Şəhla İsmayıl: "“Qeyri-hökümət” ifadəsi hər zaman “anti-hökümət” kimi anlaşılır"

Şəhla İsmayıl:

20-08-2018 16:08 / Bu xəbər 5067 dəfə oxundu

"Azərbaycanın həqiqi inkişafı QHT kimi böyük bir sektorun inkişafı olmadan mümkün deyil”

"Bir gün Azərbaycan vətəndaşı ölkəsinin problemlərinə və çıxış yollarına sahiblənəcək, çıxış yolunu ölkədən getməkdə deyil, ölkədə qalıb hədəflərini müəyyənləşdirilməsində görəcək. Bax o zaman hər şey dəyişəcək”.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) rəhbəri Şəhla İsmayılla  Azərbaycanda QHT sektorunun mövcud durumunu müzakirə etdik.

– QHT sektorunda nə vaxtdan çalışırsınız? Təşkilatınız nə vaxt yaranıb? 

- RİQC 2002-ci ilin iyul ayında yaradılıb. 2005-ci ilin fevral ayında qeydiyyatdan keçib. Təşkilatı yaratmaqda məqsədimiz qadınların inkişafına və qadınların inkişafı nəticəsində bilavasitə ölkənin inkişafına töhfə verməkdir. Ümumikdə, QHT sektorunda özüm 20 il bundan öncə başlamışam, amma təşkilatımızın 16 yaşı var.

- Keçdiyiniz yola baxanda nə düşünürsünüz, bu illər ərzində bu yolda hansı çətinliklərlə üzləşdiniz? 

- Çətinliklərimiz az olmayıb və fərqli müstəvilərdə olub. Fəaliyyətin əvvəlində təşkilatı idarəetmə sahəsində bilik və bacarıqlarımızın beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetməni yüksək keyfiyyət səviyyəsinə çatdırılması ilə bağlı çətinliklərimiz olub. Biz bu mərhələni nisbətən qısa müddətdə dəf edə bildik. Çünki hədəfli təlim və tədbirlərdə iştirak edirdik, araşdırmalar aparırdıq və bu boşluğu tamamlamaq üçün bütün səylərimizi səfərbər edirdik. Ona görə bu məsələ ilə bağlı çətinliklərimizi qısa zamanda həll edə bildik. İdarəetmə məsələlərini standartlara uyğunlaşdırdıq, səviyyəmizi beynəlxalq standartlara qaldırdıq.

Lakin bir QHT olaraq, bizim daha boyük bir çətinliyimiz var və hesab edirəm ki, bunu bütün Azərbaycan QHT-ləri bu və ya digər şəkildə yaşayır. Ölkədə QHT, yəni qeyri-hökümət təşkilatı konsepsiyası yanlış anlaşılır və hamımız bundan irəli gələn xeyli problemlərlə üzləşirik. "Qeyri-hökümət” ifadəsi hər zaman "anti-hökümət” kimi anlaşılır bu cəmiyyətdə. Təəssüf ki, hökümət də bizi məhz bu cür qəbul etdiyi üçün süni maneələrlə üz-üzə qalırıq. Bu həmişə olub, amma bildiyiniz kimi 2014-cü ilin əvvəlindən etibarən Azərbaycan QHT-si tamam fərqli bir dövrə qədəm qoydu. Belə ki, QHT-lərin fəaliyyətini nizamlayan və inkişafına təsir edən bir neçə qanun ciddi sürətdə dəyişdi. Bir neçə gün ərzində QHT-lərin inkişafı üçün lazım olan münbit şərait tamamən yox oldu. Təqiblər, sıxıntılar, məhduduyyətlər… O vaxtdan etibarən mən deyərdim ki, təşkilatımızın ən ağır dövrü başladı. Amma ən çətin dövrümüz konkret olaraq 2015-16-cı illərdə olub, təşkilatımız istintaqda olanda. O istintaq dövrü nəinki təşkilatın həyatında, şəxsən mənim həyatımda da ən ağır, ən acılı zaman idi. Çünki həm böyük bir stres idi, həm də böyük məsuliyyət. Həmin müddət üçün təşkilatın bütün fəaliyyət dövrü təftiş olunurdu. Yəni həm mənəvi, həm fiziki cəhətdən ağır sınaq idi.

- Təşkilatın eniş və yüksəliş dövrü hesab etdiyiniz dövrlər hansı mühüm hadisələrlə bağlıdır?

