Şəki İpək Kombinatı işini dayandırır

Şəki İpək Kombinatı işini dayandırır

30-01-2018 19:54 / Bu xəbər 3824 dəfə oxundu

Şəki İpək Kombinatının fevralın 1-dən işini müvəqqəti dayandıracağı bildirilir. Yanvarın 15-dən 250 işçinin öz hesablarına məzuniyyətə göndərildiyi deyilir.

«Turan» agentliyinin xəbərinə görə, müəssisənin işini müvəqqəti dayandırmasını «Şəki İpək» Açıq Səhmdar Cəmiyyətinin ( ASC) rəhbərliyi də təsdiq edib.

Verilən xəbərə görə, müəssisədə hazır məhsulların - xam ipək parçanın satışı ilə bağlı problemlər yaşanır. Məhsulların bəziləri İran və Türkmənistana satılır.

Məhsulların bir hissəsinin yüksək maya dəyərinə görə anbarlarda yığılıb qaldığı bildirilir.

Xəbərdə vurğulanır ki, xalça və pambıqtəmizləmə sexləri də dayanıb. Texnoloji problemlər üzündən müəssisə hazır parça istehsalında çətinliklərlə üzləşib.

«Şəki İpək» ASC-ni «Azərbaycan Sənaye Korporasiyası» ASC idarə edir.

Kombinatı 2005-ci ildə investisiya müsabiqəsi əsasında «Pərvanə» şirkəti özəlləşdirib. Qalan 2 faiz səhmin müəssisənin 700 işçisi arasında bölündüyü deyilir.

Sonra isə bildirildiyinə görə, kombinatın səhmlərinin 98 faizi iki şirkət arasında bölünüb: «General Construction» (81 faiz) və «Senat Associates» (17 faiz).

Daha sonra da kombinatın əvvəlcə «Aqrarkredit» QSC-nin, bu il isə «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin idarəetməsinə verildiyi deyilir.