"Seçkiləri 2005-ci ildən bu yana İlham Əliyev özü boykot edir”

07-02-2018 02:34 / Bu xəbər 2900 dəfə oxundu

2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək. 

Prezident İlham Əliyev fevralın 5-də bununla bağlı sərəncam imzalayıb. 

Fevralın 5-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar prezident seçkilərini boykot qərarı verib.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli öz "Facebook" səhifəsində yazıb.
 
AXCP sədri Əli Kərimli isə sosial şəbəkələrdə videomüraciət yayaraq, boykotla yanaşı, mart ayında etiraz aksiyaları keçirəcəklərini də bəyan edib.  

Toplum Tv digər siyasi partiya və təşkilatların seçki ilə bağlı mövqelərini araşdırıb.
 
"Seçkiləri boykot etmək ifadəsi ilə razılaşmıram, ölkədə bütün seçkiləri 2005-ci ildən bu yana İlham Əliyev özü boykot edir”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Toplum Tv-yə açıqlamasında qeyd edib. 
 
O bildirib ki, hazırda seçki ilə bağlı məsələ Müsavat Partiyasında müzakirə olunur: "Seçkiləri boykot etmək ifadəsi ilə razılaşmıram. İndi saxta seçkilərə qarşı müqavimətin daha səmərəli yolu barədə müzakirələr gedir. Ölkədə bütün seçkiləri 2005-ci ildən bu yana İlham Əliyev özü boykot edir. Ölkədə son saxtalaşdırılmış seçkilər 2005-ci ildə olub. Ondan sonrakı dövrdə nəinki seçkilərin nəticələri saxtalaşdırılıb, hətta nəticələr, sadəcə, uydurulub. Bir çox seçki məntəqələrində ümumiyyətlə səslər sayılmayıb. 2005-ci ildən sonrakı seçkilərin nəticəsinin saxtalaşdırılması ilə yanaşı, seçki prosesinə də imkan verilməyib. Ona görə də indi əsas sual budur: saxta seçkilərə qarşı müqavimət prosesə qatılaraq, yoxsa qatılmayaraq təşkil olunmalıdır? İndi Müsavat Partiyasında müzakirələr də məhz bu seçim ətrafında gedir. Biz Divanda da bu məsələni müzakirə etmişik. Bu gün rayon təşkilatlarının bir müşaviəsi keçirildi. Orada da bu məsələ müzakirə olundu. Şənbə günü partiyanın Məclisi keçiriləcək və məhz məclisdə yekun qərar qəbul ediləcək. Təbii ki, daha effektiv hesab olunan varianta üstünlük veriləcək. ”.

"Hər bir siyasi təşkilat öz seçimini edir və həmin təşkilatın seçiminə hörmət etmək lazımdır”

Respublikaçı Alternativ Hərakatı (ReAL) sədrinin siyasi məsələlər üzrə müavini Azər Qasımlı isə hesab edir ki, hər kəsin öz seçimi var: "Hər bir siyasi təşkilat öz seçimini edir və həmin təşkilatın seçiminə hörmət etmək lazımdır. ReAL-ın mövqeyi ondan ibarətdir ki, biz bu saxta seçkilərdə iştirak etməliyik. Amma əgər seçkidə əsas rəqib yoxdursa, bu seçkidə iştirak etməyin mənası yoxdur. Çünki insanın seçim imkanı yoxdursa, aydındır ki, bu, artıq seçki deyil. Alternativ namizədin əsas işi nədir? Seçkilərdə seçiciləri inandırıb maksimal dərəcədə insanları seçkiyə gətirib onların səsini alsın. Sonra da, təbii ki, saxtakarlıq olacaqsa, onun arxasında dura bilsin. Yəni ona verilən səsləri müdafiə edə bilsin. Biz bunun tərəfdarıyıq. Əgər sabah İlqar Məmmədovu azad etsələr, təbii ki, biz seçkilərdə iştirak edəcəyik".
 
"Seçkiyə qatılmaq İlham Əliyevə xeyir verməkdir” 

D18 Hərakatının sədri Ruslan İzzətli açıqlamasında boykotu kampaniyaya çevirməyi təklif edir: "Hökumətin apardığı avtoritar siyasət nəticəsində ölkədə siyasi partiyalar, vətəndaş cəmiyyəti, azad media çox zəif bir duruma salıb. Vətəndaşın da etiraz etməməsi ölkədə avtoritar sistemi möhkəmləndirdi. Artıq 2016-ci il referendumundan sonra hakimiyyət avtoritarizmdən totalitarizmə keçid edir. İlham Əliyevin cəmiyyətlə məsləhətləşmədən qəfil belə bir qərar verməsi totalitar idarəetmənin məntiqi nəticəsidir. Komandasının verdiyi açıqlamasına diqqət versəniz görəcəksiz ki, YAP-ın rəsmilərinin, hətta Prezident Administrasiyasınln rəsmilərinin belə bu qərardan xəbərləri yox idi. Məntiqsiz və yarımçıq açıqlamalar verirlər. Müxalifətin durumu indiki vəziyyətdə çox çətindir. Maddi resursların, azad mətbuatın olmaması, həm də siyasi partiyaların seçkiyə qatılmasına əngəl olur. Boykot müsbət nəticə verməyəcək. Çünki referendumdan fərqli olaraq parlament və prezident seçkilərində boykotun hüquqi bir əsası olmur. Boykota qaldıqda isə bunu siyasi kampaniyaya çevirmək olar. Məncə, siyasi partiyalar, vətəndaş cəmiyyəti toparlanmalı, hakimiyyətdən seçkilərin niyə oktyabrda deyil, apreldə keçirilməsinin hesabını sormalıdılar. Həmçinin partiyalar və siyasi təşkilatlar birlikdə Bakıda və regionlarda boykot mitinqləri keçirməlidirlər. Hesab edirəm ki, indiki şəraitdə seçkiyə qatılmağın mənası yoxdur. Seçkiyə o zaman qatılmaq lazımdır ki, seçkiyə qədər demokratik mühit olsun. Öncədən İlham Əliyevin qələbəsini bildiyimiz halda, seçkiyə qatılmaqla ona xeyir gətirəcəyik".
 
"Çalışacağıq ki, müxalifətin birlikdə hərəkəti mümkün olsun"

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Qurbanlı isə bildirib ki, mövzu hərəkatda müzakirə olunur: "Mövqeyimizi müzakir edirik. Müzakirələr nəticəsində Nidanın 11 aprel seçkiləri ilə bağlı prinsipial və qəti mövqeyi müəyyən olunacaq. Bütün hallarda biz bu seçkilərlə bağlı mövqeyimiz ondan ibarətdir ki, seçkilərin önə çəkilməsi hakimiyyətin iradəsinə hesablanıb. Burada seçicinin rəyi nəzərə alınmayıb. Biz çalışacağıq ki, elə təkliflər ortaya qoyaq ki, müxalifətin birlikdə hərəkəti mümkün olsun. Boykota gəldikdə, etirazın mümkün formalarından biridir.  Sadəcə, effektivli olması önəmlidir. Bizim ölkəmizdə siyasi fəaliyyət imkanları son dərəcə məhdud olmasaydı, yəqin ki, biz də Rusiyada Navalnı və tərəfdarlarının etdiyi kimi paytaxtdan başqa ölkənin əksər bölgələrində boykot mitinqləri edə bilərdik və nəticədə boykot taktikası uğurlu alına bilərdi".

Azərbaycanda Prezident seçkisi indiyədək oktyabr ayında keçirilsə də, prezident İlham Əliyev fevralın 5-də 2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb.

Alya Ağayeva
Toplum.Tv