Erkin Qədirli yazır

Rusiya siyasəti - coğrafi şərtlər: dənizlər, dağlar və... - Erkin Qədirli yazır

07-05-2017 14:15 / Bu xəbər 5065 dəfə oxundu

Erkin Qədirli 

I yazı 

Rusiyayla bağlı mənə verilmiş çoxsaylı sualları qruplara bölüb ümumiləşdirilmiş şəkildə cavablandırmağa başlayıram. Bu gündən (toplanmış sualları cavablandırmağı bitirənədək) hər gün Rusiyayla bağlı yazılarımı oxuya bilərsiniz. 

Cavablar geniş olduğundan, onları da qruplara bölürəm. Hər qrupun içində də hissələr ola bilər. Yazılar uzun olsa da, əslində, mövzunun böyüklüyünü nəzərə alsaq, verilən izahlar çox qısadır.

Birinci qrup Rusiyanın coğrafiyası və rusların yer duyumuyla bağlıdır. Əslində, bildiyiniz şeylərdir, sadəcə, onları ağlımda tutduğum kontekstə uyğun yazıram. Rusiyanın (eləcə də hər hansı başqa bir ölkənin) siyasətini anlamaq üçün, onun durumunu (statik və dinamik şərtlərini) bilmək gərəkdir. Odur ki, coğrafiyadan başlamağa qərar verdim.

1. Rusiyanın coğrafiyası və Rusların yer duyumu - çaylar və dənizlər.

Rusiyanın, bildiyiniz kimi, çox böyük ərazisi var. İlk baxışdan üstünlük kimi görünür və bu, şübhəsiz ki, belədir. Bununla belə, Rusiya ərazisinin böyüklüyü həm də problemdir. Coğrafiyayla demoqrafiya arasında gərginlik öz yerində (Ural dağlarından o yana kvadrat kilometrəyə düşən əhali sayı çox azdır), problem həm də həmin ərazidə yerləşən resurslardan, onların bolluğuna baxmayaraq, yararlanma çətinliyindədir. Söhbət bir tək yerin altında olan resurslardan getmir. Yerin üstündəki resursların da öz çətinlikləri var. Bunun üstünə nəqliyyat problemlərini də gələndə, sözü gedən resursların iqtisadi faydası böyük ola bilmir. Bu, öz növbəsində, Rusiyanın iqtisadi inkişafı qarşısında duran təməl problemlərdən biridir.

Rusiya torpaqlarının böyük hissəsi (Ural dağlarından o yana) kənd təsərrüfatı üçün yararsızdır - daim donmuş durumdadır (Rusların özləri buna "вечная мерзлота" deyir). Elə həmin səbəb torpaqların altından çıxarılan resursların, onlara çəkilən xərclər baxımından, iqtisadi faydasını xeyli azaldır.

Rusiyanın böyük çayları var, amma onlar: 

1) ilin təxminən 6 ayı buz altında olur; 
2) bir-birilə bağlı deyil (bir-birnə qovuşmur);
3) aralarındakı məsafə böyükdür; 
4) qolları azdır; 
5) toplam su həcminin 85%-i Arktik və Sakit okeanlarına tökülür (həmin ərazilərdə isə əhalinin sayı çox azdır - yerdə qalan 15%- isə Rusiya əhalisinin böyük hissəsinin yaşadığı torpaqların payına düşür ki, bu da çox böyük disproporsiya yaradır); 
6) 60%-i hər il daşır və böyük torpaq sahələrini bir neçə aylıq su altında qoyur (yararsız hala gətirir), yolları və körpüləri dağıdır və s.; 
7) ən böyük olanları Cənubdan Şimala doğru axır (Qərbdən Şərqə, ya da Şərqdən Qərbə axan böyük çayların olmaması Rusiyanın əhali sıxlığı çox böyük olan yerlərin su və nəqliyyat problemlərinin həllinə ciddi əngəl yaradır, xərcləri çoxaldır, itkilərə və yeyintilərə səbəb olur). 
Sonuncu problemin önəmi o dərəcədə böyükdür ki, Sovet hökuməti (özəlliklə Stalin'in dönəmində) çayların istiqamətini dəyişməyi düşünürdü, hazırlanmış planlar da vardı, amma baş tutası iş olmadığına görə, etmədilər.

