Şəhla Hümbətova: “Vaşinqtonda hər şeyi bilirlər”

Şəhla Hümbətova: “Vaşinqtonda hər şeyi bilirlər”

05-03-2020 12:49 / Bu xəbər 2973 dəfə oxundu

Dünən Vaşinqtonda təşkil olunmuş xüsusi mərasimdə ABŞ dövlət katibi Mayk Pompeo və birinci xanım Melaniya Trampın təqdimatında "Cəsarətli qadınlar” illik mükafatını qəbul edən azərbaycanlı vəkil Şəhla Hümbətova tədbirin ardından Dövlət Departamentinin binasında "Turan"ın müxbiri Ələkbər Raufoğlunun suallarını cavablandırıb. 

Sual: Həyəcanlısınız, amma eyni zamanda mərasim boyu bir qədər də məyus  görünürdünüz. Nə hisslər keçirirsiniz?

Cavab:  Mən çox məyus oldum ki, bizim səfir (Elin Süleymanov) mərasimə gəlmədi. Dəvət edilmişdi və gələcəyini də demişdi. Bilmirəm niyə gəlmədi.

Sual: Ümidləndiyiniz üçün məyussunuz?

Cavab: Əslində gəlməsinə təəccüblənərdim. Amma görəndə ki, iştirakçıların, daha doğrusu, mükafat alanların çoxusunun ölkəsi səfir qismində təmsil olunur, mən özümü bir qədər tək hiss etdim.

Sual: Eyni zamanda ABŞ-ın Bakıdakı səfirinin mərasim iştirakçıları arasında olması diqqət çəkdi.

Cavab: Bəli, cənab səfir (Lee Litzenberger) məni dəstəkləmək üçün xüsusi olraraq bura gəlmişdi. Bu, məni çox qürurlandırdı.

Sual: Bildiyim qədər, cənab Litzenberger başqa bir tədbir üçün artıq bir neçə gündür ki, Vaşinqtondadır. Onunla birbaşa təmas imkanımız oldumu?

Cavab: Bəli, cənab səfirlə bu tədbirdə söhbət etdim və hiss etdim ki, tək deyiləm.

Sual: Azərbaycan səfirinin tədbirə qatılmaması onun təmsil etdiyi hakimiyyətin sizə münasibətindən qaynaqlana bilərdimi?

Cavab: Məncə, bu, bir növ məntiqi idi. Amma belə tədbirlər də hər il baş vermir. Azərbaycandan ilk dəfədir ki, kimsə belə bir mükafata layiq görülüb. Məncə, sırf etiket naminə, öz ölkəsini dəstəkləmək naminə də olsa cənab səfir burada ola bilərdi. Amma görünür ki, siyasətin bir hissəsidir ki, belə qərar verib. Hər halda, biz buna qarışa bilmərik. Bizim işimiz dəvət etmək idi.

Sual: Mən sizi iştirakçılar arasından izləyirdim. Həyəcanınız hiss olunurdu. Hətta arada birinci xanım Melaniya Trampın sizin qulağınıza nəsə pıçıldadığının şahidi oldum...

Cavab: Bu səhər həyəcanlı idim, mükafatı alana qədər... Ümumiyyətlə, mən bu mükafat barədə əvvəllər o qədər də məlumatlı deyildim. Layiq görüldüyümü eşidəndə bu, mənim üçün çox surpriz oldu. Və sonra təbii ki, daha çox araşdıranda gördüm ki, olduqca mötəbər mükafat imiş. Bu isə məni daha artıq həyəcanlandırdı. Və bu həyəcan bu səhər də özünü göstərdi. Bilirsiniz ki, mərasim yüksək səviyyədə təşkil edildiyi üçün bizi xüsusi protokol qaydaları əsasında hazırlamışdılar. Qabaqcadan müəyyən məşqlər etdik, hər bir mərhələyə həssaslıqla hazırlaşdıq.

Sual: Mərasimdə birinci xanımın yanında oturmağınız diqqət çəkdi. Niyə məhz siz?

Cavab: Bəli, mənə deyilmişdi ki, orada oturacağam.

Sual: Axı mükafatçılar arasında 11 digər xanım da var idi.

Cavab: Protokol qaydalarının səbəbini bilmirəm. Bir gün öncə məşqə gələndə gördüm ki, mənim adım xanım Trampın oturacağının yanında yazılmışdı, ona görə.

