Rusiyapərəstlərdən Avropayönlülərə

Rusiyapərəstlərdən Avropayönlülərə

15-04-2019 18:29 / Bu xəbər 1192 dəfə oxundu

Ötən 20 ildə (1999-2019) Ukrayna prezidentliyi postuna əsas namizədlərin proqramları necə dəyişib?

"UkraineWorld” son 20 ildə Ukraynada prezident seçkisinin gündəm dəyişikliklərini təhlil edib.

Hazırkı prezident seçkisi 1999-cu ildən bəri beşincidir. 20 il ərzində Ukrayna xalqının arzuları daxili və xarici siyasi proseslərə uyğun olaraq dəyişib.

Əlbəttə, prezident postuna namizədlər həmişə seçicilərin tələblərinə cavab verməyə çalışırlar. Bəs cəmiyyətdəki ovqatla namizədlərin proqramları arasında hansı uyğunluq var? 1999-cu ildən bəri onların əsas ideyaları necə dəyişib?

Biz 1999-2019-cu illərdə keçirilən prezident seçkilərindəki əsas namizədlərin proqramlarını təhlil etdik və bir sıra maraqlı tendensiyalarla üzləşdik.

1999-cu il: "islahatçı demokrat” Leonid Kuçma "kommunist” Pyotr Simonenkoya qarşı

1994-cü ildə dövlət başçısı seçilmiş Kuçmanın prezidentliyinin birinci dövrü uğurlara və demokratik dəyişikliklərə söykənirdi: Ukrayna Avropa Şurasının üzvü oldu; Ukrayna dili dövlət dili statusu aldı, milli valyuta – qrivna dövriyyəyə buraxıldı; Ukrayna Konstitusiyası qəbul edildi.

Amma 1999-cu ildə Kuçmaya dəstək verənlərin sayı çox az oldu: sosial və iqtisadi sahədə mənfi proseslər elektoratın prezidentə etimadını zədələdi. Sorğular göstərdi ki, ikinci turda Kuçma yalnız Simonenkoya qalib gələ bilər. Vyaçeslav Çernovilin faciəli ölümü, Aleksandr Morozun populyarlığının azalması və "Kanev dördlüyü” kimi tanınan müxalif namizədlər arasında baş verən ziddiyyətlər Kuçmanın ikinci tura çıxmasına səbəb oldu.

Kuçmanın uğursuzluqları (şaxtaçılara maaşların ödənməməsi və ölkənin şərqində bununla bağlı keçirilən tətillər, qrivnanın devalvasiyaya uğraması, ərzaq və benzinin bahalaşması) onu rəqibinin tənqid hədəfinə çevirdi. Simonenkonun proqramının ruhu SSRİ dövrünün xiffətini çəkən insanlara daha yaxın idi: "fəhlə sinfinin maraqları”, "yeni burjuaziyanı zənginləşdirmək”, "NATO dünya jandarmıdır”, "islahatçı kapitalistlərin əməllərinin ağır nəticələri”, "cəmiyyətin lümpenləşməsi” və s. Simonenko özəlləşdirməni dayandırmağı və maliyyə sahəsində dövlət tənzimlənməsini, habelə beynəlxalq iqtisadi münasibətlərdə dövlət monopoliyasını tətbiq etməyi vəd edirdi. O həmçinin rus dilini dövlət dili elan etmək istəyirdi.

Belə çağırışlar ukraynalı seçicilərin əksəriyyətinə yad idi. Nəticədə "demokrat” Kuçma səslərin 56,25%-ni yığaraq 37,80% səs toplamış "kommunist” Simonenkoya qalib gəldi. Amma daxili və xarici müşahidəçilərin əksəriyyətinə bəlli idi ki, Simonenko, sadəcə, Kuçma üçün asan yem olmuşdu. Simonenko Ukraynanı keçmiş kommunist dövrünə sürükləyən "düşmən” kimi təsvir edildi, bu isə Kuçmaya rəğbəti olmayan seçiciləri də səfərbər olub daha az "ziyankara” səs vermək zorunda qoydu. Bu "siyasi texnologiya” Kuçmanın xeyrinə işlədi.