- Ən böyük enişimiz qeyd etdiyim məlum səbəblər ucbatından 2014-ci ildən sonrakı dövrə təsadüf edir.  Ölkədəki bütün QHT-lər üçün əlverişsiz bir zaman başladı. Təşkilatın istintaqa cəlb olunması təşkilatın bacarıqlarına zərbə vurdu, maliyyə vəziyyətini zəiflətdi. Vəkillik hədəflərimizə, ictimai imicimizə təsir etdi. Bu gedişat təkcə bizdə deyil, bizim simamızda bütün QHT sektoruna təsir etdi. Dediyim kimi, istintaq dövrü bizim təşkilatda mənə görə ən böyük eniş idi. Halbu ki, onun özünün də maraqlı tərəfləri var idi. Bir xeyli dərslər öyrəndik, yeni məqamlar kəşv etdik, insanların yanaşmasını gördük, saf-çürük etdik, dar gündə bizimlə yol gedəcək dostların, təşkilatların kimlər olduğunu özümüz üçün müəyyən etdik. Bizdən vaxtilə bəhrənənlərin bir qisminin həmin müddətdə yanımızda olmadıqlarının şahidi olduq. Hətta özümüzə yaxın bildiyimiz insanlar arasında belə qorxanlar, məsafələnənləri gördük. Çoxu nə olar, nə olmaz deyə ehtiyat etdi. Bu da adama çox ağır gəldi, amma sonradan hamısı bizə dönəndə, heç nə olmamış kimi bizi təbrik edəndə ikiqat ağır gəldi. Sanki bizə xəyanət etdilər.

Uğurlu məqamlarına gəlincə isə, bunların da sayı az deyil. Təşkilatın həyatında xeyli mühüm hadisələr baş verdi ki, bu da təşkilatın inkişafına təkan verdi. Məsələn, 2007-ci ildə bu ofisə köçməyimiz, yəni təşkilatın özünün yeni ofisinin olmağı, kiminsə küncündə, guşəsində deyil məhz öz öfisimizin olmağı mən deyərdim təşkilatın ən uğurlu səhifələrinə qədəm qoyan bir amil idi. Daha sonra, təşkilatdaxili strukturu təkmilləşdirmək, prioritet proqramlarımızı və hədəfli üç illik planımızı müəyyən etmək ciddi addım idi. O günlər dünənki kimi yadımdadır – təşkilatımız üçün strateji əhəmiyyət kəsb edən mərhələdə idik və olduqca emosional bir yüksəliş hissini yaşayırdıq.

Layihələrimizlə də bağlı xeyli uğur hekayələrimiz var. Hər bir layihə bizim üçün çox əzizdir, hər birinə can qoyur, uğurlarına sevinirik.  Hər birində özümüz üçün özəl mənası olan kiçik epizodlar var. Hər biri bir məktəbdir, bir dünyadır bizim üçün. Məsələn, bizim "Analıq məktəbi” adlı layihəmiz var idi. Düz 8 il ərzində biz onu yürütdük və artıq ölkədə xeyli tanıdırdı. İllik 250-yə yaxın məzunu vardı, cəmi isə məzunların sayı 2000-ni aşmışdı. Dünyanın hər yerindən Analıq Məktəni ziyarət edənlər vardı, rayonlardan rayon filiallarımızı açmaq üçün xahiş və müraciətlər vardı. Xəstəxanalarda, o cümlədən dövlət xəstəxanalarında Analıq Məktəbini tanıyırdılar, bizim məzunlarımızın doğuşa daha hazırlıqlı olduqlarını bilirdilər, kurslarımızı təqdir edirdilər. Və bu böyük uöur idi – məzun qadınlarımıza xəstəxanalarda münasibət dəyişəndə, biləndə ki, bizim analıq məktəbindən keçiblər, görəndə ki, analıq halına daha hazırlıqlıdırlar, həkimlər tərəfindən bu qeyd ediləndə  və geri bildirim alanda bu o qədər qürürverici bir hiss olurdu ki. Bu artıq o demək idi ki, zəhmətimizin bəhrəsi var, yeni bir səviyyə, yeni bir yanaşma var.

Yaxud da kiçik bizneslərinin təsisinə kömək etdiyimiz qadınların (hansı ki, yüzlərlə belə qadına kömək eləmişik) sayının çoxalmasının şahidi olmaq, onların inkişaflarını görmər çox möhtəşəmdir. Məsələn, köməksiz bir gənc qız səylərimiz nəticəsində illər sonra tanınmış bir biznes lediyə çevrilir Onun uğurlarını görmək, sərgilərində iştirak etmək, inkişafına şahid olmaq emosional cəhətdən olduqca gözəl hisslərdi. Şəxsən mən elə qadınların uğuruna özümün şəxsi uğurum qədər sevinirəm. Çünki onun əvvəl harda, indi harda olduğunu görürsən və bu uğurda sənin böyük payının olduğunu bilirsən. Məhz buna görə təşkilatımızı çox sevirəm, layihələrimizi sevgi ilə yaradıram. Bunu zatən sevgisiz etmək olmur. Hər bir uğur bizim yüksəlişimizin əlavə bir töhfəsidir.

