"Sədərək" Ticarət Mərkəzində yanğın olub

18-02-2020 12:10 / Bu xəbər 635 dəfə oxundu

Yanğın təxminən 1000 kvadratmetr ərazini əhatə edib

Fevralın 18-də səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək” Ticarət Mərkəzində yanğın olub.

Bu barədə Meydan TV-yə ticarət mərkəzində çalışanlar məlumat veriblər. Bildiriblər ki, yanğın nəticəsində təxminən 50-yə yaxın ticarət obyektinə ziyan dəyib.

"Yanan mağazalardakı malları mühafizə etmək mümkün olmayıb. Çünki yanğın erkən saatlarda başlayıb və sürətlə yayılıb. Nəticədə bir çox sahibkara minlərlə manatlıq ziyan vurub”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınla bağlı yaydığı məlumatda isə bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb.

Hələlik, hadisənin nədən baş verdiyi açıqlanmır.

Yanğın 1000 kv.metr ərazini əhatə edib. Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov yanğınla bağlı açıqlamasında belə deyib.

Bildirib ki, yanğın bir saata yaxın davam edib. Söndürülməsinə 23 texnika və 125 canlı qüvvə cəlb olunub:

"Yanğın 900-1000 kv.metr ərazini əhatə edib. Hazırda tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Araşdırmalar davam edir”.