Sabiq müstəntiqin vəkili Baş prokurora müraciət etdi

Sabiq müstəntiqin vəkili Baş prokurora müraciət etdi

05-10-2017 12:30 / Bu xəbər 1143 dəfə oxundu

Vəkil Rüfət Səfərovun qeyri-insani rəftara məruz qaldığını deyir

Penitensiar xidmətin 9 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan keçmiş müstəntiq Rüfət Səfərovun vəkili hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu barədə Meydan TV-yə danışan Səfərovun vəkili Bəhruz Bayramov deyib ki, müvəkkilinin müəssisədə işgəncəyə və pis rəftara məruz qalmasının araşdırılması üçün Baş Prokurorluğa və Xəzər rayon Prokurorluğuna müraciət edib. Müraciət bu gün göndərilib.

R.Səfərov müəssisəsdə qeyri-insani rəftara məruz qaldığına görə aclıq aksiyasına başlamışdı. Müəssisə rəhbərliyi buna görə ona "kars” cəzası verib. Amma atasının müraciətindən sonra, o, sentyabrın 24-də aksiyanı dayandırmışdı.

Rüfət Səfərov ötən ilin sentyabrın 8-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz etdiyini deyərək, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüşdü.