Şəki sakinləri: "Bir həftədir ki, susuz qalmışıq"

Şəki sakinləri:

16-07-2019 16:08 / Bu xəbər 1057 dəfə oxundu

Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, bina 16821 ünvanında 1 həftədir ki, su xətti kəsilib. 

Bu barədə arqument.az-a həmin binanın sakinləri məlumat verib. 

Sakinlərin sözlərinə görə, suyun kəsilmsinə səbəb sayğacqoyma ilə əlaqəlidir. 

Sakinlərdən Rəhimə Novruzəliyeva deyir ki, işçilər sayğacları quraşdırıb gediblər: "Daha sonra isə bizə ismarış yollayıblar. İsmarışda  hər kəsin fərdi qaydada usta gətirib turba alıb evinə su çəkdirməsi tələb edilib. Əslində isə prezident Şəki şəhərində su-kanalizasiya sisteminin yenilənməsi və sayğac qoyulması üçün büdcədən vəsait ayırıb. Dövlətin verdiyi milyonlar hara xərclənib? Şəki Su Kanal Törəmə Cəmiyyəti abonentlərin evinə su sayğacı qoymağa və su xəttini blokdan evə çəkməyə borcludur".

II qrup əlil olan Rəhimə Novruzəliyeva su daşıyan zaman xəsarət aldığını bildirir: "Bir həftədir küçədəki krantdan su daşıdığıma görə səhhətimə zərər dəyib. Mənim öz hesabıma su çəkdirməyə imkanım yoxdur. Adıçəkilən idarə mənim evimin su xəttini çəkməlidir".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən və Şəki Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

Xatırlatma 

Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncam imzalayıb.

Sərəncama görə, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.