Şair vəziyyətinin ağırlığına görə məhkəməsinə gələ bilmədi

Şair vəziyyətinin ağırlığına görə məhkəməsinə gələ bilmədi

09-07-2016 12:47 / Bu xəbər 2278 dəfə oxundu

Məhkəmə Saday Şəkərli barədə həbs-qətimkan tədbirini dəyişmədi; şairin şikayətinə istintaq aparılmadan baxılacaq

Həbsdə olan şair Saday Şəkərli səhhətindəki problemlərə görə məhkəməsinə gətirilməyib. O, məhkəməyə ərizə ilə müraciət edərək, səhhətindəki problemlərlə əlaqədar prosesdə iştirak etmək istəmədiyini bildirib.

Dünən Bakı Apelyasiya Məhkəməsində şairin şikayəti üzrə ilkin baxış iclasının qərarı açıqlanıb. Hakim Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyası Saday Şəkərli və vəkillərinin ötən iclasda qaldırdığı vəsatətlərin heç birini təmin etməyib. 

Onlar şairin səhhətilə əlaqədar barəsində həbs-qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasını; apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılmasını; Vergilər Nazirliyinin rəhbər şəxslərinin məhkəməyə çağırılmasını istəyirdilər.

Baxmayaraq ki, ilkin baxış iclasının qərarında apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması göstərilib, hakim əlavə edib ki, prosesin gedişində zərurət yaranarsa, qismən istintaq aparıla bilər.

Iş məhkəmə baxışına verilib və məhkəmə iclası iyulun 20-nə təyin olunub.

Vəsatətlərin heç birinin təmin olunmaması müdafiə tərəfini qane etməyib. Saday Şəkərlinin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir. Amma şairin özü ilə görüşüb bu barədə fikirlərini öyrənəndən sonra qəti qərar veriləcək.

Müdafiəçi onu da qeyd edib ki, Saday Şəkərlinin sağlıq durumu kritik olaraq qalır.

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin mayın 16-da çıxarılan hökmü ilə o, CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilib. Lakin şair ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan "Qurd ürəyi” adlı kitabının çapı ilə əlaqələndirib. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.///azadliq.info