Rusiyanın "Yabloko" Partiyasından Mustafa Hacıbəyliyə dəstək

Rusiyanın

16-07-2018 19:50 / Bu xəbər 2980 dəfə oxundu

Rusiyanın "Yabloko" Partiyasından Müsavat Partiyasının Mətbuat departamentinin rəhbəri və "Bastainfo" saytının baş redaktoru Mustafa Hacıbəyliyə dəstək gəlib. 

"Yabloko" Partiyasının analitik mərkəzinin rəhbəri, politoloq Andrey Lazarev baş redaktorun istintaqa çağırılmasını qınayıb: "Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, dostum Mustafa Hacıbəyli hər gün Azərbaycanın Baş Prokurorluğuna, istintaqa çağırılır. Bu da onu göstərir ki, onun həbs olunma ehtimalı çox yüksəkdir". 

"İstintaqa çağırılmasının səbəbi odur ki, Mustafa Hacıbəyli Gəncədə icra başçısına yönəlik sui-qəsd, şübhəli şəxsin həbsi və sonradan baş verən spontan aksiyalarla bağlı başqa bir saytda dərc olunan analitik yazını istinadla öz saytında dərc edib. Ona Baş prokurorluqda vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, iğtişaşlara təhrik etmə (Cinayət Məcəlləsinin 313-cü. red) maddəsi ilə cinayət işi qaldırılıb", -  Lazarev bildirib. 

Onun sözlərinə görə, bu hal qeyri-demokratik ölkələr üçün təəccüblü deyil: "Öz internet resurslarında və ya sosial şəbəkələrdə başqa saytlardan məlkumatların yayılmasına görə həbslər Rusiya üçün də qeyri-adi hadisə deyil. Bu da təbiidir, çünki qeyri-demokratik dövlətlər ünvanlarına səslənən tənqidi fikirlərdən qorxurlar".

"Ümid edirəm ki, bu məsələ geniş əks-səda doğuracaq və Mustafa azadlıqda qalacaq", - partiya rəsmisi bildirib. 

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

Bir neçə sayta qarşı Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlandığı bildirilir.

"Bastainfo.az” saytının baş redaktoru Mustafa Hacıbəyli öz "Facebook” səhifəsində məlumat yayıb. İyulun 9 və 10-da Respublika Prokurorluğunda dindirilən jurnalistin sözlərinə görə, yenə də ifadə verməyə çağırılıb: "Dünəndən 3 dəfə prokurorluğa çağırılmışam. Dosye toplayırlar. Deyirlər, yenə çağıracağıq. Heç bir rəsmi qərar olmadan "Basta” saytına Azərbaycandan girişi bağladılar - blokladılar. Sayta yalnız TOR brauzerdən girmək olur”.

Mustafa Hacıbəylinin sözlərinə görə, prokurorluğun "Basta”ya qarşı bütün ittihamları əsassızdır: "Heç vaxt qanunu pozmadıq və qanunsuz çağırış etməmişik. Mənbə göstərmədən və yoxlamadan heç bir yazı dərc etməmişik. Bizə qarşı bu qərarlar və ittihamlar Azərbaycanda söz azadlığının boğulması istiqamətində atılan növbəti addımlardır”.

"Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəyli iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Sonradan onu Bakı Şəhər Prokurorluğuna dəvət ediblər.

Son bir neçə gündə baş redaktor 4  dəfədən artıq dindirilib.

Arqument.Az