Saleh Məmmədovun MMC-lərlə müəmmalı iş birliyi - "Azəravtoyol"da nə baş verir?

Saleh Məmmədovun MMC-lərlə müəmmalı iş birliyi -

24-05-2016 12:18 / Bu xəbər 1161 dəfə oxundu

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov son aylar büdcədən quruma ayrılan pulları özünə yaxın MMC-lər arasında paylaşmaqda davam edir.

"Reytinq"ə verilən məlumata görə, prezident sərəncamı ilə "Azəravtoyol"a ayrı-ayrı rayonlarda çəkiləcək yolların tikintisi üçün ayrılan vəsaitə Saleh Məmmədov özünə yaxın MMC-ləri də ortaq edir. 

"Azəravtoyol"un tabeliyində demək olar ki, hər rayonda yol-istismar idarələri olsa da, bu idarələr bir kənarda saxlanılır, əvəzində isə böyük maliyyə imkanlarına sahib olan şəxslərin nəzarətindəki MMC-lər respublikadaxili strateji yolların tikintisinə cəlb olunurlar: "Amma həmin MMC-lərin çoxunun nə yol tikintisində təcürbəsi var, nə də müvafiq texnikaları. Texnikaların çoxu icarəyə götürülərək, layihədə istifadə olunur ki, bu da əlavə vəsait sərfiyyatı deməkdir. Bu isə büdcə pullarının yayındırılmasına imkan yaratmaqla yanaşı işin keyfiyyətinə də mənfi təsir edir".

Məlumatlı şəxs deyib ki, Saleh Məmmədov bu yaxınlarda İmişilidə "OREN" MMC adlı bir şirkətin sahibi olan Astan Şükürovu ASC-nin regional idarəsinin rəhbəri vəzifəsinə təyin edib: "Deputat Xanhüseyn Kazımlının yaxın qohumu olan Astan Şükürovun rayonda, Azərbaycanın müxtəlif bölgələrində böyük imkanları olan həmyerliləriylə ortaq biznesləri də var. Maraqlıdır, "Azəravtoyol"un sədri rayonda işlətdiyi obyektlərə görə işıq pulunu, mədən vergisini ödəməkdən açıq yayınan Astan Şükürova birdən-birə niyə vəzifə verdi? Bu adamları hansı layihələrə ayrılan pullar birləşdirib?".

Mənbə deyir ki, İmişlini ətraf rayonlarla birləşdirən bir neçə yolun tikintisinni də "OREN" MMC-yə verilməsində də çox şübhəli və araşdırılası məqamlar var: "Yaxşı olar ki, bu MMC-nin hansı profilinə görə yol çəkilişinə cəlb olunması ilə yanaşı, həmin yollara ayrılan pullar, normativə uyğun yolun çəkilib-çəkilməməsi və sair kimi məsələlər də araşdırılsın. Əgər bu araşdırmalar, yoxlamalar yenə də olmayacaqsa, o zaman keçmiş yol idarəsi rəsinin hazırda "Azəravtoyol" kimi həftəlik milyon manatların dövr etdiyi bir qurumda nələr planlaması haqqında deyilənlər ciddi əsas qazanacaq".

Arqument.Az