Rusiya çaylarıyla yuxarıda yazdığım problemlərin nəticələri:

1) su nəqliyyatı inkişaf edə bilmədi; 
2) çayların sahillərində yerləşən şəhərlərin arasında ticarət əlaqələri genişlənmədi (ABŞ'ın iqtisadi və siyasi tarixində Mississippi Çayının oynadığı rolla müqayisə edin); 
3) şəhərlərin iqtisadi imkanları artmadığına görə, onlarda özünü-idarəetmə mədəniyyəti yarana bilmədi, ölkənin siyasi mərkəzindən asanlıqla asılı duruma düşdülər (Şimali Avropadakı çayqırağı şəhərlərin tarixilə müqayisə edin - örnəyi, Orta Çağlarda həmin şəhərləri birləşdirən Hanza Birliyi indiki Avropa Birliyinin prototipi sayıla bilər); 
4) su nəqliyyatı inkişaf edə bilmədiyinə görə, yükdaşımalar quru üzərindən aparılmalı oldu ki, bunun da nəticəsində nəqliyyat xərcləri hər zaman yüksək oldu, daşınan yükün yolda itmə, oğurlanma, sınma və başqa cür yararsız hala gəlmə ehtimalı böyük qaldı; 
5) yükdaşımalarda iqtisadi itkilər ehtimalının böyüklüyü zamanında sığorta bazarının yaranmasına və inkişafına mane oldu (müqayisə üçün, Qərbdə çağdaş sığorta bazarının tarixi su nəqliyyatından başlamışdı).

Rusiyanın çox uzun (dünyada ən böyük) dəniz sahil zolağı var. Bununla belə, çaylarda olduğu kimi, Rusiya dənizlərinin əksəriyyəti təxminən 6 ay buz altında qalır. Bunun nəticəsində, yenə də, çaylarda olduğu kimi, dəniz üzərindən yükdaşımalar böyük problemə çevrilir. Düşünün, Murmansk'dan Vladivostok'a qədər dəniz yoluyla məsafə təxminən 10,000 kilometrədir, amma bu yolda heç bir önəmli liman yoxdur. Necə olsun ki, həmin dəniz yolu ilin böyük hissəsi ərzində buz altında qalır. Oralara yaxın torpaqlarda, demək olar, yaşayan da yoxdur ki, iri şəhər tikməyə gərək olsun.

Su nəqliyyatının tarixdə rolu çox böyükdür. Bu günün özündə belə bu rol nəinki azalmır, əksinə, artır. Örnəyi, sıxılmış qaz texnologiyalarının inkişafı ənənəvi boru nəqliyyatının önəmini azaldır, belə qazın dəniz üzərindən daşınma imkanlarını genişləndirir. Su nəqliyyatı, başqa nəqliyyatlardan fərqli olaraq, ucuz başa gəlir və ticarətin iqtisadi faydasını, onunla birlikdə isə siyasi fürsətləri artırır. Çin və Yaponiya hərbi dəniz donanmalarını yenidən inkişaf etdirməyə havaydan girişməyiblər.

Ruslar da bunu anlayır, ona görə də dənizlərə çıxış onlar üçün çox önəmli məqsəd olubdur. Rusların "isti (yəni, donmayan) dənizi" yoxdur. Onlar hər zaman belə dənizlərə çıxmaq istəyiblər. Onlara ən yaxın olan Baltik və Qara dənizlərdə sahil zolağı əldə etmək və onu saxlamaq - Rusiyanın hər zamanlar üçün böyük strateji hədəfi olub. 18-ci yüzillikdə onlar bu hədəfə nail ola bildilər. Problemləri həll olundumu? Çox az bir qismi.