- Hökümətin QHT-lərə donor təşkilatların qrant ayırması barədə qanuna 2014-cü ildə də dəyişiklik ediləndən sonra ötən il yenidən Milli Məclis bu məsələ ilə bağlı yeni, QHT-lərin işini bir az da çətinləşdirən qərar qəbul etdi. Belə bürokratik qərarların verilməsi işinizə necə təsir göstərdi? 

- Böyük təsir göstərir, təşkilatın əvvəlki imkanlarından əsər-əlamət qalmayıb. Əslində təşkilatın birbaşa fəaliyyəti ümumiyyətlə yoxdur. Təşkilat heç bir maliyyə ala bilmir. İstər xidmət, istər qrant müqaviləsi ilə bağlı ciddi hüququ maneələr olduğundan, artlq 5 ilə yaxındır ki, təşkilatın hesabları sıfıra bərabərdi. Amma təşkilatın adını biz süni surətdə yürüdürük. Yəni burada birləşən, cəmləşən insanlar üçün təşkilat bir platformadı, artıq fərdi qaydada xidmətlər göstəririk. Hər birini təşkilatın adı altında etməyə çalışırıq ki, təşkilat unudulmasın, təşkilatın loqosu tanınsın, təşkilatın töhfəsi olan potensial itməsin. Yəni bu alternativ iş üsuludur, dəyişilmiş idarəetmə növüdür. Bir çox ölkələrdə böhran dövrlərində bu tipli alternativ çıxış yollardan istifadə olunub və təşkilatları bu cür yürüdüblər. Lakin bu müvəqqəti bir dönəm üçün yararlı üslubdur, bizim QHT-lərin böhran dövrü isə çox uzun sürdü. Artıq beş ildir ki, Azərbaycanda QHT sektoru bir sector olaraq, vətəndaş cəmiyyəti toplumu olaraq çox böyük çətinliklərə və zərbələrə məruz qaldı. Sabah qanun dəyişsə bu sektorun reabilitasiyası üçün heç olmasa 3-4 il lazım olacaq. Çünki illərlə maliyyə almayan təşkilatın insan resursları, təşkilati bilik və bacarıqları, siyasət sənədləri, illik planları, dövrü hesabatları yox səviyyəsinə enibdir. Üstəlik tanınmaq, görünümlük məqamı. Sanki sıfırdan başlamaq lazımdı. Yenidən insanlar işə cəlb olunmalı, onların bilik və bacarıqlarını artıracaq proqramlar təşkil olunmalıdır. Azərbaycana donorlar geri dönməlidir, araşdırma və qiymətləndirmələr edilməlidir, yeni planlaşdırmalar və koordinasiya işi qurulmalıdır – 5-illik fəaliyyıtin boşluqları boyükdür. Yenidən o donorlara özümüzü tanıtmalıyıq, yenidən münasibətlər qurmalıyıq, kiçik layihələrdən yavaş-yavaş böyük layihələrə qədəm qoymalıyıq və sair və ilaxir. Sanki eyni prosesi biz ikinci dəfədə keçməli olacağıq və təəssüf ki, hələ o günün gəlməsinin bir işarəsi belə yoxdur. O gün nə vaxt gələcək, bu ölkədə QHT-lərlə bağlı müsbət qərarlar nə vaxt veriləcək? Suallar çoxdur… Elə bu səbəbdən bir çox mütəxəsislər QHT sektorundan çəkildilər, insanlar illərlə gözləyə bilmir və fərqli sektorlara keçməyə məcbur olurlar. QHT sektorunda qalanlar isə fədakarcasına bütün çətinliklərə rəğmən təşkilatlarının adlarını yaşatmaq üçün çabalayır. Hesab edirəm ki, son 5 ilin hadisələri müasir dövrün QHT sektoru üçün yaşadığı ən böyük zərbələrdən biri oldu.

