Samir Şərifov və müavini istefaya göndərilir

Samir Şərifov və müavini istefaya göndərilir

28-03-2018 12:24 / Bu xəbər 1807 dəfə oxundu

Aprelin 11-də keçiriləcək Prezident seçkisindən sonra yeni komandada yer almayacaq nazir və komitə sədrlərindən bəzilərinin adları bəlli olub.

Bu barədə gunaz.org-a mötəbər mənbələrdən məlumat verilib.

Məlumatda deyilir ki, İlham Əliyevin yeni komandasında yer almayacaq nazirlərdən maliyyə naziri Samir Şərifovdur. Artıq seçkidən sonra hakimiyyət Şərifov epoxasına son qoyacaq.

Buna səbəb nazirin adının Eldar Mahmudov, Cahangir Əsgərov və "MTN işi”ndə hallanması, ölkənin ciddi maliyyə böhranına yuvarlanması amilləridir.

Mənbə bildirib ki, Şərifovla yanaşı, müavini – ictimaiyyətdə və hakimiyyət dəhlizlərində "Gədəbəy qruplaşması”nın rəhbəri kimi tanınan Azər Bayramov da yola salınacaq.

Məlumatda bildirilir ki, bu şəxsləri hakim klanlardan biri hələ ki qoruyur, amma bu epoxaya seçkidən dərhal sonra son qoyulacaq, yəni hökumətin yeni tərkibində bu adamlar yer almayacaq. Hətta Samir Şərifov və Azər Bayramovun məsuliyyətə cəlb edilməsi də istisna edilmir.

Mənbə deyib ki, yeni tərkibdə xeyli sayda xaricdə təhsil almış gənc təmsil olunacaq. Bu da hakim komanda da bir neçə nazir və komitə sədrinin istefaya göndərilməsi anlamına gəlir.