Şəkidə Müsavatın və AXCP-nin qərargahları qapadıldı

Şəkidə Müsavatın və AXCP-nin qərargahları qapadıldı

09-02-2017 16:26 / Bu xəbər 1829 dəfə oxundu

Bu gün Şəkidə Müsavatın və AXCP-nin qərargahları yerli təşkilatların əlindən alınıb. 

Bu haqda "Basta”ya Müsavatın Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli məlumat verib.

"Bu gün səhər Əmlak Komitəsinin Şəki şöbəsinin əməkdaşları Müsavatın və AXCP-nin qərargahlarının yerləşdiyi binaya gələrək, burada olan əşyaların boşaldılmasını tələb etdilər. Onları mülki qeyimli polis əməkdaşları da müşayət edirdi. Deyildi ki, bina özəlləşib və bu əmlak başqa şəxsə məxsusdur”,  – Bakıxan Qəribli bildirib.

"Bir neçə il əvvəl də deyilmişdi ki, bu bina özəlləşib. O zaman yerli təşkilatımız, Siyasi partiyalar haqqında qanunun tələbinə uyğun olaraq, Müsavatın yerli təşkilatının qərargahla təmin olunması üçün İcra Hakimiyyətinə müraciət etmişdi. Lakin bu günə qədər İcra Hakimiyəti münasib bir yer təklif etməyib. Bu gün isə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən qərargahımız əlimizdən alındı”, – Bakıxan Qəribli qeyd edib.

Təşkilat sədri bildirib ki, bu addım son günlər Şəkidə müxalifətə qarşı repressiyanın tərkib hissəsidir.

"Dünən AXCP-nin Şəki şöbəsinin sədri İslam Həsənovu və onun qardaşı, gənclər təşkilatının sədri Famil Həsənovu heç bir əsas olmadan həbs ediliblər. Onlara 25 və 20 sutka həbs cəzası verilib. Deyilənə görə, bu addımların səbəbi sosial şəbəkədəki səhifələrdən birində Şəkinin icra başçısı və yerli polislərin əleyhinə hansısa yazıların dərc edilməsidir. Halbuki, indi AXCP-nin üzvləri də yanımdadır, həmin yazıların tutulan cəbhəçilərə heç bir aidiyyatı yoxdur”, – Bakıxan Qəribli bildirib.

Bakıxan Qəribli artıq Müsavat başqanının müavini Elman Fəttahın da Şəkidə olduğunu və qərargahın alınması ilə əlaqədar müvafiq hüquqi prosedurlara başlayacaqlarını bildirib.

Mustafa Hacıbəyli