''Rusiya təşkilatlarının sənədləri yoxlanmalıdır''

''Rusiya təşkilatlarının sənədləri yoxlanmalıdır''

16-05-2017 17:39 / Bu xəbər 1185 dəfə oxundu

ÜAK-ın bağlanması parlamentdə narazılığa səbəb oldu

Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının Rusiya məhkəməsi tərəfindən ləğv edilməsi Azərbaycan Milli Məclisinin mayın 16-da keçirilən iclasında narazılığa səbəb olub.

YAP icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu qərarla Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilib.

O, bunu Rusiyada bəzi şəxslərin dövlət maraqlarından çox öz maraqlarını əsas götürmələri ilə əlaqələndirib. Bundan təəssüfləndiyini deyən deputat təcili tədbirlər görülməli olduğunu vurğulayıb.

"Azərbaycanda rusdilli məktəblər, bağçalar var. Amma Ermənistanda belə məktəblər yoxdur. Bununla belə Rusiyanın dövlət adamları gedib Qarabağ separatçıları ilə bir tədbirdə iştirak edirlər”.

Deputat vurğulayıb ki, beynəlxalq qüvvələr Rusiyaya görə Azərbaycanı dəfələrlə təzyiq qarşısında qoyublar: 

"Amma biz heç vaxt Rusiyanın mənafeyinə zidd olacaq heç nə etməmişik. Azərbaycan beynəlxalq təşkilatlarda Rusiya ilə bağlı məsələlərdə öz neytrallığını qoruyub saxlayıb. Bizim Milli Məclis bununla bağlı rəsmi mövqe ortaya qoymalıdır. Bu, nə deməkdir axı? Rusiya bütün işlərini başa çatdırıb, bircə qalmışdı Ümumrusiya Azərbaycan Konqresi? Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanın müvafiq orqanlarına rəsmi müraciət edəcəyəm ki, Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlayıb təqdim etsinlər”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan nəinki Rusiya ilə bağlı məsələlərdə neytral qalıb, əksinə, hər zaman bu dövlətin mövqeyini dəstəkləyib.

"Elə məsələ də burasındadır ki, bunu görmədilər”, – O.Əsədov deyib. 

"ÜAK-ın ləğvi ermənilərin Rusiya dövləti üzərində qələbəsidir” 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynli də bildirib ki, Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib, indi isə növbə Rusiyanındır:

"Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək”.

ÜAK-ın ləğvinin ermənilərin Rusiya dövləti üzərində qələbəsi kimi qiymətləndirən deputat Zahid Oruc bildirib ki, ağılla Rusiyanı dərk etmək mümkün deyil: "Mən başa düşmürəm ki, Rusiya ilə əməkdaşlıqdan kimlər narahatdır? Əminəm ki, qeydiyyat ləğvi məsələsi axıra kimi mümkün olmayacaq”. 

 "Zahid Oruc, bəlkə imkan verəsən danışaq?"

Vitse-spiker Bahar Muradova isə deyib ki, bu, ilk növbədə, Rusiyanın sərbəst toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir:

"Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə biz burada yaşayanlara qarşı adekvat münasibət göstəririk”.

B. Muradova həmkarlarına tövsiyə edib ki, bu məsələ ilə bağlı fantaziyalara söykənib çox dərinə getmək də düzgün deyil: "Çünki Rusiyanın daxili işidir və ilk növbədə, o, öz vətəndaşlarının təşkilatını ləğv edib. Amma təbii ki, bu, bizi narahat etməyə bilməz”.

Vitse-spikerin çıxışı zamanı Z. Orucun yerində danışması onun sərt təpkisinə səbəb olub: "Zahid Oruc, bəlkə imkan verəsən danışaq?"

B. Muradova deyib ki, Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa hörmət var: 

"Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara da belə münasibət göstərilsin. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illərdir iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu, onların politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə deyilir. Sonuncu addım isə Azərbaycana qarşı düşmənçilik mövqeyidir”.

"Rusiya yenə də Azərbaycanla təhdid dili ilə danışır”

Deputat Vahid Əhmədov bildirib ki, Rusiya faktiki olaraq Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir:

"Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır. Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.

 "Orduda ifşa olunmuş təxribatçı qrupun fəaliyyətində Rusiyanın rolu araşdırılmalıdır”

 Deputat Qüdrət Həsənquliyev isə Azərbaycan Silahlı Qüvvələri daxilində ifşa olunmuş təxribatçı qrupun fəaliyyətində Rusiyanın rolunun araşdırılması barədə məsələ qaldırıb.

O qeyd edib ki, bir qrup Azərbaycan hərbçisinin erməni kəşfiyyatına məlumat ötürməsi faktları ciddi araşdırılmalıdır:

 "Dövlət Təhlükəsizlik Xidməti bu məsələni diqqətdə saxlamalı, istintaqda iştirak etməlidir. Bu məsələdə Rusiyanın iştirakı məsələsi də öyrənilməli və araşdırılmalıdır. İndi təkcə Ermənistan hərbçiləri deyil, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır. Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əvvəllər olduğu kimi, bu dəfə də prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır”.

Onun sözlərinə görə, nə qədər ki, Rusiyanın yanında ermənilər var, çətin ki, Rusiyanın Azərbaycanla münasibətləri normal olsun. O, bütün bu məqamlara hazır olmağa çağırıb.

Mixail Zabelin: "Bir ay vaxtımız var” 

Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin Ümumrusiya Azərbaycan Konqresinin ləğvindən narahatlığını bildirib. O qeyd edib ki, Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara münasibətini yüksək qiymətləndirir: 

"Bizi Konqresin ləğvi qərarı narahat edir. Bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətlərini ifadə etdilər. Azərbaycan-Rusiya hökumətlərarası komissiyası bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır”. 

Oqtay Əsədov: "Məsələni Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcəm” 

Spikeri Oqtay Əsədov bildirib ki, ÜAK-ın ləğvi məsələsini Rusiya Dövlət Dumasının və Federasiya Şurasının sədri ilə müzakirə edəcək:

"Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.///meydan.tv