Seçki məntəqəsinin girişində seçicinin sənədlərinin yoxlanması qaydası ləğv edilir

Seçki məntəqəsinin girişində seçicinin sənədlərinin yoxlanması qaydası ləğv edilir

13-12-2017 17:17 / Bu xəbər 1666 dəfə oxundu

''İstənilən adamın məntəqəyə gəlib səs verməsinə şərait yaradılır''

Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanması qaydası ləğv edilir.

APA-nın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 104-cü (Səsvermə qaydası) maddəsinin 7-ci bəndi ləğv olunur.

Hazırda qüvvədə olan bənd belədir: "Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır".

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı hesab edir ki, Milli Məclisin təyinatlı deputatlarının Seçki Məcəlləsinə hər hansı pozitiv dəyişiklik edəcəklərinə inanmır. Çünki Seçki Məcəlləsi qəbul ediləndən sənədə olunan dəyişikliklər yalnız mürtəceləşdirmək istiqamətində olub. Bir müsbət dəyişiklik göstərmək mümkün deyil. Eyni zamanda, müxalifət partiyaların parlamentə təkliflər paketi də qəbul edilməyib:

"Konkret olaraq, Müsavat Partiyasının deputat qrupunun və digərlərinin 2009-cu ildə bu yöndə təşəbbüsdə bulunsalar da, heç gündəliyə salmadılar”.

Gülağa Aslanlı bildirib ki, dekabrın 15-də də müzakirəyə çıxarılacaq təklif də mürtəce mahiyyətlidir: "Təsəvvür edin ki, seçki məntəqə komissiyalarının üzvləri YAP-çılardır, amma onlara da etibar etmirlər. Bütün hallarda 7-ci bənd "karusel” metodunun qarşısını müxtəlif formada alırdı, indi həmin bəndi ləğv etməklə istənilən adamın məntəqəyə gəlib səs verməsinə şərait yaradılır”. 

Seçki məsələləri üzrə mütəxəssis Bəşir Süleymanlı hesab edir ki, 7-ci bəndin ləğvi "karusel”in gerçəkləşdirilməsini asanlaşdıracaq: "Çünki komissiya üzvlərindən biri adətən məntəqə qarşısında seçicilərin vəsiqəsini yoxlayır və bundan sonra seçici səsvermə prosesinə qoşulur. Əgər vəsiqə həmin yaşayış yerinə uyğun deyilsə, yaxud vaxtı keçibsə, o zaman həmin adam məntəqəyə buraxılmır. Dəyişiklik baş tutarsa, artıq məntəqənin girişində heç bir seçicinin vəsiqəsi yoxlanılmayacaq, bu isə başqa məntəqələrdə səsverənlərin bir neçə dəfə səsverməsinə, yaxud vaxtı keçmiş vəsiqəylə səs verməsinə şərait yaratmaq deməkdir”. 

B.Süleymanlının sözlərinə görə, onsuz da müstəqil təşkilatların müşahidə etmə imkanları məhdudlaşdırılıb, amma siyasi maraqları olan şəxslərin monitorinq aparmaq imkanı da olmayacaq: "Yəni yaşayış yerində qeydiyyatı olmayan şəxs heç bir maneəsiz məntəqəyə daxil olur və hansısa sənədi təqdim edib bülleten alıb səs verir. Müşahidəçilərin bu gedişatı tənzimləməsi çox çətindir”.

O bildirib ki, ümumiyyətlə, məntəqə qarşısında səsverməyə gələnlərin yoxlanılması və bu prosesi kənar müşahidəçilərin izləməsi normal idi: "Əgər 7-ci bənd ləğv olunsa, kənar müşahidəçilər üçün səsverməyə gələnlərin kimliyini müəyyənləşdirmək qeyri-mümkün olacaq. Seçici məntəqə daxilində komissiyaya yaxınlaşanda, kənar müşahidəçilərdən uzaqlaşır, çünki onlar çöldə olurlar. Hətta müşahidəçiləri məntəqənin kənar yerində otuzdururlar və onların gələnlərin sənədinin qaydasında olub-olmadığını müşahidəsi mümkünsüz olur. Əslində, "karusel”i sadələşdirirlər, asanlaşdırırlar”.