Şəki müsavatçıları İcra Hakimiyyətindən nə istəyir?

Şəki müsavatçıları İcra Hakimiyyətindən nə istəyir?

18-02-2017 14:53 / Bu xəbər 1191 dəfə oxundu

Müsavat Partiyasının Şəki şəhər təşkilatı yerli struktura qərargah ayrılması üçün şəhər İcra Hakimiyyətinə müraciət edib. 

Bu haqda "Basta”ya Müsavat başqanın müavini Elman Fəttah məlumat verib.

Xəbər verdiyimiz kimi, ötən həftə Müsavat Partiyasının Şəki şəhər təşkilatının qərargahı əlindən alınıb.

Şəki təşkilatın sədri Bakıxan Qəriblinin imzaladığı müraciətdə deyilir:

Sheki Musavat
"Müsavat Partiyası 11 oktyabr 1911-ci ildə yaradılıb, 27 aprel 1920-ci il rus-bolşevik işğalından sonra bir müddət ölkədə gizli fəaliyyət göstərdikdən sonra ölkə xaricində fəaliyyətini davam etdirib və 08.12.1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçib.

Müsavat Partiyasının Şəki şəhər təşkilatı 1993-cü il tarixdən fəaliyyət göstərir. İki dəfə istifadə etdiyi qərargahdan çıxarılıb. Hal hazırda qərargahsız qalıb.

"Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən siyasi partiya məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək hüququna malikdir.

Həmin Qanunun 13-cü maddəsinə əsasən dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir.

Rəsmi şəkildə dövlət qeydiyyatından keçən siyasi partiyaların respublika üzrə şəhər (rayon) ərazisində fəaliyyət göstərən xüsusi statuslu təşkilatlarını uyğun olaraq mənzil- qərargah, ofis və ya müvafiq yerlə təmin olunması qanunvericiliyə görə şəhər (rayon) İcra Hakimiyyətinin vəzifəsidir.  Yuxarıda göstərilənlərə əsasən Müsavat Partiyası Şəki şəhər təşkilatının normal fəaliyyətini təşkil etmək üçün şəhərin ərazisində müvafiq yerin ayrılmasına göstəriş verməyinizi xahiş edirik.

Hörmətlə, Bakıxan Qəribli Müsavat Partiyası Şəki ŞT-nin sədri”

Bastainfo.com