Məsələ ondadır ki, Baltik və Qara dənizləri, okeanla bağlı olsalar da, onların okeana birbaşa çıxışı yoxdur. Qara Dənizdə Rusiya bugün də Türkiyədən asılıdır (ona görə Çar dönəmində də, Stalin dönəmində də, Rusiya boğazları ələ keçirmək istəyib). 
Baltik Dənizindən də okeana strateji çıxış Rusiya üçün əngəllidir, çünki ABŞ, SSRİ dönəmində, Norveçi və Danimarkanı NATO-nun içinə almaqla, Rusiyanın okeana strateji çıxışını əngəlləyə bilirdi. İndi isə bu əngəl Fin Körfəzindən başlayır - Litva, Latviya və Estoniya NATO-nun üzvləri olduğuna görə.

Qara Dənizdə başqa problem də var. Rusiyanın Qara Dənizə öz çıxışı vardı, niyə Kırımı aldı? Çünki Rusiyanın Qara Dənizdə olan öz sahil zolağı çox dayazdır, orada hərbi liman tikmək mümkün deyil. Krımda yerləşən Sevastopol şəhəri hərbi liman üçün yeganə yararlı yerdir. Rusiya o yeri itirmək (NATO-nun əlinə keçməsini istəmədiyinə) görə Krıma girdi, onu Ukraynadan aldı. Eləcə də Abxaziya. Oralar Rusiyanın nəyinə gərəkdir? Eyni məsələdir - Abxaziyanın sahil zolağı, orada hərbi liman tikmək üçün yetərincə dərindir. Gürcüstanın NATO-ya doğru getdiyini bilən Rusiya, həmin sahil zolağının NATO'nun əlinə keçməsini əngəlləmək üçün Abxaziya'nı Gürcüstan'dan qopardı.

Xəzər - "isti dəniz"dir. Problem ondadır ki, Xəzər, əslində, dəniz deyil, göldür. Buna görə də onun üzərindən beynəlxalq ticarət imkanları çox məhdudur və bugün Xəzərə çıxışı olan 5 ölkədən başqa kimsəni cəlb etmir. 

Xəzərin Rusiya üçün strateji önəmi başqadır. Xəzər, "Türk coğrafiyası"nı böldüyünə (təbii əngəl yaratdığına) görə, daha böyük götürsək, Qərblə Şərqin arasında təbii arakəsmə olduğuna görə, Rusiya üçün Şimali və Cənubi Qafqazı nəzarətdə saxlamağın önəmi çox böyükdür. Eyni zamanda İranla bəlli strateji əməkdaşlığı qorumaq gərəkdir. ABŞ-ın "İntermarium" (dənizarası) təhlükəsizlik strategiyasını nəzərə alsaq, hansının ki, bir hissəsi (Baltik Dənizdən Qara Dənizədək olan hissəsi) tamamlanmaq üzrədir, növbəti hədəf Qara Dənizdən Xəzər Dənizinədək təhlükəsizlik zolağının yaradılması olacaq (Gürcüstan'da başlayıblar artıq, bizimlə də ehtiyatlı danışıqlar gedir). Rusiya da, İran da, bunu yaxşı bilirlər, ona görə də bölgəmizdə gərginliyin qalmasında, münaqişələrin həll olunmamasında maraqlıdırlar.
 
II yazı

Bu yazı da coğrafi şərtlər haqqındadır. Dünən yazdığım kimi, bəzi cavabların qrupu bir neçə alt-bölümdən ibarət olacaq. Hamısını bir və çox uzun cavaba yerləşdirməmək üçün, onları hissələrə bölürəm ki, oxumaq rahat olsun.