2004-cü il: "Rusiyayönlü” Viktor Yanukoviç "Qərbyönlü” Viktor Yuşşenkoya qarşı

Qeydiyyata alınmış 26 namizəd arasında ictimai rəy sorğularının iki lideri vardı: baş nazir Viktor Yanukoviç və müxalifət lideri Viktor Yuşşenko.

Yanukoviçi Kuçma və Putin, Yuşşenkonu isə getdikcə güclənən Qərbyönlü vətəndaş cəmiyyəti dəstəkləyirdi.

Biz bu iki namizədin proqramlarını təhlil edərkən çoxlu ümumi cəhət üzə çıxardıq: hər iki şəxs iqtisadi sabitlik, yeni iş yerləri, maaş artımı və vergilərin azaldılması kimi vədlər verirdi.

Bundan başqa hər iki namizəd Rusiya ilə dostluğa, qarşılıqlı maraqlara əsaslanan sabit münasibətlər qurmağa çağırırdı.

Yuşşenko öz proqramında NATO-ya qoşulmaq cəhdindən bəhs etməmişdi. Amma o, müsahibələrinin çoxunda Ukrayna biznesinə fayda gətirəcək demokratikləşmənin, Avropa İttifaqına, NATO-ya inteqrasiyanın vacibliyini vurğulamışdı.

Yanukoviç isə Avropaya inteqrasiyada irəliləyiş vədi verir və insanlara bərabər imkanlar yaratmaqla "ədalətli, humanist cəmiyyət quruculuğu”na çağırış edirdi. Narıncı inqilab göstərdi ki, Yanukoviçin "ədalətli cəmiyyət” baxışları ukraynalıların əksəriyyətinin baxışından fərqlənir.

İkinci turun nəticələri saxtalaşdırılmışdı. Putin Yanukoviçi prezident seçilməsi münasibətilə təbrik etdi. Amma narıncı inqilab dalğası gücləndi və yeni səsvermə ilə nəticələndi: Yuşşenko prezident seçildi.



2010-cu il: "böyük rəis” Viktor Yanukoviç "siyasətcil” Yuliya Timoşenkoya qarşı

2010-cu ildə Ukrayna prezidenti Yuşşenko səslərin cəmi 5,45%-ni toplayaraq seçkinin ikinci turuna keçə bilmədi və yarışdan çıxdı. İctimai rəy sorğularına görə, Yanukoviç və Timoşenko lap əvvəldən prezident postuna əsas namizədlər idi. Onlar seçicilərə nə vəd edirdilər?

Yanukoviç Ukrayna siyasətini çiçəkləndirəcəyini önə gətirdi. O, 10 ildən sonra Ukraynanın qabaqcıl ölkələrin böyük iyirmiliyinə daxil olacağını bildirir və bütün vətəndaşlara rifah vədləri verir, həmçinin rus dilini Ukrayna dili ilə bərabər statusda dövlət dili elan etməyə hazırlaşırdı. O, Ukraynanın bloklara qoşulmamasında israrlı idi. Rusiya və MDB ölkələri ilə dostluq münasibətlərini bərpa etməyi, habelə Avropa İttifaqı və ABŞ-la strateji tərəfdaşlıq əlaqəsi qurmağı təklif edirdi.

Timoşenko oliqarxlarla mübarizə aparırdı və yeni konstitusiya qəbul etməyi təklif edirdi. O, Ukraynanı əsas tranzit dövlətə çevirmək vədi verir, deyirdi ki, Avropa Ukraynada "peyda olan” kimi (nəyi nəzərdə tutduğunu heç kim bilmirdi) ölkə Avropa İttifaqına üzv olacaq. Rusiya və MDB ölkələri ilə "dostcasına” əməkdaşlıq da mühüm hesab edilirdi.

Bu dəfə Yanukoviç prezidentlik uğrunda yarışda qalib ola bildi. Amma o, uzun müddət hakimiyyətdə qala bilmədi. Yanukoviç hakimiyyəti öz əlində cəmləşdirməyə cəhd etdi, Yuliya Timoşenkonu həbsxanaya atdırdı və Avropaya inteqrasiya xəttindən imtina etdi. Belə hərəkətlər cəmiyyətdə gərginliyi artırdı və Avromeydandakı etirazlar onun ədalətsiz siyasətinə məntiqli cavab oldu.