- Hazırda QHT sektorunun fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

- Qətiyyən qənaətbəxş hesab etmirəm. Bu da onların iradəsindən və ya bacarıqsızlığından deyil, hökümətin bu məsələdə çox konkret yanaşmasından irəli gəlir. QHT-lərin maliyəyə çıxışları yoxdur, yeganə mənbə yerli donorlardır. QHT-lərin yalnız QHT Şurasının və bir neçə nazirliyin dəstəyi ilə keçirilən layihələri var. Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyin ayırdığı kiçik fondlarla bəzi işlər görülür, amma ümumi götürsək, hamısının birgə olan maliyyə zərfi əvvəlki illərdə beynəlxalq təşkilatlardan alınan zərfdən 4-5 dəfə daha kiçikdi. Bu da qətiyyən QHT sektorunun ehtiyaclarını qarşılamır və ona görə fəaliyyətlərin həm miqyası çox azalıb, həm də dərinliyi yoxdur. Kiçik həcmli layihələr adətən qısa müddətli olur, bu da yaxşı halda onların sağ qalmasına köməklik  edir. Lakin ciddi bir dəyişiklik etmək üçün cari maliyyə və fəaliyyət yetərli deyil.

- "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” adlı bir qurum var. Bu qurumun keçirdiyi qrant müsabiqələrindən yararlana bilirsiniz?   

- Bir çox ölkələrdə dövlət QHT-rə dəstək verir, hətta böyük beynəlxalq təşkilatların arxasında əksər vaxtı dövlətin ciddi maliyyə dəstəyi olur. Lakin bizdə şərait başqadır, Azərbaycan konteksti fərqlidir. Bizdə dövlətin maliyyə dəstəyini almaqla QHT-lər müstəqilliyini hər zaman saxlaya bilmirlər. Asılı vəziyyətə düşürlər, məsələlərə tənqidi yanaşma azalır, bəzən tamamən itir. Məhz bu səbəbdən biz heç vaxt dövlət tərəfindən verilən maliyyə ilə əlaqəli olan müsabiqələrə qatılmamışıq. Üstəlik yanaşmamızın başqa bir səbəbi də olub – biz 2014-cü ilədək ciddi maliyyəsi olan bir təşkilat idik. İri həcmli layihələrə imza atmışdıq, iş meyarlarımız və miqyasımız kifayət qədər əhəmiyyətli idi. Ona görə kiçik maliyyə verən müsabiqələrə (həm yerli, həm xarici) etik səbəblərdən qatılmırdıq. Balaca təşkilatlara rəqib olmurduq, dil baryerlərini nəzərə alırdıq ki, imkansız təşkilatlar dövlət maliyyəsindən yararlana bilsin. Bu təşkilatımızın şüurlu və strateji qərarı idi. Hesab edirdik ki, ciddi bir səviyyəyə çatmış təşkilat olaraq, balaca yeni bir təşkilatın payına girmiş ola bilərik. Ona görə İdarə Heyətimizin hətta qərarı vardı – 15 min manatdan aşağı büdcəsi olan layihə üçün müraciət edilmirdi. Həm də layihələrimizin xarakteri daha uzunmüddətli və həcmli idi, bizə kiçik layihələrlə işləmək artıq uyğun gəlmirdi, hədəflərimiz böyük idi. 

2014-cü ildən bu tərəfə isə baxmayaraq ki, Azərbaycan QHT-ri üçün yeganə maliyə mənbəyi milli fondlar oldu, biz yenə də müraciət etməmək qərarına gəldik. Çünki böhran dövründə maliyyəmizin yeganə olaraq dövlətdən olmasını istəmirdik, bu bizim müstəqilliyimiz və obyektivliyimiz üçün sual doğurardı.

Ümumiyyətlə isə, QHT Şurasının Azərbaycanda yaradılmasını təqdirəlayiq hal hesab edirəm. Bu Şuranın maliyyəsi hesabına yüzlərlə kiçik, o cümlədən rayon QHT-ləri, inkişaf edib. Lakin, neft ölkəsi olmağımızı nəzərə alaraq dövlətin QHT-lərə ayırdığı maliyyənin həcmini adekvat saymıram. Hesab edirəm ki, Azərbaycanda QHT-lər üçün milli fond daha həcmli olmalıdı. Amma özü-özlüyündə QHT Şürasının olması yaxşıdı, şəffaflığı da var. Müsabiqələr barədə elanlar verilir, müraciət edənlərin siyahı var, qaliblər və layihələr haqqında məlumat açıqdır. Digər nazirliklərlə müqayisədə çox şəffafdırlar. Bəlkə idarəetməsində hansısa çətinlikləri var, narazı insanlardan bəzən eşidirik ki, müraciətlərə düzgün baxılmayıb və sairə. Amma imtina edilən təşkilatlar həmişə narazı olur, bu xarici təşkilatlara yönəlik də olur. Ona görə bu amili obyektiv meyar saymaq olmaz.