Sual: Sualı bir qədər dəqiqləşdirsəm, özünüzə qarşı xüsusi bir rəğbət hiss etdinizmi?

Cavab. Bu, mənim üçün olduqca xoşdur. Yəqin ki, protokol qaydaları əlifba və yaxud başqa amillər əsasında formalaşmışdı. Amma bütün hallarda bu, mənim üçün olduqca xoş idi. Hətta mərasimdən əvvəl şəkil çəkdirəndə cənab Pompeo ilə dovlət katibinin həyat yoldaşının yanında dayanmışdım. Mənə qarşı belə bir diqqətin olması olduqca xoş idi. Düşünürəm ki, bu işdə ABŞ-ın Bakıdakı səfiri cənab Litzenbergerin də xüsusi xidməti olub.

Sual: Sosial media bir gün öncə bu xəbəri eşidəndə demək olar ki, partlayırdı. Facebookda Azərbaycandan edilən paylaşımları diqqətlə izlədim və orada bir ada xüsusilə rast gəldim: Anar Bağırov...

Cavab: Bəli, Vəkillər Kollegiyasının sədridir.

Sual: Onun bu işlə nə əlaqəsi?

Cavab: Mənim bu yerə gəlib çıxmağımda deməliyəm ki, Anar Bağırovun çox böyük töhfəsi var  (gülür – red.).  Bunun üçün əslində ona təşəkkür etməliyəm. Ona görə ki, vəkilliyi hazırkı duruma gətirməkdə onun müstəsna rolu var. Belə ki, bu gün bu mükafatı mən nəyə görə alıramsa, Anar Bağırov məni məhz ona görə cəzalandırıb. Yəni ki, insan hüquqları uğrunda mübarizə üçün Azərbaycanda cəzalandırırlar, demokratik ölkələrdə isə mükafatlandırırlar. Ona görə Anar Bağırovun adı çəkilir. Təsəvvür edin, eyni fəaliyyətə görə bir ölkədə cəzalandırılırsan, digər ölkədə isə ən yüksək səviyyədə mükafatlandırlırsan.

Sual: Beləliklə, bugünkü hadisəni ədalətin təntənəsi adlandırmaq olarmı?

Cavab: Mən belə görürəm ki, dünyada dəyərlərə qiymət verirlər. Dünya təkcə bizim ölkədən ibarət deyil. Və burada, dünyanın digər hissəsində insan haqları, sadəcə, bir dəyərdir və bu işə öz həyatını, canını qoyan insanlara dəyər verirlər.

Sual: Mərasim zamanı bizimlə ünsiyyətdə ABŞ rəsmilərindən biri sizin cəsarətinizi həm də gələcək nəsillərə nümunə adlandırdı.

Cavab: Açığını deyim, mənə burada həddən artıq xoş sözlər deyildi. Bir az qəribə gəlir, çünki Azərbaycanda mənim kimi insanlar çoxdur. Bəlkə də bu, şəraitdən doğan bir reallıqdır ki, cəsarətli insanlara ehtiyac var, ona görə biz çoxuq. Az əvvəl burada Tunisdən olan bir tərcüməçi ilə söhbət edirdim. Mənə dedi ki, onun ölkəsində qadınların hüquqları çox yüksək səviyyədə təmin olunub. Amma eyni zamanda Tunisdən heç vaxt heç bir qadın bu mükafatı almayıb. Düşündüm ki, çünki onların cəsarətli olmağa, sadəcə, ehtiyacları yoxdur. Bizim ölkədə isə buna tələbat var, belə ki, mübarizə etməlisən. Əslində mən bunu cəsarət kimi görmürəm, sadəcə olaraq, məncə bu, məsuliyyətli olmaqdan irəli gəlir. Yəni, vətəndaş  vəkildirsə, vəkil kimi, jurnalistirsə jurnalist kimi özündə bir məsuliyyət hiss edir və doğru bildiyi işi görür. Kənardan isə bu, cəsarət kimi görünür.

Sual: Sizinlə yanaşı bu gün daha 11 xanım xüsusi mükafata layiq görüldü. Onlarla özünüz arasında oxşar tale hiss etdinizmi?

