Sentsov aclığı dayandırdı

Sentsov aclığı dayandırdı

06-10-2018 12:50 / Bu xəbər 1480 dəfə oxundu

"O, həyatı seçdi”

Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin direktor müavini Valeri Maksimenko hazırda bu ölkədə məhkumluq həyatı yaşayan ukraynalı rejissor Oleq Sentsovun aclığı dayandırdığını bildirib.

Azadlıq Radiosunun verdiyi xəbərə görə, rejissor 2018-ci ilin mayından qida qəbulundan imtina edib.

O, 140 gündən artıq aclıq keçirərək ukraynalı siyasi məhbusların buraxılmasını tələb edib.

"Mən bu işdə iştirak edən hamıya, bizim həkimlərə, Labıtnanqi xəstəxanasının həkimlərinə, vəkillərə minnətdarlıq edirəm. Onlar yaşamaq lazım olduğunu, həyatın davam etdiyini dedilər. Onu qəti olaraq bizim həkimlər, mütəxəssislər yola gətirdilər. Və o, həyatı seçdi”, - Maksimenko deyib.

Sentsovun vəkili rəsmi qurumun aclığın dayandırılması haqda yaydığı məlumatı şərh etməyib.

Krımda yaşayan O.Sentsov rejissordur, Rusiyada terror aktları hazırlamaq ittihamı ilə 20 il həbs cəzası alıb. O, günahı olmadığını bildirib.

Aclıq zamanı dəstəkverici terapiya qəbul etməyə razılaşmışdı.

Sentyabrın sonunda məlum olub ki, Sentsovu koloniyadan Labıtnanqi xəstəxanasına köçürüblər. Onun vəkili Dmitri Dinze Sentsovun zorla yedirdiləcəyindən ehtiyatlanaraq xəstəxanaya yerləşdirilməkdən imtina etdiyini bildirmişdi.

Rejissorun azadlığa buraxılması tələbiylə son bir neçə ayda dünyanın hər yerindən 100-dən çox mədəniyyət xadimi, hüquq müdafiəçiləri və Qərb ölkələrinin liderləri müraciət ediblər.