- Kifayət qədər samballı layihələr təqdim edirsiniz. Komanda işini necə qurursunuz?    

 –Bizim işimiz həmişə komanda işi olub. Təşkilat həqiqətən bir təşkilat formasında fəaliyyət göstərir. Yəni bu bir insanın adına, bir insanın fəaliyyətinə bağlı bir şey deyil. Təşkilatın konkret mandatı var, konkret fəaliyyət planı var. Siyasi sənədləri, strategiyası var. Ona görə bizdə hər zaman İdarə heyəti və işçi heyəti olubdur. Üzvlərimiz və təşkilata dəstək verənlər var. Bizimlə eyni şəbəkədə olanlar var. Mən komanda deyəndə tək ofisdə oturan işçiləri deyil, bunların hamısını, ümumiyyətlə yuxarıdan aşağıya qədər bizimlə olan bütün insanları, funksionerlərimizi, təlimçi bazamızı, mütəxəssislərimizi, bizimlə vəkillik işi görən hər kəsi nəzərdə tuturam. Təşkilatın nəznində ayrı-ayrı qurumlar var, məsələn, gender məktəbi, qadın parlamenti. Yəni bunun hamısı bilavasitə bizim təşkilatın insan resurslarıdı, insan potensialıdı, böyük bir Komandadır.

Onu da deyim ki, hər təşkilat komanda ilə işləyə bilmir. Təşkilatların bəziləri kiçik işçi heyəti ilə işləməyə üstünlür verir. O, da normaldır. Bilirsiniz də, bəşəriyyəti, insanları iki yerə klasifikasiya etmək olar. Bir qismi birləşdiricilərdir,  digəri isə ayıranlanlar – ingilis dilində buna connectors və dividers deyirlər. Biz həmişə birləşdirici olmuşuq, yəni niyyətimiz bu olub. Həmişə səylərin bərabər olmasında gücümüzün çox olmasına inanaraq hər zaman tək yox, bərabər yürüməyə üstünlük vermişik. Birgə, bərabər, sevgi ilə…

- Azərbaycan qadınlarının rasional inkişafına töhfə verə bilirsiniz?

- Əlbəttə, vermişik. Layihələrimizin hamısında uğur hekayələrimiz saysız-hesabsızdı. Yüzlərlə sahibkar qadınlarımız var ki, bizneslərini qurublar, iqtisadi cəhətdən gücləniblər, ailələrini fərqli maliyyə müstəvisinə gətiriblər. Biz "Analıq məktəbi” də elə xidmətlər göstərmişik ki, sıradan qadınlar reproduktiv sağlamlıq mövzusunda sıfır vəziyyətindən o qədər maariflənib ki, və sonradan bu movzu onu o qədər çəkib ki, tanınmış təlimçisi olub mövzunun. Zorakılığa məruz qalan qadınlara yardım edirdik. Yəni qadınları ilk öncə müdafiə edirdik, sonra maarifləndirirdik, daha sonra bilik və bacarıqlarına töhfə verirdik. Maddi dəstək də xeyli vermişik, pul deyil ehtiyacı olan maddi resursla təmin etmişik. Məsələn, yoxsul və savadsız bir qadın müraciət edir, iş istəyir. Müsahibə keçiririk, insanın qabiliyyətini araşdırırıq. Bəlli olur ki, tikiş tikmək qabiliyyəti var, amma tikiş maşını yoxdur. Ona həmin maşını alıb veririk, bu da onun ailəsini sıfır vəziyyətindən xeyli qaldırır. Yani birdıfəlik yardımı faydalı formada edirik ki, kanardan asılı olmasın, özü öz ailəsini saxlaya bilsin. Artıq bu yardımı hansı formada edirik, şəxsən özümüzmü pul toplayıb alırıq və yaxud hansısa sponsorun vasitəsi ilə alırıq, bu misaldan misala fərqlənir. Önəmlisi odur ki, heç vaxt yaxamızı kənara çəkmirik. Müraciət edənlər tək maliyyə üçün etmir, müdafiə üçün də edir, məsləhıt üçün də. Keyzlər fərqlidir, bu kiçik miqyaslı işlərimizdir.

