Rusiyada jurnalist güllələnib

Rusiyada jurnalist güllələnib

26-05-2017 10:53 / Bu xəbər 1478 dəfə oxundu

Rusiyanın Krasnoyarsk diyarında yerli "Ton-M” qəzetinin baş redaktoru Dimitry Popkov qətlə yetirilib.

İnsident Minusinsk şəhərində baş verib.

Bu barədə mayın 25-də Rusiyanın TASS və İnterfaks agentlikləri məlumat yayıb.

İstintaq, peşə fəaliyyəti də daxil olmaqla azı 3 versiyaya baxır.

Əyalət istintaq komitəsindən verilən məlumata görə, qətl mayın 24-ü gecə saatlarında baş verib.

Popkovun cəsədi şəxsi evin həyətindəki hamamda aşkar edilib.

"19rus.info” agentliyinin məlumatına görə, Popkov 5 güllə yarası alıb.

Bundan əvvəl şəhər şurasının deputatı olarkən onun özünə qarşı cinayət işi qaldırılmışdı.

Popkov uşağı döyməkdə ittiham olunurdu.

Amma o, ittihamı rədd edirdi.

Məhkəmə onun təqsirli bilərək 300 saatlıq məcburi əməyə cəlb eləmiş, bir qədər sonra isə Popkov deputat mandatından məhrum edilmişdi.

Bundan sonra o, "Ton-M” qəzetini buraxmağa başlayır və qəzetdə gedən yazılar Minusinsk şəhərində ictimai rezonans doğurur.

O, müsahibələrindən birində yerli məmurları jurnalistlərə hədə-qorxu gəlməkdə günahlandırırdı.