Şəki fermerləri: "Asfalta yaşıl tütün yarpaqları səpərək etiraz edəcəyik"

Şəki fermerləri:

22-07-2018 02:10 / Bu xəbər 1687 dəfə oxundu

Rafiq Məmmədov: "Qoy dövlətin ayırdığı subsidiyaları mənimsəyən məmurlar utansınlar"

Kənd Təsərrüfatı Nazirliyi tək bizim yaşadığımız Baş Göynük kəndindəki 66 fermerə 2017-ci il üzrə 42 ton quru, 211 ton yaş tütünə görə 31.6 min manat subsidya ayırıb. Lakin nəzərdə tutulan subsidiyanı bizə vermirlər".

Şəki Baş Göynük kənd sakinləri məlumat veriblər. 

Kənd sakini Rafiq Məmmədov deyir ki, onlar əsasən də tütünçülüklə məşğuldurlar. 

"Bizə veriləsi gübrə bazarda satılır" 

Onun sözlərinə görə, 2016-cı ildən tütünçülüyün inkişafı üçün dövlət dəstəyi olaraq emal müəssisələrinə satılan quru tütünün hər kq-na və yaş tütünün hər 10 kq-na 0,05 AZN məbləğində subsidiya verilir, amma onlar əkiləsi hər hektar yer üçün yanacaq və motor yağına görə nəzərdə tutulan 40 manat subsidiya və güzəştli gübrə subsidiyasını da ala bilmirlər: "Bizə veriləsi gübrə bazarda satılır. Ona görə də əldə etdiyimiz gəlir  - çəlilən xərcləri ödəmir. Bizdən çoxlu yersiz sənədlər tələb edirlər ki, vaxtında güzəştli kredit ala bilmirik. Kredit üzünə həsrət qalmışıq".

"15-dən çox fermer üzvü etiraz edir"

Sakinlər ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident M.Əliyevaya, Kənd təsərrüfatı naziri İnam Kərimova, Baş prokuror Zakir Qaralova, İqtisadi inkişaf naziri Ş.Mustafayevə də problemə bağlı müraciət ediblər.

Müraciəti kənd sakinləri Səfərəliyev Abid, Abdurahmanov Zabit, Mustafayev Mehman, Şərifov Natiq, Səfərov Əbülfət, Səfərov Həsən, Salamov Xəlil, Babayev Eldəniz, Babayev Elçin, Mustafayev Əlövsət, Mustafayev Məmməd, Məmmədov Arif, İsmayılov Yasin, Məmmədov Şirin, Çərçəzov Nadir və s. imzalayıb. 

"Kənd Təsərrüfatı Nazirliyinə yalan rəy verirlər"

R. Məmmədovun sözlərinə görə, mütəxəssislər Kənd Təsərrüfatı Nazirliyinə yalan rəy verirlər ki, tütünün hər hektarı 1750 manat, pambığın isə 2500 manat maya dəyəri olur: "Əlində isə tütünün reallıqda maya dəyəri hər hektara 2500 manatdır. Bunu qəsdən edirlər ki, satınalma dəyəri aşağı olsun".

"Dövlətin ayırdığı bu 5 qəpiklik subsidiyaları almaq üçün biz fermerlərdən çoxlu sənəd tələb edirlər. Dekabr ayında pulu bu sənədləşməyə görə ləngidib mart ayında verirlər ki, bu da işi ləngidir. Bu problemi isə "Aqrokredit” və yerli emal müəssisələri qəsdən yaradırlar. Biz də fəhlənin pulunu vaxtında ödəyə bilmirik", - Məmmədov deyir.

"Şəki tütün emalı müəssisələri bizə şərt qoyur"

Fermerlər müraciətlərində qeyd edirlər ki, tütünün maya dəyəri real qiymətlə, hər hektara 2500 manatdan hesablansa, o zaman yaş tütünün də hər kq-na 30 qəpikdən hesablanar: "İndi də Şəki tütün emalı müəssisələri bizə şərt qoyur ki, tütün yarpağının 4-cü və 5-ci qırımından sonrakı məhsulları qəbul edəcəklər. O zaman yerdə qalan tütünü hara aparaq? Onların bu şərtləri özbaşnalıqdır. İlin ortasında bu ağır şərtlərə görə biz nəinki mayanı çıxaracağıq, hələ banklara borclu qalacağıq".

"Prezident bu məsələyə müdaxilə etməlidir"

"Aqrokredit”dən və yerli qurumlardan şikayət edən fermerlər ölkə başçısının bu məsələyə müdaxilə etməsini xahiş edirlər: "Xahiş edirik ki, son illər əkdiyimiz hər hektara görə nəzərdə tutulan, lakin mənimsənilən 40 manat pulun və güzəştli gübrələrin verilməsini, tütünün maya dəyərinin düzgün, real hesablanmasını təmin edəsiniz. Həmçinin yerli tütün emalı müəssisələrinin şərtləri öz xeyrinə dəyişdirən özbaşnalıqlarının qarşısının alınmasına göstəriş verəsiniz", - fermerlər qeyd edirlər. 

"Tonlarla yaşıl tütün yarpağı səpələyərək etiraz edəcəyik"

Onlar xahiş və tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, etiraz aksiyaları keçirməyi də istisna etməyiblər: "Əgər avqustun 15-dək yuxarıda qeyd etdiyimiz korrupsiya və özbaşınalıq halları həll olunmasa,biz fermerlər Şəki-Qax magistral yolunun İnçə - Aşağı Göynükə qədər olan 8 km hissədəki asfalta tonlarla yaşıl tütün yarpağı səpələyərək etiraz edəcəyik. O zaman qoy bizlərə çatası əkinə, gübrəyə, tütünə görə dövlətin ayırdığı subsidiyaları mənimsəyən məmurlar utansınlar".

Şikayətçilər Arqument.Az-a bildiriblər ki, məsələ ictimailəşəndən sonra onlara problemin həll olunması ilə bağlı söz veriblər: "Bir anlaşılmazlıq oldu. Kurator bizimlə görüşdü, söz verdi ki, problem yoluna qoyacaqlar”. 

Məsud