Səsini zəiflərə ucaldanlar...

Səsini zəiflərə ucaldanlar...

05-05-2019 17:41 / Bu xəbər 1089 dəfə oxundu

Hicran 

Dərsdən çıxıb evə gəlirdim. Öz-özlüyümdə yenə də yolumun şəhərə olduqca uzaq olmasından gileylənə-gileylənə avtobus gözləyirdim. Nəhayət, yolunu həsrətlə gözlədiyim 40 dəqiqəlik yolun üstünə bir də 20 dəqiqə tıxacda qalan avtobus gəlib çıxdı. Avtobusa minib yerimi "rahatladım". 

Adəti üzrə yorğunluğumu ört-basdır edən sehrli qulaqcığımı cibimdən çıxardım. Playlistimdən bir mahnı seçib gözlərimi yumdum.

Mahnının ahəngini nəsə pozurdu. Narazı bir şəkildə nə qədər xoş olmasa da, şüşəyə söykədiyim yorğun başımı qaldırıb qulaqcığı çıxardım. Gözlərimi qıyıb məni heç də təəccübləndirməyən tanış mənzərəni seyr eləyirdim.

Sarışın, ortaboylu bir xanım avtobus sürücüsünü lənətləyirdi. Avtobusun digər qadın əhli həmcinslərinə dəstək verir, kişilərsə maraqla hadisəni izləyib öz aralarında fısıldaşırdılar.

Qadınlar isə getdikcə coşurdular. Görünən o idi ki, özlərini sürücüylə müdir-işçi münasibətində hiss edirdilər. Sözün əsl mənasında, ağız deyəni qulaq eşitmirdi. Hər ağızdan bir hava çıxırdı - hamısı da sürücünün ünvanına...

Xanımlar performanslarını edib yerlərinə oturdular. Göründüyü qədər günün bütün stressini bardağa doldurub sonuncu damlanı avtobusun gecikməsinə saxlamışdılar. 

Ara sakitləşmişdi. Bəs sürücünün əsəbləri? Görəsən, həzm edə bilmişdi o sözləri, o səs-küyü?

Avtobusun güzgüsündən sürücüyə baxırdım. Günün ikinci yarısına qədər kim bilir neçə dəfə bu yolu gedib-qayıtmışdı? Hər dəfə də kim bilir, neçə belə hadisə ilə üzləşmişdi.

Diqqətlə yolu izləyir, heç nə olmamış kimi öhdəliyini yerinə yetirirdi. Kim bilir nə hiss edirdi? Yoxsa öyrəşmişdi?

Özümü toplayıb səsimi bir qədər avtobus səviyyəsində ucaltdım. İçimdəki səs, deyəcəyim sözlərin doğruluğundan əminliyim onların səhvlərini anlayacaqlarını deyirdi.

...axı siz qışqıraraq nələrisə həll edə bilməzsiniz. Yaxşı, madam ki, səsinizi ucaltmağa bu qədər "cəsarətiniz" var, niyə aidiyyəti qurumlara yüksəltmirsiniz? Özünüz də bilirsiniz ki, tıxacın sürücüylə heç bir əlaqəsi yoxdu. Niyə səsinizi güclülərə yox, zəiflərə ucaldırsınız?

Bir az danışdıqdan sonra bütün ümidlərim puç olmuş halda avtobusdan düşdüm. Yoluma piyada davam etdim. Yenə sehrli qulaqcığımı axtardım. Bəlkə də, həmin an ən çox ona ehtiyacım var idi. 

Bir qədər öncə yorğunluğumu xəfiflədən musiqi indi gözlərimdən həzin-həzin yaş tökürdü. Bilirdim ki, ağlamağıma səbəb puç olmuş ümidlərim yox, doğruluğunun fərqində olsalar belə, sözlərimi qəbullanmadıqları idi.

Axı onlar üçün özlərindən kiçiklərin fikirləri də yaşları qədər kiçik idi...