Rusiya və İran Transxəzər layihəsinə qarşı çıxıb

Rusiya və İran Transxəzər layihəsinə qarşı çıxıb

13-08-2019 18:05 / Bu xəbər 1128 dəfə oxundu

Avqustun 12-də Türkmənistanda Birinci Xəzər İqtisadi Forumu keçirilib. 

Forum Türkmənbaşı şəhəri yaxınlığındakı Avaza turizm zonasında baş tutub.

Konfransda Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovla yanaşı Rusiya, Azərbaycan və Qazaxıstan baş nazirləri, o cümlədən İranın Birinci vitse-prezidenti Eşaq Cahangiri iştirak edib.

Forumun gündəliyini ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması təşkil edib.

Ən çox müzakirə olunan məqam isə Transxəzər qaz kəmərinin taleyi ilə bağlı olub.

Transxəzər qaz kəməri təbii qazın Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirməsi nəzərdə tutulan layihədir. Layihədə Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə marşrutu ilə ildə 20-30 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur. 

Təbii qaz bu marşrut vasitəsilə Avropa bazarına çıxarılacaq. Layihənin dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilir. 

Forumda Rusiya və İran təmsilçiləri Xəzərin dibi ilə boru xəttinin tikintisinin əleyhinə çıxıb. Ölkə rəsmiləri səbəb kimi ekoloji məsələləri göstərib. 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, buna baxmayaraq Rusiya Qara dənizin və Şimali dənizinin dibi ilə bir neçə boru xətti tikib və bu xətlərlə müxtəlif ölkələrə qaz ixrac edir və ya etməyi planlaşdırır.
 
Elxan Şahinoğlu 

Politoloqa görə, bu boru xətti Azərbaycandan çox Türkmənistana lazımdır: "Ancaq forumda Türkmənistan təmsilçiləri Xəzərin dibi ilə boru xətti haqqında heç nə demədilər və Rusiya, İran nümayəndələrinin "tikmək olmaz” açıqlamalarına etiraz etmədilər. Halbuki Xəzərin statusunu müəyyənləşdirən Konvensiyaya görə Xəzərin dibi ilə boru xəttinin tikintisi sahil ölkələr arasında müəyyənləşdirilir”.
 
Xəzər konvensiyası 12 avqust 2018-ci ildə 20 ildən çox davam edən danışıqlardan sonra imzalanıb. 

Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin bölünməsi prinsipləri barədə razılığa gəliblər. 

Konvensiyadan əvvəl Xəzərin statusunun tənzimlənməməsi, Türkmənistan və Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasına mane olurdu. 

Konvensiyaya görə, ekoloji standartlar nəzərə alınmaqla bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcək. 

Elxan Şahinoğlu bildirib ki, Türkmənistan Azərbaycanla dənizin dibi ilə boru xətti tikməyə qərar versə, başqa sahil ölkələri buna mane olmamalıdırlar: "Əgər Türkmənistan həmin boru xəttinin tikintisinə maraq göstərmirsə, bu halda həmin boru xətti Azərbaycana da lazım deyil”.

Uğur Fərzəli
Toplum.Tv