Saakaşvili: “Diktatorların hakimiyyəti sona çatır”

Saakaşvili: “Diktatorların hakimiyyəti sona çatır”

24-04-2020 20:41 / Bu xəbər 1487 dəfə oxundu

"Putinin siyasi gələcəyi ilə bağlı müsbət proqnozlarım yoxdur”
 
Ukraynada baş nazirin müavini təyin olunacağı gözlənilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya ilə sülhün tərəfdarı olduğunu bildirib.

M.Saakaşvili "Deutsche Welle”yə müsahibəsində deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski Donbas məsələsi ilə əlaqədar Rusiyaya güzəştlərə  getmir, ölkənin suverenliyini qoruyur:

"Mən Rusiya ilə sülhün mütləq mənada tərəfdarıyam. Zelenskinin mənim namizədliyimi irəli sürməsi göstərir ki, o, müstəqil xarici siyasətə tərəfdardır. Baxıram, son iki gündə Rusiya mediasında mənim təyinatımla bağlı isterika var, bunu prezident Zelenski də bilir. Heç kim Rusiya ilə sülhə qarşı deyil, lakin sülhün müxtəlif şərtləri var. Hesab etmirəm ki, Zelenski Kremlə güzəştə gedəcək”.

M.Saakaşvilinin fikrincə, Rusiya prezidenti Vladimir Putinin gələcəyi yoxdur, çünki diktatorların hakimiyyəti başa çatır: "Mən düşünürəm ki, istənilən diktatura diktatorlar üçün pis qurtarır. Rusiyada çoxlu normal, məlumatlı adamlar var ki, azad ölkədə yaşamaq istəyirlər. Ümid edirəm, onlar ölkələrini özlərinə qaytara biləcəklər, əlbəttə ki, işğal olunmuş ərazilər olmadan. İstənilən hakimiyyət bir gün sona çatır, mən hesab edirəm ki, Putin öz hökmranlıq ehtiyatını tükədib. Onun siyasi gələcəyi haqda müsbət proqnozlarım yoxdur.”

Ukrayna prezidenti Vladimir Zelenski M.Saakaşviliyə baş nazirin islahatlar üzrə müavini vəzifəsi təklif edib. 

Hazırda sabiq prezident Ali Radanın təsdiqindən keçmək üçün parlament fraksiyaları ilə məsləhətləşmələr aparır.///pressklub.az