2. Rusiyanın coğrafiyası və Rusların yer duyumu: dağlar.

Rusiya coğrafiyasının daha bir problemi ondadır ki, o, bəyük bir düzdə yerləşir. Rusiyanın ərazisi tarixin bütün dönəmlərində hər tərəfdən hücumlara açıq olub. Gah türklər hücum edirdi, gah almanlar, gah polyaklar və litovlar, gah isveçlilər, gah fransızlar, sonra yenə almanlar. Hələ arada bir-birilərilə dəfələrlə savaşıblar, - bir sözlə, Rusiya tarixinin önəmli hissəsi savaşlarda keçib. Rusiyanın ərazisi hücum olunmaq üçün o dərəcədə rahatdır ki, Bolşevik İnqilabından sonra, Ağ Hərəkatının başlatdığı savaş zamanı, Çexlərin bir korpusu Rusiyanın bütün ərazisini savaşa-savaşa keçə bilmişdi (Vladivostoka qədər getmişdi, oradan da Amerikan gəmilərinə minib getdilər).

Rusiyaya hücum etmək asandır, amma hücum edib nə qazanacaqsan? Ərazi, insan və başqa resursların böyüklüyü və çoxluğu Rusiya üzərində yekun qələbəni mümkünsüz edib. Bunun də üzərinə yaxşı yolların olmamasını, şəhərlərin arasında böyük məsafələri, sərt iqlimi və Rusların çox çətin şəraitlərə və böyük itkilərə yüksək dözümünü (buna İngilscə "cost tolerance" deyirlər) gələndə Rusiyanın nədən bütün böyük savaşlardan sonunda qalib çıxa bildiyini anlamaq çətin deyil.

Savaşlardan qalib çıxa biləcəyinə əminlik nə qədər yüksək olsa da, savaşların olmamasına nail olmaq, hücumlardan sığortalana bilmək, heç şübhəsiz, daha yaxşıdır. Bunun üçün yalnız yaxşı diplomatik əlaqələr və faydalı ticarət yetərli deyil.

Rusiyanın böyük düzdə yerləşməsi onu, müdafiə strategiyası baxımından, təbii arakəsmələri ələ keçirməyə sövq edirdi. Təbii arakəsmələrin ən yaxşısı dağlardır. Rusiyaının öz dağları olmayıb. Ona görə də Ruslar ərazilərini dağlarla əhatə etmək istəyiblər. İlk öncə Ural dağlarını ələ keçirdilər. Amma Ural'dan o yana Rusiyaya qarşı mütəşəkkil müqavimət göstərə biləsi kimsə olmadığına görə, Ruslar asanlıqla Sakit Okeanına qədər gedib çıxa bildilər. Şərqdə təhlükəsizlik yarandı. Cənub istiqamətində üç böyük dağ silsiləsi vardı - Karpat, Qafqaz və Pamir. Ruslar bu dağlara çıxmaq üçün bir neçə yüz il (İkinci Dünya Savaşının sonuna qədər) savaşmalı oldular. Qalırdı qərb istəqaməti.

Qərbdə Rusların dirənə biləcəyi dağ olmayıb. Ümumiyyətlə, xəritəyə baxsanız, Ural dağlarından Atlantik Okeanına qədər (Cənuba düşməsəniz) heç bir dağ silsiləsi yoxdur - Böyük Avropa Düzü var. Bu düzün üzərindən, belədən-belə o qədər hücum olub ki. Rusiya kimi, Almaniya da bu hücumlara məruz qalırdı. Yeri gəlmişkən, Almanların durumu daha təhlükəli idi. Onlarda vahid dövlət quruculuğu həm də bu səbəbdən çox uzandı və yalnız 1871-ci ildə yekunlaşa bildi.

