Sədərək: qu desən, qulaq tutular - REPORTAJ

Sədərək: qu desən, qulaq tutular - REPORTAJ

26-02-2017 18:20 / Bu xəbər 2798 dəfə oxundu

Bağlanan dükanlar, iflas edən satıcılar, cibində "siçan oynayan” alıcılar...

Bir  zamanların ən çox üz tutulan alış-veriş məkanlarından idi Sədərək Ticarət Mərkəzi. Burada vaxt var idi ki, iynə atsan, yerə düşməzdi. Kim ucuz nəsə almaq istəsə, ora yollanardı. Artıq bir müddətdir ki, orada da "qu desən qulaq tutular". 

İnsan selini yarıb keçmək müşkülə çevrilən bu bazar da dolların bahalaşması ilə iflasa uğradı. İndi burada alıcının da sayı azalıb, satıcının da. Mağazaların çoxu "Bağlanır!” elanı ilə "bəzənib”. 

Satıcılar deyir ki, bazar günləri heç olmasa bir az alıcı gözə dəyir, həftə içi burada "yalnızlıq sinfonyası" çalınır.

Satıcı Ənvər dayı Toplum.Tv-yə alıcı azlığından şikayətlənir: "Bilirsiniz, şəhərdəki alış-veriş məkanları çoxaldıqca, bura gələnlərin sayı onsuz da azalırdı. Hamı endrimləri gözləyir, gedib istədiyini alırdı. İndi böyük alış-veriş mərkəzlərində vəziyyət necədir bilmirəm, amma bizdə çox pisdir. Alıcılarımız əsasən alverçilər idi. İndi böhran olduğu üçün onların da alveri getmir”. 

"Valideyn hansı pulla cehiz versin?”

Digər satıcı Gülarə xanım da bazarda durumun ağır olduğunu deyir: "Alıcılarımızın əksəriyyəti toy-düyün edənlər idi. İndi toylar da azalıb. Pul var ki, camaat toy eləsin? Valideyn hansı pulla cehiz versin? Ona görə də belə acınacaqlı vəziyyət yaranıb. Kirayə pulları əvvəlki kimi qalmaqdadır, amma alver yoxdur. Ona görə də bizlərə işləmək çox çətindir”. 


"Elə şəhərdəki qiymətlərdir...”

Sədərəyin yolunu az qala unudan Rəhim Əliyev qiymətlərdə nəzərəçarpan dəyişikliyin olmadığını bildirir: "Demək olar ki, 7-8 ildir Sədərəyə gəlmirdim. Şəhərdə qiymətlər bahalaşınca, dedim, bir bura üz tutum, görüm nə var, nə yox?... Düzü, elə bir fərq görmədim. Elə şəhərdəki qiymətlərdir. Düşünürəm ki, burdan almaqdansa, şəhərdə keyfiyyətinə güvəndiyim mağazalardan alaram”. 

Bazarın digər "qonağı” Səriyyə Nuriyeva deyir ki, bu bazarda qiymətlər stabil deyil: "Şəhərdəki mağazalarda vahid qiymətdir. Bir mağazanın hər filialında eyni qiymət çıxacaq qarşına. Amma burada elə deyil. Məsələn, köynəyə baxırsan, deyir ki, aşağı yeri 40 manatdır. Mən haradan bilim bunun qiyməti əvvəl neçə olub? Və ya mənə 40 manata satıb başqasına 30 manata satmayacağına necə əmin olum? Hələ ən pisi də odur ki, 40 manata alıb, bir neçə mağaza sonra həmin məhsula daha ucuz rast gəlməkdir. Elə bu bazarın ən pis cəhətlərindən biri də budur”.

Beləcə Sədərək Ticarət Mərkəzindən ayrılırıq. Bir vaxtlar ölkənin ən böyük ticarət mərkəzi kimi tanınan bu məkan indi belə bir mənzərə ilə yadda qalır: bağlanan dükanlar, iflas edən satıcılar, "cibində siçan oynayan" alıcılar... 

Bu gün reallıq budur. Ən pisi də odur ki, bu qeyri-müəyyənliyin nə vaxt bitəcəyi bilinmir. Sanki hər kəs "tikan üstündə" oturub və hamının bircə istəyi var: tezliklə vəziyyət əvvəlki kimi olsun...

Türkan Bəşir
Toplum.Tv