"Şəffaflıq koalisiyası"nda nə baş verir? - İki fərqli açıqlama

03-02-2017 15:35 / Bu xəbər 1986 dəfə oxundu

«Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyası Şurası adından qurumun fevralın 2-də keçirilmiş iclasının qeyri-legitim olması ilə bağlı açıqlama yayılıb.

Açıqlamada deyilir ki, bu il fevralın 2-də Mədən Sənayesində Şəffafıq Təşəbbüsü üzrə Çoxtərəfli Qrupun (ÇTQ) növbəti toplantısı olub. İclasa MSŞT üzrə Komissiyanın rəhbəri, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov sədrlik edib.

Bildirilir ki, hökumətdən vətəndaş cəmiyyəti, şirkətlərlə işləmək və MHŞT-nin tətbiqinə nəzarət etməkdən ötrü ÇTQ təşkil etmək tələb olunur. MHŞT-yə ÇTQ-nin üzvləri kimi cəlb edilən vətəndaş cəmiyyəti qrupları siyasət baxımından dövlət və ya şirkətlərdən azad olmalıdırlar.

Müəlliflərin fikrincə, fevralın 2-də keçirilən ÇTQ iclasına yeni üzvlərlə yanaşı, səlahiyyət müddəti bitmiş keçmiş üzvlər də dəvət edilib. İki köhnə və altı yeni üzvün iştirakı ilə təşkil edilən iclasın gedişində əvvəlcədən üzvlərə göndərilən gündəliyin təsdiqinə Qrupun keçmiş üzvü Əliməmməd Nuriyev mane olub.

Açıqlamada deyilir ki, iclasda sədr Şahmar Mövsümov ÇTQ üzvü olmayan kənar şəxsin iştirakına şərait yaradıb və onun təkidi ilə gündəlik dəyişdirilib.

Vurğulanır ki, iclasın belə şəraitdə keçirilməsi mümkünsüz olduğundan yeni seçilmiş Şura üzvləri oranı tərk ediblər. Beləliklə də ÇTQ-nin fevralın 2-də təşkil olunan iclası baş tutmamış sayılır.

Müəlliflər bildirirlər ki, bu münasibət bu il martın 8-i və 9-da Boqotada keçiriləcək MSŞT üzrə Beynəlxalq İdarə heyətinin iclasında Azərbaycanın mövqeyini daha da zəiflədir.

Bundan irəli gələrək sənəd müəllifləri seçilmiş təmsilçilərin ÇTQ-də fəaliyyətinə və mövqelərinin nəzərə alınmasına şərait yaradılmasını tələb edirlər.

Ə.Nuriyev: "Qrup marağı ifadə edirlər"

Açıqlamada adı çəkilən Əliməmməd Nuriyevin Azadliq Radiosuna dediyinə görə, hazırda 11 nəfərdən ibarət Koalisiya Şurası parçalanmış durumdadır: «Bir tərəfdə Qubad İbadoğlu və tərəfdarları, digər tərəfdə isə 5 nəfər Şura üzvü. Həm də bu siyasətlə məşğul olan, öz maraqlarını güdən qrupdur. Özü də bu parçalanma indi baş verməyib .2016-cı il aprelin 30- da keçirilən iclasın sabahı günü baş verib».
Əliməmməd Nuriyev
Ə.Nuriyev deyir ki, bu qrupla hər hansı bir işi sona çatdırmaq mümkün olmur.

O vurğulayır ki, ümumi iş naminə dəfələrlə birgə fəaliyyətə çalışsalar da, bu baş tutmayıb: «Ona görə də, son iclasda gündəliyin onlar deyən kimi qəbul olunmasına razı olmamışam».

Ə.Nuriyev deyir ki, ÇTQ-un sədri Ş.Mövsümov Şurada mübahisə olduğundan məsələnin həlli naminə Koalisiyanın bütün üzvlərinin iştirakını vacib sayıb: «Bundan başqa da yol yoxdur. Şurada ikitirəlikdir, yeganə çıxış yolu bütün Koalisiya üzvlərinin iştirak etməsidir. Q.İbadoğlu bunu əvvəl qəbul etsə də, sonradan bunun əleyhinə çıxdı. Çünki, çoxluq bu qrupun əleyhinədir».

Ə.Nuriyev deyir ki, bu durumla bağlı Ş.Mövsümov fevralın 7-də bütün Koalisiya üzvlərini görüşə çağırıb.

Akif Qurbanov: "Şahmar Mövsümovun müdaxiləsi təsdiqləndi"

"Söylədiklərimiz təəssüf ki, öz təsdiqini tapdı. MHŞT standartının, Anlaşma Memorandumunun və Çoxtərəli Qrupun(ÇQ) fəaliyyətinə dair reqlamentin tələblərinə tamamilə zidd olaraq MSŞT üzrə Komissiyanın rəhbəri, ÇQ-nin sədri olaraq Neft Fondunun prezidenti Şahmar Mövsumov prosesə açıq və qanunsuz müdaxilə etməkdədir. Belə ki, bu gün MHŞT üzrə ÇQ-nin sədri adından Katibliyin rəhbəri Farid Farzaliyev elektron məktub göndərərək 7 fevralda MSŞA üzrə QHT Koalisiyasının bütün üzvlərini ÇQ-də təmsilçiliyə dair yaranmış problemlə bağlı Hökumət Komissiyasının sədri ilə görüşə dəvət edib. Görüşün Dövlət Neft Fondunun inzibati binasında keçirilməsi planlaşdırılır". 
Arqument.Az xəbər verir ki, bunu isə Koalisiya üzvü Akif Qurbanov deyib. 

"Koalisiya Şurasının öz mandatını onu seçənlərin iradəsi və Koalisiyanın qüvvədə olan sənədləri əsasında icra etməsi, həmçinin qanuni olaraq səahiyyətlərini itirmiş, özlərinin keçirdiyi seçkidə uduzan tərəfin sonradan yaratdıqları gərginliklə məsələni hakimiyyətin xeyrinə dəyişə bilməməsi, sonda hakimiyyətin açıq-aşkar prosesə müdaxiləsinə gətirib çıxarıb. Bu, faktiki yenidən Ümumi Yığıncağın çağırılması deməkdir. Həmçinin bir daha gerçəkliyi ortaya qoyur ki, məsələ heç də koalisiya üzvləri arasında yaranan konflikt deyil. Bu məhz hakimiyyətin və onun icraçılarının yaratdığı süni və siyasi gərginlikdir", - deyə Akif Qurbanov bildirib. 

Xatırladaq ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (ingiliscə EITI) İdarə Heyətinin sədri Fredrik Reinfeldt və qurumun beynəlxalq katibliyin sədri Jonas Moberg bu günlər Azərbaycanda səfərdə olublar. Onlar həm prezidentlə, həm də Koalisiya üzvləri ilə görüşüblər.

EITI şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklədiyi könüllü təşəbbüsdür. O, neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Azərbaycan EITI prosesinə 2003-cü ildə qoşulub. EITI 13 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb.

O zaman qurum qərarını vətəndaş cəmiyyətinə basqılarla əlaqələndirərək, durumun yaxşılaşdırılmasının zəruriliyini bəyan etmişdi.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərini yenidən qiymətləndirmiş və ölkəni namizəd statusunda saxlamışdı.

Həmin qərarla İdarə Heyəti hökumətə növbəti iclasa qədər islahedici tədbirlər planı təqdim etmişdi.

EITI-nin beynəlxalq İdarə Heyətinin növbəti toplantısının martın 8-də keçirilməsi planlaşdırılır.