Saytların bloklanması ilə bağlı məhkəmədə nə baş verib? - Hüquqşünas şərh edir

Saytların bloklanması ilə bağlı məhkəmədə nə baş verib? - Hüquqşünas şərh edir

02-05-2017 00:11 / Bu xəbər 1260 dəfə oxundu

Mayın 1-də Səbail Rayon Məhkəməsində Azadlıq.info, Azadlıq.org, Azerbaycansaati.com, Meydan.tv və "Turan" telekanalının  bloklanması iddiası ilə məhkəmə prosesi keçirilib. 

Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) iddiasına əsasən keçirilib. 

ETM-in məhkəməyə müraciətində iddia edilir ki, bu media qurumları "Azərbaycan Respiblikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsinin, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsinin, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinin və yayılması qadağan edilən digər informasiyaların yerləşdirilməsinin dövlətin və cəmiyyətin qanunla qorunana maraqlarına təhdid" yaradıb.

Lakin media qurumları bu ittihamları təkzib edirlər.

Azadliq.info-nun vəkili Səməd Rəhimli məhkəmə prosesində baş verənləri Toplum.Tv-yə şərh edib: ”Prosesdə Rabitə Nazirliyi birinci dəfə hansı məqalələrə görə  saytların bloklanmasını istəyirsə, onların çıxarışını gətirdi. Lakin bəlli oldu ki, o "screenshot"ların çoxu blok qoyulmazdan, 7 martdan öncə götürülüb. Çıxarışlardan görünürdü ki, o saytlara birbaşa deyil, proxy ilə daxil olunub. Biz buna etiraz etdik ki, sənədlər normal qaydada gətirilsin. Nazirlik əməkdaşı isə proses boyu dedi ki, biz müstəqil araşdırma aparmamışıq, Baş Prokurorluqdan aldığımız məktuba əsaslanaraq məhdudlaşdırma qərarı ilə məhkəməyə müraciət etmişik. Bəlli oldu ki, sadəcə olaraq, informasiyanın yayıldığı konkret bir URL-səhifə yox, bütöv saytlara blok qoyulması istənilir. Qəzetlərin, internet saytların nümayəndələri olaraq biz vəsatətlər verdik ki, bu işə baxılmamalıdır. Çünki bununla bağlı qaydalar qüvvəyə minməmişdən əvvəl ərizə ilə məhkəməyə müraciət olunub. Qayda olmadan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhkəməyə aprelin 2-də müraciət edib. Hansı ki qaydaların qüvvəyə minmə tarixi aprelin 7-dir. Biz hesab etdik ki, işə baxılmamış saxlanılmalı, nazirlik yenidən müraciət etməlidir. Məhkəmə isə bu vəsatətimizi təmin etmədi”.

Vəkil verdikləri vəsatətlərdə nazirliyin tələbi dəqiqləşdirilməsini tələb etdiklərini bildirib: "Nazirliyin tələbindən belə çıxır ki, adıçəkilən saytlardan hansısa birinin məlumatı "Facebook" və ya "Youtube" resurslarında yayılarsa, onlar da bloklanmalıdır. Çünki nazirliyin tələbi məhkəmə tərəfindən təmin olunduqda, adı çəkilən media orqanlarının "Facebook"a girişini də bloklama səlahiyyəti veriləcək. Tələb irəli sürdük ki, linqvistik ekspertiza keçirilsin. Bilinsin ki, sözügedən məqalələr zorakılığa təşviqetmə, hakimiyyətin zorla devrilməsinə çağırışlar edirmi... Baş Prokurorluğun işə cəlb olunmasını istədik. Hakim vəsatətlərə gələndəfəki məhkəmə prosesində baxılacağını bildirib".

Proses 3 may saat 15:00-da davam edəcək.

Aprelin 27-nə təyin olunmuş ilk məhkəmə iclası ETM-ın nümayəndəsinin etibarnaməsini gətirməməsinə görə təxirə salınmışdı.