Cavab: Bu, çox vacib məsələdir. Biz birinci gündən tanış olanda hər kəs öz hekayəsini danışdı. Və mən fikir verdim ki, mükafatın coğrafıyası - Afrika ölkələrindən tutmuş, ərəb dövlətləri, Çindən olan bir uyğur-qazax xanım, eləcə də Ermənistan və Azərbaycandan gəlmiş xanımlar - geniş xəritəni əhatə edir. Hər birimizin hekayəsi səslənəndə bir anlıq mənə elə gəldi ki, sanki hamısını çoxdan eşitmişəm. Yəni, biz eyni işi görürük, eyni dəyərləri bölüşür və mübarizə aparırıq. Aramızda vaxtilə siyasi məhbus olmuş qadınlar da var idi. Onları dinlədikdə yadıma müdafiə etdiyim hər kəsin hekayəsi düşürdü. O qədər kədərli hekayələr var idi ki, biz ilk gün görüşəndə hamı ağlayırdı. Amma eyni zamanda hamımız bu gün buradayıq: bir məkanda, bir vaxtda...

Sual: Sizcə, Vaşinqtonda rəsmilərin sizin Bakıda başınıza gələnlərlə bağlı kifayət qədər məlumatı varmı?

Cavab: Mənim müşahidələrimə görə, burada region üzrə çalışan rəsmilər vəziyyətdən çox yaxşı xəbərdardırlar və bir-biriləri ilə olduqca yaxşı əlaqədədirlər. Görüşlər zamanı mən fikrimi ifadə etməmiş artıq özləri mənə hər şeyi danışırdılar. Hər şeyi bilirlər. Bu, məni təəccübləndirdi, doğrusu.

Sual: Birinci xanım Tramp və dövlət katibi Pompeo fotoçəkdirmə mərasimində sizin yanınızdan çəkilmirdilər. Azərbaycanda da eyni statuslu rəsmilərlə  foto çəkdirmək imkanını nə zamansa real sayırsınızmı?

Cavab: Yəqin ki, indiki durumda bu, mümkün deyil. Fikir verin, burada Ermənistandan bir xanım jurnalist də mənimlə bərabər mükafat aldı, Lüsi Köçəryan. Onu dəstəkləmək üçün Ermənistanın birinci xanımı, bu ölkənin ABŞ-dakı səfiri və digər tanımadığım bir neçə şəxs komanda şəklində buraya gəlmişdilər. Mərasim boyunca onun yanında oldular, dəstək verdilər. Fərqi görürsünüzmü? Məni dəstəkləmək üçün bizim heç səfirimiz gəlmədi.

Sual: Artıq beynəlxalq səviyyədə tanınmış vəkilsiniz...

Cavab: Sadəcə, mükafatlandırılmışam (gülür).

Sual: Həm də tanınırsınız... Bu, sizin fəaliyyətinizə gələcəkdə necə təsir göstərəcək?

Cavab: Vəziyyətim aydındır. Məni Vəkillər Kollegiyasından xaric etmək barədə qərar qəbul edilib və artıq iş məhkəməyə də göndərilib. Aprel ayında ilk məhkəmə olacaq. Heç bir gözləntim yoxdur, çünki mən ədalət mühakiməsinin vəziyyətinə, eləcə də kollegiya rəhbərliyinin məqsədinə çox yaxşı bələdəm. Amma mən kollegiya üzvü olmasam da bu, o demək deyil ki, fəaliyyətimi dayandırıb kənara çəkiləcəyəm. Xeyr. Əksinə, bu, məni daha da ruhlandırır ki, fəaliyyətimi digər istiqamətlərdə davam etdirim. İnsan hüquqlarını, ədaləti müdafiə etmək üçün mütləq vəkil olmaq lazım deyil. Yetər ki, bunu hiss edəsən.

Sual: Sizi mükafatlandıranlar cəsarətinizi həm də gələcək nəslə nümunə adlandırırlar...

Cavab: Bu mükafat sırf cəsarətli qadınlar üçün nəzərdə tutulub. Azərbaycanda həqiqətən də çox cəsarətli qadınlar var. Məhz gənclər içində, yeni yetişən xanımlar 8 martda qadın hüquqları uğrunda marş edəcəklər. Ötən il də bunu etmişdilər, döyülmüşdülər də... Qadınların hüquqları və məişət zorakılığı barədə xəbərləri izləmək kifayətdir ki, ölkədə görüləsi işin çox olduğunu başa düşək. Mənə təsəlli verən odur ki, bizim kifayət qədər irəlidə gedən cəsarətli xanımlarımız var. Onlarla fəxr edirəm və hamısına demək istəyirəm ki, baxın mənə.. 

Ələkbər Raufoğlu
Vaşinqton