Bir də böyük işlərimiz var. Yəni qadınların hüquqlarına, bilavasitə əhalinin hüquq səviyyəsinin yaxşılaşdırılmasına töhfə verdiyimiz işlər var. Məsələn, qadın, sülh və təhlükəsizliyi mövzusunda BMT-nin Təhlükəsizlik Şurasının ilk 1325 saylı qətnaməsi var. Azərbaycanda onun ilk fəaliyyət planının layihəsini biz hazırlamışıq. Və ya digər misal. Azərbaycan BMT-nin CEDAW Konvensiyasını 1995-ci ildə ratifikasiya edib, 4 ildən bir Hökumət CEDAW Komitəsinə hesabat verir, ölkənin qadın hüquqları ilə bağlı vıziyyəti icmal olunur. Təşkilatımız o Komitəyə tam kölgə hesabatını və tövsiyyələrini verib və bu tövsiyələrin 80 faizdən yuxarı qismi Komitənin hökumət üçün olan tövsiyələrində öz əksini tapıb.

Təbii ki, bu təcrübə və nəaliyyətlərlə fəxr edirik. Amma onu da deyim ki, imkan və münbit şərait olsa bundan daha artığını edə bilərik. Həm planlarımız, həm də bacarıqlarımız imkanlarımızdan xeyli böyükdür, mövcud məhdud resurslara qarşı proporsional deyil.

- Azərbaycanda QHT sektorunun gələcəyini necə görürsünüz, görmək istəyirsiniz?  

 – Bilirsiniz, Azərbaycanda QHT sektorunun gələcəyi ölkənin gələcəyindən asılıdır. Heç bir sektorun inkişafı ölkənin ümumi inkişafından ayrıla bilməz. Ölkədə problemlər varsa həmin ölkənin bütün sahələrində problemlər olacaq. Hal-hazırda QHT-də olan problemlər bilavasitə ölkədə olan problemlərlə, yəni sərbəst toplaşma azadlığı, söz azadlığı, hərəkat azadlığına olan məhdudiyyətlərlə bağlıdır. Siyasi sabitliyin pozulması ilə bağlı bir xof, bir qorxu var. Hökumət QHT-ləri xarici agent qismində qəbul edir, qorxur ki, QHT-lər mili maraqlara zidd olan fəaliyyətlər göstərəcək. Halbuki, hökümətin QHT ilə həqiqi dialoqu olsa, bizim milli maraqlar uğrunda və milli təhlükəsizlik müstəvisində ən azı onlar qədər yandığımızı görər. Azərbaycanı inkişaf etmiş bir ölkə kimi görmək istəyimizi anlayar.

Amma hökumət bir məqamı da anlamalıdılar ki, Azərbaycanın həqiqi inkişafı QHT kimi böyük bir sektorun inkişafı olmadan mümkün deyil. Bütün dünya praktikasına baxsaz görərsiniz ki, QHT-lərin töhvəsi hökumət tərəfindən nə qədər təqdir olunur. Məsələn, dünyanın ən inkişaf etmiş ölkələrdən biri olan İsveçdə 200 000-nə yaxın QHT var. Və QHT-ni yaratmaq, yürütmək və maliyyələşdirmək bizimlə müqayisə olunmayacaq qədər asan və əlçatandır. Orada QHT yaratmaq 10 dəqiqəlik bir qərara bağlıdır və qətiyyən bürokratik prosedur tələb etmir. Ölkədə demək olar ki, problem yoxdur, buna rəğmən QHT-lərin sayı o qədər çoxdur ki, QHT hər bir məsələdə var, hər bir məsələyə diqqət yetirir, töhfə verir. Amma Azərbaycan kimi problemli ölkədə QHT sektorunun olmaması, QHT-nin özünün bir problemə çevrilməsi yolverilməz bir haldır.

Sualınıza cavab olaraq bir daha vurğulamaq istəyirəm ki, QHT-nin gələcəyi bilavasitə ölkənin gələcəyindən asılıdır. Hazırda çox realistik görsənməsə də, həm ölkənin, həm də QHT sektorunun gələcəyini çox parlaq görürəm. İnanıram ki, zaman hər şeyi yoluna qoyacaq və bir vaxt gələcək ki, bunların hamısı dəyişəcək. Bir gün Azərbaycan vətəndaşı ölkəsinin problemlərinə və çıxış yollarına sahiblənəcək, çıxış yolunu ölkədən getməkdə deyil, ölkədə qalıb hədəflərini müəyyənləşdirilməsində görəcək. Bax o zaman hər şey dəyişəcək. Yəni gələcək insanların əlindədir. Gələcək xaricdən gəlməyəcək, hansısa bir təşkilat tərəfindən gətirilməyəcək. İnsanlar özləri istədikləri gələcəyi əldə etməlidir, özləri hüquqlarına, bu Vətənə sahib çıxmalıdı, özləri arzularının Azərbaycanını yaratmalıdır. Belə olan halda həm ölkənin, həm də bizim sektorun gələcəyi parlaq olacaq.

