Saytların mühakiməsi təxirə salındı - VİDEO

Saytların mühakiməsi təxirə salındı - VİDEO

27-04-2017 17:45 / Bu xəbər 5628 dəfə oxundu

Azərbaycanda hökumət qurumlarının iddiası ilə bəzi saytlara girişin məhdudlaşdırılması işinə baxış keçirən məhkəmə təxirə salınıb.

Prosesdən sonra vəkillər jurnalistlərə bildirib ki, proses Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) nümayəndəsinin etibarnaməsini gətirmədiyinə  görə mayın 1-nə qədər təxirə salınıb.

Azadlıq.info, Azadlıq.org, Azerbaycansaati.com, Meydan.tv və Turan telekanalına girişin məhdudlaşdırılması barədə iddia Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən Baş Prokurorluğun müvafiq məktubundan sonra qaldırılıb.

"ETM-in tələbi budur ki, Baş prokurorluqdan məktub gəlib və bu məktub əsasında saytlar bloklansın. Məktub əsasında Rabitə Nazirliyi martın 27-də saytları müvəqqəti bloklayıb,3 gün sonra ərizə veriblər və iddiaya hazırda baxılır", - Azadlıq.info saytının nümayəndəsi, hüquqşünas Səməd Rəhimli deyib.

O əlavə edib ki, iddiada saytlarda "hazırda qəbul olunmuş yeni qanuna əsasən zidd məlumatlar" olduğunu deyilib, hərçənd ki, bu məlumatlar barədə izahlı məlumat verilməyib.

Toplum Tv-nin əməkdaşının tanış olduğu iddia ərizəsində yazılır ki, Baş Prokurorluqdan ETM-daxil olan 17 mart məktubunda "mütəmadi olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun tələblərini kobud şəkildə pozaraq AR Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsi, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsi, radikal dini qurumların qanunsuz fəaliyyətlətinin təbliğ edilməsi və digər qanunazidd hərəkətlərə yol vermələri müəyyən edilmiş, sadalanan internet informasiya ehtiyatlarının və teleproqramların Azərbaycan ərazisində yayımlarının dayandırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsi xahiş edilib.

Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli Toplum Tv-yə bildirib ki, onlara məhkəmənin olacağı barədə 26 apreldə elektron bildiriş gəlib.

R. Hacıbəyli iddia ərizəsinin məğzini məhkəmə iclasından bir neçə dəqiqə öncə öyrəndiklərini deyib.

"Ərizədə yazılıb ki, dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığından azadlıq.info, azadlıq.org, azerbaycansaati.com domenlərinə, Meydan.tv və Turan telekanalı və Azərbaycan saatı teleproqramlarının yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edəsiniz. İddia ərazisi ETM direktoru Faiq Fərmanovun adından verilib", - R.Hacıbəyli vurğulayıb.

Meydan TV-nin vəkili Elçin Sadıqov bildirib ki, proses ETM-in nümayəndəsinin etibarnaməsini gətirmədiyinə görə  may ayının 1-nə qədər təxirə salınıb.
 
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli  məhkəməni "çox ciddi bir ictimai əhəmiyyət daşıyan və informasiyaya çıxış imkanlarını məhdudlaşdıran proses" adlandırır: "Bu baxımdan, media təmsilçiləri, vətəndaş cəmiyyəti müdafiəçiləri, hüquqşünaslar, biz bu prosesi müşahidə etməliyik.Proses açıqdır,girişə heç bir hüquqi məhdudiyyəti yoxdur, amma fiziki məhdudiyyətlər tətbiq olunur".

O əlavə edib ki, məhkəməni ayaqüstə olsa belə izləmək üçün hadisəni aktlaşdırıb, məhkəməyə müraciət edəcəklər.

Toplum Tv