Sahibkarlar Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər

Sahibkarlar Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər

13-05-2019 17:57 / Bu xəbər 738 dəfə oxundu

Mayın 13-də "Diqlas" Ticarət Mərkəzinin sahibkarları Nazirlər Kabinetinin qarşısında 26 mart yanğını zamanı onlara dəymiş ziyanın ödənilməsi tələbilə aksiya keçiriblər.

Sahibkarların sözlərinə görə, artıq iki aydır onlara dəymiş ziyanın kompensasiyası ödənilmir.

"Prezident sərəncam verdi və komissiya təyin olunmalıdır, bizim iştirakımızla ziyanla bağlı akt tərtib olunmalıdır. Lakin bunu etmirlər. 10 gün əvvəl bazar nümayəndəsilə görüşümüz olub, aktı o tərtib edib. Belə olmamalıdır. Kompensasiyaların verilməsi tarixi bizə deyilmir və bu da bizi narahat edir. Hər həftə gəlirik, eyni söz deyib yola salırlar", - aksiya iştirakçılarından biri deyib.

Bir müddət sonra Nazirlər Kabinetində etirazçıları qəbul ediblər. 

Onlara məsləhət görüblər ki, bir qədər də gözləsinlər, çünki istintaq davam edir. Mühafizə xidməti jurnalistləri aksiya yerindən uzaqlaşdıraraq çəklişə imkan verməyib.

Martın 26-da "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib. Beşmərtəbəli bina demək olar ki, tamamən yanıb.

Martın 28-də prezident İlham Əliyev "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması haqqında, növbəti gün isə zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb.
 
Turan İA