Sabiq və indiki məmurların, deputatların adları hansı qalmaqallarda hallanıb?

Sabiq və indiki məmurların, deputatların adları hansı qalmaqallarda hallanıb?

07-09-2019 23:56 / Bu xəbər 202 dəfə oxundu

Azərbaycanlı məmurların bəziləri mətbuatın gündəminə, adətən, korrupsiya ittihamları, dəbdəbəli həyat tərzləri ilə gəlirlər. Lakin zaman-zaman onların adları ailədaxili qalmaqallarda, yaxın qohumları ilə ixtilaflarda da hallanır. 

Qaynarinfo aşağıdakı araşdırmasında məhz bu mövzunu araşdırıb.  

Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovla qardaşı - "Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) uzun müddətdir küsülüdürlər. Hətta İ.Nehrəmli ötən il qardaşının postundan uzaqlaşdırılmasına mövqeyini soruşan jurnalistlərə acıqlı şəkildə "Xahiş edirəm, mənə adını çəkdiyiniz şəxs barədə sual verməyin. Məndən özümə aid nə istəyirsiz, soruşun, onun haqqında isə heç nə”, - deyə cavab vermişdi. 



İbrahimov qardaşları arasında soyuqluğun, hətta birinin digərindən ictimai şəkildə imtina etməsinin konkret səbəbi bəlli deyil, ancaq bunun kökündə biznes məsələlərinin dayandığı iddia edilir.

Nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun adı isə uzun müddət baldızının övladları ilə qalmaqalda hallanıb. Onun baldızı oğlu Rahib Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilib. 

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il müddətinə azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib. 

Bu işdə Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçirdi. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qayıdaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. O, bu işlərdə Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən azad etməyə çalışmışdı.


Elə A.Əsgərovun baldızı da bu fikirdə idi: o, bacısının ərini E.Əsgərovu məsuliyyətdən yayındıraraq, bütün günahı onun oğlanlarının üzərinə qoymaqda və həbsə yollamaqda suçlayırdı. 

Deputat Sona Əliyeva isə ötən il anası və qardaşı ilə öncə mətbuat, sonra isə məhkəmə vasitəsilə üz-üzə gəlmiş, bir-birinin ünvanına kəskin ittihamlar səsləndirmişdilər. 

"Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə, biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”, - deyə xanım deputatın anası Bəsirə Əliyeva bildirmişdi. 
Qadın Milli Məclis üzvü olan övladının onu aldatdığını, ərindən qalan bütün əmlakı öz adına keçirdiyini deyirdi. Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə də hədələyirmiş: "Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək. Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün - 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı. Dedi ki, onsuz da atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi”.



Həmin vaxt B.Əliyevanın iş üzrə yerli mətbuata təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi də vardı. Məhkəmə sənədlərinə nəzər saldıqda, Sona Əliyevanın atası Sakit Əliyev ölüm ayağında olanda onun əmlakını mənimsəmək üçün hərəkətə keçdiyi aydın olurdu.

Sonradan KİV yazırdı ki, "adına hər hansı xələl gəlmməsi və gələcəkdə də hər hansı belə xoşagəlməz halların yaşanmaması üçün" S.Əliyeva qalmaqallı əmlakdan imtina edib, onları anasına və kiçik qardaşına qaytarıb. Deputat atasının mülkündə gözü olmadığını bildirib.

Bu yaxınlarda Az.TV sədrliyindən kənarlaşdırılan Arif Alışanov isə həyat yoldaşı ilə ciddi problem yaşadıqdan sonra boşanmalı olubmuş. Onun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanovanın belə qərar qəbul etməsinə səbəb kimi isə "dövlət teleradiosunun rəhbəri olmasına baxmayaraq, özünü bu postda qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı" göstərilirdi. Bu ailədaxili narazılıq boşanmaya qədər uzanıb. 



O da maraqlıdır ki, həmin boşanmanın üstündən çox keçməmiş Az.TV-nin keçmiş rəhbəri yenidən, ikinci dəfə ailə qurub. Məlumata görə, Arif Alışanov "Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə evlənib. Cütlüyün izdivacdan bir oğlu var. Bildirir ki, həyat yoldaşı A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.



Bir zamanlar hazırda Baş nazirin müavini olan Hacıbala Abutalıbovun ailəsində də oğlu ilə bağlı qalmaqallı situasiya yaranmışdı: belə ki, İsrafil Abutalıbovun radikal dini qruplardan biri ilə yaxınlaşdığı və həyat tərzini buna uyğun qurduğu, nəticədə isə narazı vəziyyət yarandığı iddia edilirdi. 

Yazılanlara görə, dəbdəbəli həyatdan əl çəkən İ.Abutalıbov tamamilə dəyişib, evə qapılaraq gündə 5 rükət namaz qılmağa başlayıbmış, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirmiş. O, evdə valideynləri ilə tez-tez, uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da "Allah yoluna gəlməsini”, hətta israrla atasının vəzifədən getməsini tələb edirmiş.



Oğul Abutalıbovun bu mübahisələrin ardınca bir ara ölkəni tərk etdiyi belə vurğulanırdı, ancaq sonradan məsələ yoluna qoyuldu. Onun əvvəlki radikal dini baxışlardan uzaqlaşsa da, hazırda inanclı həyat keçirməyə, bundan başqa, yenidən atasının biznesinin idarə olunmasında fəal iştirak etməyə başladığı deyilir.   

Bu yaxınlarda isə Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina edib. Bu barədə o özü sosial şəbəkədə bəyanat yaymışdı.

Keçmiş nazir həmin addımı oğlu Mone Quliyevin "Azadlıq” qəzetinə verdiyi müsahibədən sonra atdığını açıqlamışdı. Həmin müsahibədə isə oğul Quliyev iqtidar əleyihinə bir sıra fikirlər səsləndirmişdi.  Nəticədə hazırda ABŞ-da yaşayan M.Quliyevlə atasının münasibətləri tamam pozuldu. 
 
Mənbə: qaynar.info