2014-cü il: "Sülh prezidenti” Pyotr Poroşenko "ədalətli” Yuliya Timoşenkoya qarşı

Maydandakı hadisələr, ölkənin şərqindəki müharibə, Rusiyanın Krımı qanunsuz ilhaq etməsi insanlarda ölkənin gələcəyinə baxışı, daxili siyasəti və müdafiə siyasətini dəyişdirdi. Avropaya inteqrasiya və Avropayönlü ritorika məqsədə çevrildi: seçkiqabağı sorğularda respondentlərin 55%-i Avropaya, 40%-i isə NATO-ya inteqrasiyanı dəstəklədi.

İki əsas namizəd (Poroşenko və Timoşenko) Ukrayna cəmiyyətində ləyaqət inqilabı nəticəsində baş vermiş yeniliklərə – Avropa dəyərlərinə və xalqın qəti dəyişikliklərə olan inamına kökləndi. Təhlükəsizlik siyasəti, Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişi, Krımın işğaldan qurtulması və korrupsiya ilə mübarizə hər iki namizədin proqramında əsas mövzu oldu. Müharibəni durduracaq və Ukrayna ərazilərini qaytaracaq müdafiəçi obrazı Poroşenkoya ölkə tarixində ilk dəfə seçkinin ilk turunda qalib gəlməyə imkan verdi.


2019-cu il: "veteran siyasətçilər” (Poroşenko, Timoşenko) "yeni şəxs”ə (Zelenski) qarşı

31 marta – prezident seçkisinin ilk turuna qədər keçirilmiş bütün ictimai sorğulara əsasən, üç əsas namizəd Zelenski, Poroşenko və Timoşenko idi. Poroşenko və Zelenski ikinci tura keçdilər. Onlardan hansının Ukrayna prezidenti olacağını bilmirik. Amma Zelenski, Poroşenko və ilk turdakı səsvermənin nəticələrinə görə üçüncü yerdə gələn Timoşenkonun proqramlarının əsas şüarlarını anlamağa cəhd etmək olar.

Zelenskinin kampaniyasının əsas ideyası xüsusi tədbirlərin köməyilə köhnə sistemlə mübarizə aparmaqdır. Söhbət, məsələn, korrupsiyaya qarşı mübarizə və prezidentin impiçmenti kimi xüsusi qanunlardan gedir. Bundan başqa Zelenski NATO xəttinə Ukraynanın milli təhlükəsizlik qarantı kimi baxır.

Poroşenkonun əsas kursu Ukraynanın Avropa İttifaqı və NATO-ya doğru irəliləməsi və 2023-cü ildə Avropa İttifaqına üzv olmaq üçün nəzərdə tutulan proqramdan ibarətdir.

Timoşenkonun əsas kursu təhlükəsizlik və beynəlxalq münasibətlər də daxil olmaqla bütün sahələrdə yeniliyi – Minsk razılaşması əvəzinə "Budapeşt+” danışıqlar formatı; hazırkı konstitusiyanın əvəzinə yeni ictimai sazişi, habelə Ukrayna iqtisadiyyatında innovasiyaların tətbiqini nəzərdə tuturdu.



1999-cu ildə NATO-ya istiqamət alan namizədin prezident seçkisində qalib olacağını təsəvvür etmək mümkün deyildi. İndi isə Rusiyayönlü və ya heç bir bloka qoşulmamağın tərəfdarı olan namizədin prezident yarışında qalib olmasını düşünmək mümkün deyil. 2010-cu ildə Rusiya strateji tərəfdaş hesab olunurdusa, 2019-cu ildə bu ölkə aqressiv dövlət sayılır. Ölkədə ovqat Ukraynanın keçdiyi sınaqlara uyğun olaraq dəyişir.

Olena Sorotsinska,
"İnternews Ukraine” və "UkraineWorld”un jurnalisti və eksperti

Bu məqalə ilk dəfə "UkraineWorld”da dərc olunub.