- Hazırkı dövrdə Azərbaycanda qadın siyasəti və gender bərabərliyi istiqamətində fəaliyyət nə yerdədir?

-Bəzi addımlar və nəaliyyətlər var təbii ki. Deyək ki, 2006-cı ildə gender bərabərliyi, 2010-cu ildə məişət zorakılığı ilə bağlı qanun qəbul olunub. Bu müqayisəni götürsək görərik ki, bəzi ölkələrdə heç bu qanunlar qəbul da olunmayıb. Amma bu qanunların mövcudluğu hələ o demək deyil ki, bu qanunlarda olan müddəalara əməl olunur. Görüləsi həddindən artıq çox iş var. Bu qanunların icrası üçün milli fəaliyyət planı, ayrılan büdcəsi yoxdur. Bunlar hələ havada asılı vəziyyətdədir. Diqqət yetirsəniz ki, biri 2006-da, digəri 2010-cu ildə qəbul olunub, bu artıq bəzi cavabları verir. Yəni atılan addımlar yarımçıqdır. Strateji qərarlar olmadan bütün səylər pərakəndədir. Quyuya vedrə ilə su tökmək kimi bir şeydi. Yəni strateji plan onun üçündür ki, yaxın və uzaq hədəflər müəyyən olunsun. Əks halda əbəs olar. Düzdür etməməkdənsə nələrinsə edilməsi təqdirəlayiqdir. Olanları təqdir edirəm, olmayanıları da daima vurğulayıram. Son 10-15 ildə Azərbaycanın sahib olduğu maliyyə resurslarını nəzərə alsaq Azərbaycanı ən inkişaf etmiş ölkələrdən biri etmək olardı. Ona görə ölkənin bu günkü vəziyyəti və mövcud problemləri insanı sarsıdır. Niyə insan kapitalına yatırım olunmadı, niyə insanların rifahına yönləndirilmiş proqramlar və layihələr bu qədər az oldu? Niyə insanlar kütləvi şəkildə ölkədən təhsil almağa, müalicə olunmağa, işləməyə və sadəcə yaşamağa gedirlər? Əslində, "niyə”lərin cavablarını bilirik, eyni zamanda bu vəziyyətin yanlış olduğunu görürük və dəyişməsini çox istəyirik.

- RİQC Azərbaycan qadınlarının müəyyən baryerləri aşmasına hansı töhfələri verəcək?

- Təbii ki, verəcəyik. Sualınıza konkret cavab olaraq deyim ki, bu məsələnin əsas açar yollarından biri gender rollarının dəyişməsidir. Yəni qadının və kişinin bərabərliyini ailə-məişət səviyyəsində başlamaq lazımdı. Daha sonra o dairələri genişləndirmək lazımdır. Hər kəs özündən başlamalıdı. Kişi də, qadın da. Əgər bu gün streotiplərdən narazı qaldığımız halda öz övladımıza belə yanlış tərbiyə veririksə, qızla-oğlanın tərbiyəsində fərqlər qoyuruqsa heç bir dəyişiklik olmayacaq. Bu zəncir qırılmadan nəsildən-nəsilə ötürüləcək. Çünki bu gün bizim yetişdirdiyimiz övladlar sabah gələcəyin ya parlaq vətəndaşları olacaq ya da zorakılıq törədən insanları. Bu bizim özümüzdən asılıdır. Təhsilin də rolu var, ancaq ailənin rolu danılmazdır. Hər kəs öz üzərinə düşən məsuliyyəti anlasa vəziyyət yaxşıya doğru dəyişəcək. Mən əslində yeni bir söz demədim, dediklərimi hamı bilir, amma etiraf etmir. Bəzən mən gender bərabərliyi haqqında danışanda məndən soruşurlar ki, sən kişinin mətbəxdə olmağını istəyirsən. Xeyr, mən bunu istəmirəm. Mən kişinin mətbəxə münasibətinin dəyişməsini istəyirəm. O mətbəxdə ola da bilər, olmaya da bilər. Amma o ailənin bir üzvü olaraq istənilən məsələsini, qarşıda duran istənilən problemi həyat yoldaşı ilə bərabər çözməsini, ən azından buna münasibətinin dəyişməsini istəyirəm. Bu dəyişir, amma tədricən baş verir, kiçik addımlarla.

- Qadın üçün vacib olan, həyat yoldaşı, ana və iş qadını olmaq çətin olmur ki? Vəzifələrinizin öhdəsindən necə gəlirsiniz?

