Sel Göyçayda körpünü uçurdu, kəndlərlə əlaqə kəsildi

Sel Göyçayda körpünü uçurdu, kəndlərlə əlaqə kəsildi

03-06-2018 10:32 / Bu xəbər 1923 dəfə oxundu

Qasırğa İsmayıllıda evlərin damını uçurdu, kəndləri dağıtdı

İyunun 2-də Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub.

APA-nın məlumatına görə, güclü sel axşam saat 9 radələrində ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.

Bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindəki körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti günorta saatlarından dayandırılıb.

Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Selin təsiri nəticəsində çayın üzərindən keçən təbii qaz, elektrik, rabitə və içməli su xətləri qırılıb. Kəndlərə qaz verilişi dayanıb. Hazırda FHN-nin, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir.

Sel fəlakəti səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolundan istifadə edən sürücülər hazırda alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.

İyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.

İsmayıllı rayonuna da qasırğa güclü küləklə müşahidə edilən leysan yağıb. Rayonun Diyallı kəndinə ciddi ziyan dəyib. Bir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin içindəki əşyalar, elektrik avadanlıqları və əşyalar su içində qalaraq yararsız vəziyyətə düşüb. Həyətdəki tövlələrin dam örtüyü də dağılıb, ot bağlamaları yararsız vəziyyətdədir.

APA-nın məlumatına görə, qaçqınların müvəqqəti yaşadığı binanın da dam örtüyü uçub, yağan yağış evlərə dolub. Evlərdə yaşamaq mümkünsüz olduğu üçün insanlar səhərədək küçədə qalıblar. Yol kənarındakı iri gövdəli ağacların budaqları qırılaraq yola düşüb, nəqliyyatın hərəkətinə maneə yaranıb.

Diyallı kənd sakinləri Rasim Hüseynov, Aqil Əhmədov, Şakir Əhmədov bildiriblər ki, dünən gecədən qəflətən qasırğa şəklində yağış və külək başlayıb, evlərin dam örtüyü uçub, gecəni maşında və qohumların evində keçiriblər.

Hazırda Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılıb və ailələr müvəqqəti yaşamaq üçün həmin çadırlara köçürülür. Komissiya kənddə evlərə baxış keçirir. Dəymiş ziyanı hesablamaq üçün komissiya yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib.

Avtomobil yolunun sol yamac hissəsində olan çatların və qırılma qaşının ölçülərində artım qeydə alınıb.

Ə. Qaralov bildirib ki, Şamaxı şəhərinin 48-A məhəlləsindəki sürüşmə sahəsində torpaq qatı üzərində qeydə alınmış çatların ölçüləri də artıb, sürüşmə sahəsində aktivlik müşahidə olunur:

"Bundan başqa, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, lokal sahələrdə uçqun olub. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib. Xızı-Altıağac avtomobil yolunun 1-ci və 11-15-ci kilometrliklərində sürüşmə sahələrində aktivlik baş verib, avtomobil yolu boyu yeni uçqun-töküntü prosesləri müşahidə edilib”.

Ekspedisiya rəisi deyib ki, Astarada Deqədi-Pəlikəş avtomobil yolunun 5,7,8 və 10-cu km-liyində uçqun və sürüşmə sahələri aktivləşib, yolboyu bir neçə yerdə yeni sürüşmə, oturma prosesləri qeydə alınıb:

"Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci kilometrliklərində atmosfer yağıntılarının təsirindən yolboyu yamacın bir neçə yerində yeni uçqun və sürüşmə sahələri əmələ gəlib. Lənkəranın Gəgiran kəndində də yeni sürüşmə və uçqun sahələri əmələ gəlib. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunu 12-ci kilometrliyindəki sürüşmə sahəsində isə nisbi aktivlik müşahidə edilib, yolboyu avtomobil yolunun hərəkət hissəsində çökmə-oturma prosesləri çoxalıb”.

Ə. Qaralov qeyd edib ki, Masallıda Zuvand sürüşmə sahəsi aktivləşib, rayonun Güllütəpə sürüşmə sahəsinin parametrləri artıb: "Bundan əlavə, Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25 və 4-26-cı kilometrliklərində müşahidələr zamanı sürüşmə və uçqun sahələrində aktivlik qeydə alınıb”.