Şair üçün bundan böyük nailiyyət yoxdur

Şair üçün bundan böyük nailiyyət yoxdur

21-01-2016 03:41 / Bu xəbər 2502 dəfə oxundu

Səlim Babullaoğlu

Müasir Azərbaycan insanının nitqini müasir Azərbaycan şeiri ilə müqayisə eləsək, arada çox böyük məsafə görərik. Əksər şairlərimizin şeirini oxuyub gündəlik danışığımızın da o cür ola biləcəyini təsəvvür eləyəndə adamı dərin qüssə bürüyür. Sonra da bu düşüncənə gülürsən. 

Vaqif Səmədoğlu mənə görə XX yüz ildə Azərbaycan şeirində bəlkə də ilk şair idi ki, onun şeirini oxuyanda öz gündəlik nitqinə, danışığına, dilinə hörmət hissin artırdı. Hansı böyük və kiçik mətləbdən, ideyadan, həyat müşahidəsindən, reallıqdan, ağrıdan, nisgildən, darıxmaqdan danışmağına baxmayaraq, Vaqif müəllim, bizim gündəlik nitqimizin tezliyində danışırdı, yazırdı.

Deyirlər ki, danışmaq gümüşdürsə, susmaq qızıldır. "Susmaq” sözünü "az danışmaq”la da əvəzləmək olar. Vaqif Səmədoğlunun yaradıcı bioqrafiyası sübut elədi ki, yaxşı şeirlər- çox yazılmır. Yazılmaz. Belə baxsan, bu heç  az yazmaq da deyildi, yazmaq elə belə olmalıdı.

O ideyalar ki, sonradan şüarlaşaraq gəlib çatdı bizə (məsələn, milli azadlıq məsələsi), Vaqif Səmədoğlu həmin ideyaları öz şeirlərində 20-30 il əvvəl yazmışdı, insanca çək-çevir eləmişdi, düşünmüşdü, çox asta səslə, bəzən pıçıltıyla; çünki Vaqif Səmədoğlu yaxşı anlayırdı bu həm də  şəxsi  azadlıq məsələsidi.

XX əsr Azərbaycan ədəbi dil normalarından söz düşəndə adı ən çox hallanan şairimiz Səməd Vurğun olurdu.  Vaqif müəllim bunu bilirdi. Vaqif Səmədoğlu Səməd Vurğunun "azərbaycancasında” yazmırdı.

 Və nədənsə mənə elə gəlir ki, bütün sirr də buradır: "ata və oğul”, "müxətlif nəsilllərə, dünyagörüşünə və estetik platformaya aid iki həmkarın” fikir ayrılığı və həmrəyliyi beləcə rahat həll olunmuşdu…

Xatırlayıram Norveç səfirinin iqamətgahında "Vaqif Səmədoğlu gecəsi” keçirilirdi. Vaqif müllim Nüşabə xanımla həmin gecədə  işitirak edərdi. Diplomatik korpusun bir çox nümayəndələrinin iştirakı ilə keçən həmin axşamda Vaqif müəllim ona ünvanlanmış sualların birini cavabsız buraxıb əvəzində qısa bir giriş çıxışı elədi. 

Sualı cavabsız buraxmağı səbəbsiz deyildi əlbəttə. Və bu çıxış təkcə Vaqif Səmədoğlunun şair kimliyinin təqdimatını deyildi, həm də çağdaş Azərbaycan poeziyasının təqdimatı idi. Deyə bilmərəm, ordakı iştirakçılar, Vaqif müəllimin sözlərinin dərinlinyini lazımınca anladılar, ya yox, amma bu qısa çıxış ədəbiyyat tarixindəki onlarla şairin Nobel nitqindən daha maraqlı idi.

Müasir Azərbaycan insanının nitqini poetik həddə qıldırmışdı, yaxud şeiri gündəlik və daha səmimi nitq qədər alçaq könüllü eləmişdi, Vaqif Səmədoğlu. Şair üçün isə bundan böyük nailiyyət yoxdur.