Samir Şərifova etiraz olaraq piket keçiriləcək

Samir Şərifova etiraz olaraq piket keçiriləcək

25-10-2019 17:55 / Bu xəbər 2242 dəfə oxundu

Bakı Dairəvi Avtomobil Yolu layihələndirilərkən Binəqədi rayonu ərazisində vətəndaş Zemfira İslam qızı Əliyevanın mülkiyyəti tikinti sahəsi altına düşüb. 

O dövrdə Nəqliyyat Nazirliyi vətəndaşın mülkiyyətini söküb, kompensasiya verməkdən isə yayınıb. Məsələ məhkəmələrdə mübahisələndirilib, vətəndaşın iddiası qismən də olsa təmin edilib. Amma məhkəmə qərarının icrası bu günə qədər yerinə yetirilməyib. 

Məsələ hətta Prezident Adminstrasiyası səviyyəsində müzakirə olunub, Adminstrasiya rəhbəri Ramiz Mehdiyev məhkəmə qərarının icrası ilə bağlı nəqliyyat naziri Ziya Məmmədova məktub da yazıb. Lakin nəticə dəyişməyib.

Criminal.az xəbər verir ki, Z.Əliyeva məhkəmə qərarının icra edilməməsinə etiraz olaraq Maliyyə Nazirliyinin qarşısında piket keçirəcək. O, piket keçirilmək istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müraciətdə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 49-cu və "Sərbəst Toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə əsasən məhkəmə qərarının 6 ildən artıq icra olunmaması ilə bağlı buna etiraz olaraq 06 noyabr 2019-cu il tarixdə saat 10-00-da Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında PİKET keçiriləcək. 

Təfsilat: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2012-ci il tarixli, 2inz(81)- 67112012 qərarı ilə iddiaçı Əliyeva Zemfira İslam qızının cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə qarşı 300.608 manat (əmlakın dəyərinin 20 faizi) kompensasiyanın və 395.160 manat məbləğində 13,7 sot torpaq sahəsinin dəyərinin ödənilməsi barədə iddia tələbi rədd edilib. 

Həmin qərardan ərizəçi apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2012-cİ il tarixli, 2-1 inz (l03)765/2012 saylı qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər V.M.Ağayev, C.A.Yusifov) iddiaçı Ə.Z.İ.qızının apellyasiya şikayəti qismən təmin edilib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2012-cİ il tarixli qərarı qismən, 300.608 manat (əmlakın dəyərinin 20 faizi) kompensasiyanın ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qərar qəbul edilib, iddia eyni hissədə qismən təmin edilərək, əmlakın dəyərinin 20%-i məbləğində kompensasiya kimi 221.576,8 manat (iki yüz iyirmi bir min beş yüz yetmiş altı manat səksən qəpik) cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyindən tutularaq ərizəçiyə ödənilməsi, qərarın qalan hissədə - iddianın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə tamamilə, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə münasibətdə əmlakın dəyərinin 20%-i məbləğində kompensasiya kimi 79.031,2 manatın (yetmiş doqquz min otuz bir manat iyirmi qəpiyin) və 13,7 sot torpaq sahəsinin dəyəri kimi 395.160 (üç yüz doxsan beş min yüz altmış beş) manatın ödənilməsi tələblərinin rədd olunması hissələrində dəyişdirilmədən saxlanılması qərara alınıb.

 Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2013-cü il tarixli qərərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılıb.

Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

Məhkəmə qərarı 6 ildən çoxdur ki, icra olunmur. Piketdə 20 nəfərə qədər insan iştirak edəcək, piketdə "AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINA HÖRMƏT EDİN”, "MƏHKƏMƏ QƏRARINI KAĞIZ PARÇASINA ÇEVİRMƏYİN” kimi lozunq və plakatlardan istifadə olunacaq".

Z.Əliyeva BŞİH-nə etdiyi müraciətini eyni zamanda ölkə prezidentinin köməkçisi Əli Həsənova da ünvanlayıb. 

Bildirib ki, bir neçə gün əvvəl Ə.Həsənov bildirmişdi ki, vətəndaşları dinləməyə hazırıq. Şikayətçi xahiş edir ki, Ə.Həsənov müraciətini diqqətdə saxlasın və onu qəbul edib dinləsin.

Criminal.az