- Çətin olmur, çox çətin olur. O qədər çətin olur ki, bəzən. Mən bunu edə bilirəm, bacarıram. Amma bunu nəyin hesabına, nəyin bahasına bacarıram, bunu bir özüm bilirəm, bir də Allahım bilir. Yəni öz şəxsi hüququma müdaxilə edərək, yuxusuz, istirahətsiz şəkildə hər şeyin öhdəsindən gəlirəm. Siz 3 vəzifə saydınız, əslində isə vəsifələrim 3-dən də çoxdur. Həm yaxşı ana, yaxşı həyat yoldaşı, yaxşı övlad, yaxşı gəlin, yaxşı qohum, yaxşı ictimaiətçi, yaxşı mütəxəssis, yaxşı rəhbər olmalıyam. Üstəlik, pozitiv, sakit və təmkinli olmalıyam. Əlçatan və faydalı olmalıyam. Bütün işgüzar qadınlarda da aşağı-yuxarı bənzər vəziyyətdir. Eyni zamanda, cəmiyyətin bir tələbi də var ki, əgər müəyyən bir nüfuza sahibsənsə hər zaman yaxşı görsənməlisən, müəyyən standartlara uyğun olmalısan, müəyyən davranışa riayət etməlisən. Bunların hamısı böyük məsuliyyət və zəhmət tələb edir və Azərbaycan qadını bunun öhdəsindən gəlir, gəlməyə çalışır. Qadınlarla 16 ildən çoxdur işləyirəm. Bizim qadınlar qəhrəmandırlar. O qədər qəhrəmandılar ki, necə fədakar olduqlarının fərqində deyillər. Bunun bir norma olduğunu düşünürlər, ağıllarına başqa bir variant da gəlmir.

Mən də istisna deyiləm – vəzifələrim çoxdur, məsuliyyətim böyükdür, üstəlik keyfiyyət vurğunuyam və vicdanlıyam. Hər gördüyüm işin mükəmməl olmasını istəyirəm. Verdiyim sözə əməl edirəm, gücüm çatmayanda da, geri durmağa iradəm və vicdanım yol vermir. Ona görə özümü toparlayıb, hər şeyə rəğmən davam edirəm.

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

 – Planlarımız böyükdür. Təşkilat olaraq da, fərdi olaraq da. Fərdi qaydada gender sahəsində təhsilimi davam etdirməklə bağlı planlarım var. Yeni bir dərəcəyə baş vururam. Yaxın zamanda yeni xəbərlərlə sizi məlumatlandıracağam. Peşəkar həyatıma aid olan fərdi planım budur.

Təşkilatla əlaqəli isə əsas planlarımız QHT-nın vəziyyətinin nə dərəcədə əlverişli olub-olmamağından asılıdı. Əgər münbit şərait yaradılsa, qanunvericilik dəyişilsə, QHT-lərə nəfəs yolu açılsa, o zaman təbii ki, təşkilatın böyük planları var. Çünki bizim hazır proqramlarımız, yeni layihələrimiz, fəaliyyət planlarımız var ki, biz onları planlaşdırsaq da heç vaxt icra etmək imkanımız olmayıb. Asılı vəziyyətdə zamanını gözləyən qiymətləndirmə sənədlərimiz və ideyalarımız var ki, onları icra edə bilsək qadın hüquqları sahəsinə ciddi töhvə vermiş olarıq. Hədəflərimizə və gözlədiyimiz nəticələrə bələdik, gedəcəyimiz yolu çox aydın görürük, inkişaf yoluna hazırıq. Lakin QHT-lərlə bağlı vəziyyət dəyişməz qalsa, onda planlarımızın sadəcə bir qismini fərdi qaydada icra etməyə, hansısa fərdi layihələrlə inşa etməyə çalışacağıq. Yəni istənilən halda təşkilatın qapanma, pəs etmə kimi bir iddiası yoxdur. Burada çalışan insanların hər biri sıfır maliyyə ilə də olsa (hal-hazırda təşkilatın balansı sıfırdı) bu yolu davam etdirməyə iddialıdırlar. Çünki biz gördüyümüz işə və onun verəcəyi nəticələrə çox inanırıq, səylərimizin gec-tez öz bəhrəsini verəcəyinə şübhəmiz yoxdur. Nə qədər çətin olursa-olsun təşkilatı yürütməyə qərarlıyıq, çünki bizi bu ictimai sektora bağlayan dəyərlərdir və arzularımızın Azərbaycanıdır. 

Könül Alı
Bastainfo.com