Rusiyadan Lapşinlə bağlı yeni açıqlama

Rusiyadan Lapşinlə bağlı yeni açıqlama

15-02-2017 14:20 / Bu xəbər 1354 dəfə oxundu

Rusiya Xarici İşlər Nazirliyi bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə yenidən münasibət bildirib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Belarus tərəfinə Rusiya vətəndaşının üçüncü ölkəyə ekstradisiyasının yolverilməzliyi barədə mövqelərinin dəfələrlə çatdırılıdığını söyləyib.
 
"Nəzərinizə çatdırım ki, Aleksandr Lapşin həm Rusiya və həm də İsrail vətəndaşıdır. Rusiya səfirliyinin nümayəndələri fevralın 9-da təcridxanada Lapşinə baş çəkiblər. Rusiyalı diplomatlarla görüş zamanı Lapşin saxlanma şəraiti ilə bağlı heç bir şikayət etməyib. Səfirliyimiz Azərbaycanın hüquq-mühafizə orqanları ilə, Baş Prokurorluq, Azərbaycan XİN, o cümlədən İsrailin bu ölkədəki səfirliyi ilə daim təmasdadır. Səlahiyyətimiz çərçivəsində Rusiya vətəndaşının bütün hüquqlarını müdafiəsini təmin etmək üçün mümkün tədbirləri görür, məsələni nəzarətdə saxlayırıq. Hazırda Lapşinə yüksək ixtisaslı vəkil yardımı göstərilir. Qarşıda məhkəmə prosesi var. Mətbuatdan xahiş edirik ki, yoxlanılmamış məlumatları dərc etməsin. Biz bundan sonra da sizi məlum məsələ ilə bağlı məlumatlandıracağıq".
 
Qeyd edək  ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.