Sakinlər: Xətai rayonunda işıqları söndürüb 130 ağacı kəsiblər

Sakinlər: Xətai rayonunda işıqları söndürüb 130 ağacı kəsiblər

06-05-2019 12:44 / Bu xəbər 1137 dəfə oxundu

"Dünən Xətaidə gecə işıqları söndürüb 130 ağacı kəsiblər. Adamlar səhər görüblər və hər yerə şikayət ediblər".

Bunu Xətai rayon sakinləri deyiblər.

Onlar bu barədə sosial şəbəkədə də məlumat və videogörüntü paylaşıblar. 

"Youtube" sosial şəbəkəsində yayılan videoda sakinlər böyük bir yaşıllığın məhv edildiyini, tikinti şirkətinin isə bu addımı Xətai Rayon İcra Hakimiyyəti ilə birgə atdığını deyiblər. 

Xətai Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
 
ETSN: "Nazirlik icazə verməyib"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunda gecə 130 ağacın kəsilməsi ilə bağlı yayılan məlumatla bağlı açıqlama yayıb.

Nazirlikdən Arqument.Az-a verilən məlumata görə, mayın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət təkrarən Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb: "Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə Nazirlik tərəfindən "məcburi göstəriş” verilib".

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı 16 aprel 2019-cu il tarixində də  şikayət daxil olmuşdu. Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrıldığı müəyyən edilmişdi. Ərazidəki 131 müxtəlif cinsli ağac Nazirliyin əməkdaşları tərəfindən qeydiyyata alınaraq torpaq mülkiyyətçisinə təhvil verilmişdi", - açıqlamada deyilir. 

Nazirlik bildirib ki, ağacların kəsilməsi və köçürülməsinə icazə verilməyib: "Ssözügedən ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart 2019-cu il tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov, 3 aprel 2019-cu il tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib".