Şəhid və qazi ailələri mitinq qərarı verdi - İcra Hakimiyyətinə müraciət edildi

Şəhid və qazi ailələri mitinq qərarı verdi - İcra Hakimiyyətinə müraciət edildi

02-10-2018 16:01 / Bu xəbər 3079 dəfə oxundu

Ələsgər Məmmədli: "Sərbəst toplaşma azadlığını "sərbəst toplaşmama" azadlığı kimi təqdim edirlər"

Bakıda bir qrup sakin, 36 əlil və şəhid ailəsi aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Amma BŞİH-in şöbə müdiri Zaur Ramazanov onlara rədd cavabı verib. 

Bu barədə Arqument.Az-a 1-ci qrup Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoy, Xaliq Abbaszadə, Eldar Hüseynov, Müşfiq İsmayılov və digər 31 əlil və şəhid ailəsi məlumat verib. 

"Ərazini İcra Hakimiyyəti və Nazirlər Kabinetinin əməkdaşları zəbt ediblər"

Onlar bildiriblər ki, Qarabağ əlilləri və şəhid ailələrinə Nərimanov rayonunda, Əhməd Rəcəbli, 46 ünvanında tikilən evi Nərimanov Rayon İcra Hakimiyyətinin, Nazirlər Kabinetinin, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri zəbt edib: "Yerində villalar, kommersiya obyektləri tikiblər. 36 sotda tikilməli olan kompleksdən cəmi 8 sotda 4 qatlı ev tikilib. Binanın daxili hündürlüyü ən azı 2.70 metr olmalı olduğu halda, əlillər üçün tikilən evdə bu normaya əməl edilməyib və 2,50 - 2.60 metr hündürlüyündə tikilib". 

Sakinlər deyirlər ki, bu qanunsuz tikililərin iştirakında bir neçə dövlət qurumunun əməkdaşı məsuliyyət daşıyır: "Əlillər evi layihədə Əhməd Rəcəbli küçəsinin qırağında nəzərdə tutulsa da, Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məmurları ilə cinayət əlaqəsinə girərək binanın yerində "Nobel Elektrik", "Hilal Elektrik","Omid", "Net Elektrik " kommersiya obyektləri tikiblər". 

"Əlillər evi 4 yandan məmur villaları, obyektləri ilə hasarlanıb"

Etirazçılardan Məğrur Bədəlsoy Arqument.Az-a bildirib ki, əlillər evi məmurların villa və obyektləri ilə əhatə olunub: "Əlillər evi 4 yandan 1 metrlik məsafədən məmur villaları, obyektləri ilə hasarlanıb. Evin pandüsü, kanalizasiyası, TV ötürücüsü, istirahət, uşaqlar üçün oyun meydançası da yoxdur. Qaz 4 ildən sonra çoxsaylı etirazlardan sonra verilib. Amma yenə də qazdan istifadə edə bilmirik. Çünki təhlükəsizlik qaydalarına əməl edilməyib. Elektrik enerjisindən istifadə etmək zorundayıq, bu da pensiyamızı aparır. Burada bir dənə də olsun ağac, yaşıllıq yoxdur. Heç piyada keçidi, svetofor da qoyulmayıb. 7 il qabaq Nəqliyyat Nazirliyinin "Omid"in qarşısında quraşdırdığı dayanacaq köşkünü bir gecənin içində oğurlayıb, hələ də yerinə qoymurlar. Bina 4 yandan hasarlandığından fövqəladə hallarda təcili yardım, yanğın təhlükəsizliyi maşınları girə bilmir. Faktiki blokada şəraitində saxlayıblar bizi". 

"Zaur Ramazanov Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edir?"

Onun sözlərinə görə, dövlət qurumlarına edilən şikayətlər də nəticə vermir: "Amma Fövqəladə Hallar Nazirliyi, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər bağlantılı qurumlara edilən şikayətlər qanuna zidd olaraq barəsində şikayət edilən Nərimanov İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinə göndərildiyindən səmərə vermir. Əksinə, evi zəbt edənlər yeni hasarlama, tikinti işlərini sürətləndirirlər. 15.09.2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib 28.09.2018-ci ildə mitinq keçirməyimizi razılaşdırmasını xahiş etdik. Qurumun şöbə müdiri Zaur Ramazanov mitinqin vaxtından bir gün sonra 29.09.2018-ci ildə axşam saatlarında heç bir əsas olmadan Konstitusiya ilə təsbit olunan sərbəst toplaşmaq azadlığı hüququnun Konstitusiyaya zidd olduğunu bildirib. Bu, özbaşınalıq deyil, bəs nədir? Məgər Zaur Ramazanov Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edir?".

"Oktyabrın 20-də mitinq keçirəcəyik" 

"Bizim evin zəbt olunması davam edir. Bağlantılı qurumların - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsmanın nümayəndələrinin evə baxış keçirməsinə, hüquq mühafizə orqanlarının araşdırma aparmasına nail ola bilmirik. Odur ki, yenidən sərbəst toplaşmaq azadlığı hüququndan yararlanmaq üçün şəhər rəhbərliyinə 20 oktyabr 2018-ci ildə saat 15-dən 17-yə kimi evin qarşısında  mitinq keçirmək haqqında xəbərdarlıq edirik", - sakinlər bildiriblər. 

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanovla əlaqə saxlamağa çalışdıq.
İlk mitinq tələbinə cavab məktubu

Özünü onun köməkçisi kimi təqdim edən və adını açıqlamayan xanım əməkşdaş bildirdi ki, vətəndaşıların müraciəti bu gün daxil olub və qısa müddətdə müraciətə cavab veriləcək: "Onların keçən mitinq müraciətinə "Sərbəst toplaşma azadlığı haqqında" Qanuna əsasən rədd cavabı verilib". 


"Sərbəst toplaşma azadlığı hər bir vətəndaşın konstitusion hüququdur"

Hüquqşünas Ələsgər Məmmədli Arqument.Az-a bildirib ki, sərbəst toplaşmaq azadlığı hər bir vətəndaşın konstitusion hüququdur, buna heç kəs müdaxilə edə bilməz: "Sərbəst toplaşmaq azadlığı öncədən xəbər verməklə mümkün olan azadlıqdır. Yəni hüqiqi baxımdan bu, icazədən asılı bir azadlıq deyil. Təəssüf ki, Azərbaycanda qanunları tərsinə başa düşürlər. Sərbəst toplaşma azadlığını "sərbəst toplaşmama" azadlığı kimi təqdim edirlər. Bu yeni hadisə deyil, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsində çoxsaylı qərarlar var ki, insanların sərbəst toplaşma və özünü ifadə hüququna Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz müdaxiələr olunub. Düşünürəm ki, bu da o çərçivədə olan pozuntulardan biridir və şəxslərin nəinki mülkiyyət, həmçinin sərbəst toplaşma hüququ məhdudlaşdırılır".

Məsud 
Arqument.Az