Şəhla Hümbətova: Penitensiar Xidmət məni ''qara siyahıya'' salıb

Şəhla Hümbətova: Penitensiar Xidmət məni ''qara siyahıya'' salıb

29-05-2019 18:36 / Bu xəbər 1027 dəfə oxundu

"Yeganə ehtimalım Mehman Huseynovun işində Penitensiar Xidmətin sözünə baxmamağımdır"

Vəkil Şəhla Hümbətova cari ilin yanvar ayından cəzaçəkmə müəssisələrinə buraxılmadığını bildirib.

Bu barədə o, "Facebook” səhifəsində məlumat paylaşıb.

Vəkil yazır ki, müvafiq orqanlar onun cəzaçəkmə müəssisələrinə buraxılmaması üçün müxtəlif bəhanələr uydurur.

O bildirib ki, cəzaçəkmə müəssisəsi Penitensiar Xidmətin Baş İdarəsinin üstünə atır, orda isə ümumiyyətlə məsələmə baxılmır.

Vəkilin sözlərinə görə, konkret olaraq, fevral və mart aylarında15 saylı cəzaçəkmə müəssisəsinə iki dəfə buraxılmayıb və səbəbini də 2019-cu il üçün yeni icazə məktubu gətirməli olduğunu bildiriblər.

"Mən Ombudsman Aparatına zəng vurub şikayət etdim və aparatın işçisi Penitensiar Xidmətə bunun qanunsuz tələb olduğunu başa saldı. Razılaşdılar ki, düzdür, məktub tələb olunmur, amma orderi köhnədir, Vəkillər Kollegiyası yeni order forması tətbiq edir, o formada order versin. Mən və Ombudsman aparatının rəsmisi Rəşid Rumzadə başa salmağa çalışmışıq ki, bu yeni müqavilələrə aididir, iki il əvvəl bağlanan müqaviləyə yeni orderi verilə bilməz. Ardınca dedilər ki, kollegiya bizə təzədən məktub yazsın ki, köhnə müqavilələrə aid deyil, çünki yazdıqları məktubdan bu aydın deyil. Beləliklə, 4 saat ərzində mən və Rəşid Rumzadə də israrımıza baxmayaraq içəri buraxılmadım”.

Şəhla Hümbətova deyib ki, 13 may tarixdə yenidən 15 saylı müəssisəsəyə gedib və bu dəfə də yeni görüş məktubu tələb etdilər.

"Mən yenə qanundan əsaslar gətirməyə başlayanda Baş İdarəyə zəng etdilər və sakitcə dedi ki, bizlik deyil, Xidmət belə tapşırıb. Məsələ bundadır ki, görüş məktubu deyilən icazənin qanunsuz tələb olmasına baxmayaraq, biz illərdir Baş İdarəyə ərizə ilə müraciət edib bu məktubun verilməsini xahiş edirik, problem yaranmasın deyə. Adətən problemsiz verilir bir həftə-on gün ərzində və biz gedib məhkumla görüşürük. Bu ilin yanvarına qədər məndə də problem olmayıb, amma görünür, yanvardan mən qara siyahıya düşdüm. Məsələn, 12 saylı cəzaçəkmə müəssisəsində Nardaran məhbusu ilə görüşmək üçün ərizə ilə müraciət etmişəm və beş aydır görüş məktubu verilmir. Halbuki, başqa vəkil həmin müəssisədə digər Nardaran məhbusu ilə görüşmək üçün ərizə verdi və bir həftə sonra ona görüş icazəsi verildi. Yeri gəlmişkən, mart ayında əfv olunan Nardaran məhbusu mənə bildirdi ki, yanvar ya fevral ayında cəzaçəkmə müəssisəsinin işçisi ona deyib ki, baş idarədən vəkilin barədə məktub daxil olub ki, buraxılmasın. Mən onda əhəmiyyət vermədim, düşündüm ki, ola bilməz, nəsə səhv anlayıb. Düz deyirmiş...”

Vəkilin sözlərinə görə, onun "qara siyahı”ya salınmasının yeganə ehtimalı Mehman Huseynovun işində Penitensiar Xidmətin ''sözünə baxmaması" və onların maraqlarına zidd hərəkət etməsidir:

"Mehman Hüseynovun müdafiəsi məhz yanvar ayında olub və ondan əvvəl heç vaxt Penitensiar Xidmətlə problemim olmayıb”.

Şəhla Hümbətova iki həftə əvvəl Vəkillər Kollegiyasının sədri Anar Bağırova, Ədliyyə Nazirinə, Penitensiar Xidmətin rəisinə və Ombudsmana şikayət göndərdirdiyini, amma heç birindən cavab almadığını xatırladıb:

"Eyni zamanda, kollegiyanın sədr müavini Aydın Axundova olayı anlatmışam, araşdırıb həll edəcəyini vəd etdi. İki gün sonra bildirdi ki, mən Penitensiar Xidmətlə danışdım, dedilər nəyisə pozuruqsa, getsin versin məhkəməyə. Belə də edəcəm”.

Vəkil Şəhla Hümbətova müdafiə etdiyi şəxslə görüşməyinin hüquqi tərəfi barədə bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə vəkilin müdafiə etdiyi şəxslə cəzaçəkmə müəssəsində görüşməsi üçün ümumiyyətlə hər hansı bir məktubun və ya icazənin alınması nəzərdə tutulmayıb.

Cəzaların İcrası Məcəlləsinin 81.9-cu maddəsinə əsasən vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Vəkilin səlahiyyətlərini təsdiq edən sənəd vəkil vəsiqəsi və orderdır. Lakin cəzaçəkmə müəssisəsi order və vəsiqə ilə kifayyətlənməyərək məhkumla görüşmək üçün qanunla nəzərdə tutlmayan sənəd (məktub) tələb edir, üstəlik hər il həmin məktubun yenilənməsini istəyir. Bu praktika illərdir davam edərək vəkilin və məhkumun hüququalrının həyata keçirilməsini icazə xarakterli prosedura çevirərək onu Penitensiar Xidmətinin mülahizəsindən asılı vəziyyətə salır.

Təəssüf ki, Penitensiar Xidmətdən hələlik məlumat almaq baş tutmadı.
 
Meydan.Tv