Sahibkar İlham Əliyevə müraciət etdi: "İcra başçısı müxalifətin dəyirmanına su tökür"

Sahibkar İlham Əliyevə müraciət etdi:

12-06-2019 15:45 / Bu xəbər 965 dəfə oxundu

"Oteli əlimdən alıb, özününküləşdirmək istəyir"

"Mən keçən illər ərzində minbir əzab-əziyyətlə Quba-Qəçrəş turizm bölgəsində 16 nəfər işçini özündə birləşdirən otel qurub yaratmışam. İlk illər otel mənfəətlə işləyirdi. Evimizə, ocağımıza bir loxma çörək apara bilirdik. Lakin Ziyəddin Əliyev rayona başçı təyin olunduğu ilk günlərdən bizim obyekti hədəfə götürdü”.
 
Quba rayonundan olan iş adamı Yusif Piriyevin Prezident İlham Əliyevə ünvanladığı şikayət məktubunda belə deyilir. 

Bu barədə azpolitika.info xəbər verib.

"Ziyəddin Əliyev müxalifətin dəyirmanına su tökür"

Yusif Piriyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən mənəvi işgəncəyə məruz qaldığını iddia edir: "Müşahidələrimiz, vaxtaşırı ictimaiyyət nümayəndələri ilə səmimi görüşləriniz, göstərdiyiniz sadəlik nümunələri və həyata keçirdiyiniz məqsədyönlü islahatlar bunu deməyə əsas verir ki, Siz hər bir Azərbaycan vətəndaşının prezidentiniz və səmimi desək və yaratdığınız sağlam, münbit, təhlükəsiz cəmiyyətə görə xalqımız Sizə borcludur, minnətdardır və həmişə ətrafınızdadır. Lakin təəssüflə də olsa, vurğulamaq zərurəti yaranır ki, belələrinin arasında yeritdiyiniz siyasətə müqavimət göstərən, müxalifət dəyirmanına su tökən, insanlarla dövlət arasında çaxnaşma, sosial gərginlik yaratmağa çalışan Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev kimiləri də var!”

"İcra başçısı o qədər varlanıb ki, insanlara 3-cü sort kimi baxır"

"Sahibkar olaraq icra başçısı Ziyəddin Əliyevin təzyiq və təqiblərinə məruz qalmağım Prezidentim olaraq qapınıza pənah gətirməyimi qaçılmaz etmişdir. Ziyəddin Əliyev rayona başçı təyin olunduğu ilk günlərdən bizim obyekti xüsusi hədəfə götürdü, onun tapşırığı ilə hüquq-mühafizə orqanlarının məsul əməkdaşları obyektə ayaq açdılar, müdaxilələrə başladılar və beləliklə də başçının hərtərəfli təqiblərinə məruz qaldıq. Ziyəddin Əliyev vəzifə səlahiyyətlərini aşaraq bütün mümkün vasitələrdən maksimum istifadə edərək oteli əlimdən alıb, özününküləşdirmək istəyir. Mənə məxsus otelin bütün ətrafını, obyektləri, sahəni ya dəyər-dəyməzinə, ya da zorakılıqla alıb özününküləşdirib. İcra başçısı rayona işləməyə, sosial problemlərin həlli ilə məşğul olmağa yox, sərvət, sərmayə toplamaq üçün gəlib. Özü də o qədər varlanıb ki, artıq gözləri ayağının altını görmür, insanlara 3-cü sort kimi baxır", - sahibkar qeyd edir. 

İl yarımdır öz mənafeyi naminə 16 nəfəri işsiz qoyub"

"Təsəvvür edin ki, Quba rayon Reklam Agentliyinə 4 ay əvvəl otelin ünvanını, məkanını əks etdirən lövhələrin hazırlanması üçün sənədləri təqdim etmişəm. Lakin başçının xüsusi tapşırığına əsasən sifarişi icra etmirlər. İl yarımdır öz mənafeyi naminə 16 nəfəri işsiz qoyub, müəssisəni bağlatdıran özbaşına məmura nə ad vermək olar?”, - Yusif Piriyev vurğulayır. 

Sahibkar onu da qeyd edib ki, işçilər və yaxınları etirazlara çıxmaq istəsələr də, qarşısını alıb: "Rəhbəri olduğu və il yarımdır qapıları bağlanmış otelin əməkdaşları başçının haqsızlığı, zorakılığı ilə əlaqədar İcra Hakimiyyəti qarşısında doğmaları, yaxınları ilə bərabər dəfələrlə etiraz aksiyası keçirmək istəyiblər. Lakin imkan verməmişəm. Mən istəmirəm bizim əlimizlə rayonda ictimai-siyasi sabitlik pozulsun. Çox böyük ümidlə sizə müraciət edirəm və güman edirəm ki, icra başçısının özbaşınalığına, zorakılığına son qoyulacaq, ədalət şər üzərində zəfər çalacaq!”

Onun sözlərinə görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev adı qalmaqallarda ən çox hallanan icra başçılarından biridir. Bir müddət əvvəl onun Çexiyada, Ukraynada və Avropanın digər ölkələrində iri biznes şəbəkəsinbin olduğuna dair faktlar, sənədlər yayılıb. 

İttihamlarla bağlı Quba Rayon İcra Hakimiyyəti başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova ilə əlaqə saxlasaq da, özünü katibəsi kimi təqdim edən xanım müavinin məzuniyyətdə olduğunu bildirdi. 

Başçının köməkçisi Qismət Quliyev isə zənglərə cavab vermədi.