Dağların və dənizlərin önəmi böyükdür. Ona görə ada dövlətləri (örnəyi, İngiltərə, Yaponiya) tələsmədən, qurudan təhlükə gözləmədən və buna görə də orduya çox pul xərcləmədən, inkişaf edə bilirdi. Dağlar da öz yerində. Kimin dağları vardısa, sabit qonşuluq qura bilirdi. Örnəyi, Fransa və İspaniya arasında Pireney dağları olduğundan, bu iki dövlətin arasında çox nadir hallarda savaş çıxa bilirdi. Onlar, bir-birinə gerçək təhlükə yaratmadan güclü mərkəzi dövlət qura bildilər (o biri tərəfdən də dənizlə əhatə olunurdular) və donanmaları hesabına başqa qitələrdə torpaq tutmağa girişdilər. İsveçrə'nin də rahatlığı dağlara bağlı olub hər zaman. Osmanlı və Səfəvi dövlətləri arasında savaşlar yekunda həm də dağlara görə dayandı. Yoxsa, bilmək olmaz, bir-birini məhv edənə qədər savaşa bilərdilər. Dağlar strateji yerdir. Burada haşiyə bitdi, qayıdaq Rusiya'ya.

Beləliklə, qərbdən Rusiyanı qoruyabiləcək dağlar olmayıb. Ormanlar və bataqlıqlar olub, amma onların yanından keçmək olurdu. Böyük çay da olmayıb ki, keçilməsi çətin olan təbii sərhəd rolunu oynaya bilsin. Rusiya üçün, hücuma məruz qalmaq baxımından, ən təhlükəli istiqamət qərb olub hər zaman. Rusların Qərblə bağlı dünyagörüşü heç də yalnız ideoloji deyil. Əslində, ideologiya sonradan düşünülüb. Fakt odur ki, ruslar hər zaman Qərbdən təhlükə gözləyib və bu, bugün də davam edir. Bunun, başqa şərtlərə yanaşı, yuxarıda izah etməyə çalışdığım coğrafi şərtləri olub (bugün də var). Məhz coğrafi şərtlərə görə Rusiya Qərblə özünün mərkəzi torpaqları arasında təhlükəsizlik zolağı yaratmaq istəyib həmişə. Gücü çatanda və tarixi şərtlər imkan verəndə, qonşu ölkələri işğal edirdi (örnəyi, Şərqi Avropanı). Bunu Çar Rusiyası da edirdi, Sovet Rusiyası da. Çünki ideoloji məsələ deyil, coğrafi səbəbləri var, rusların yer duyumuna bağlıdır.

SSRİ dağılandan sonra Rusiya'nın Qərbdən gələ biləcək təhlükə duyumu daha da gücləndi. Düşünün, Moskvadan Rusiyanın Belarusla sərhəddinə qədər olan məsafə 250 kilometrədir. Müqayisə üçün Bakıdan Şəkiyə olan məsafə 290 kilometrədir. Rusiyanın Lukaşenkodan xoşu gəlməyə bilər (əslində, Lukaşenko Rusiyanı boğaza yığıb - pulunu alır, borcunu qaytarmır, qazını və neftini havaydan istifadə edir, hərdən Rusiyanı ələ salır, hərdən ona hədə gəlir və s.), amma nə qədər ki Lukaşenko Qərbə doğru getmir, Rusiya ondan bərk yapışacaq. Çünki Belarusun Qərbə doğru getməsi, NATO qoşunlarının Moskvaya, Şəkidən Bakıya olan məsafədən də qısa məsafəyə qədər gəlməsilə nəticələnəcək. Rusiyanın Ukrayna'ya qarşı qəzəbi və təcavüzü də bununla bağlıdır. Kırım öz yerində, onu dünən izah etmişdim, Donetsk və Luhansk vilayətlərində separatizmi Rusiya məhz buna görə qışızdırır və müdafiə edir. Bu, bir tək Putinin siyasəti deyil. Rusiyaya çoxları belə düşünür. Hətta demokratik sayılan müxalifətin xeylisi buna etiraz etmir (haqq qazandıranları da az deyil).

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.