Səssizliyin səsi

Səssizliyin səsi

05-05-2019 17:07 / Bu xəbər 1404 dəfə oxundu

Zərifə Novruz

Yaşlı kişi. Üzdə qırışlar. Dil susqun. Gözlər danışqan. Əlində, butulka. Butulkada içki. İçkidə mərhəmət...

Yaşlı aktyor artıq tənhalığa öyrəşmişdi. Ən pisi də budur. Tənhalıq hüzuruna sığınanı dərinliklərinə çəkir və buraxmaq istəmir. İnsan yalnızlığa öyrəşdisə, bir dəfə, daha ondan əl çəkə bilmir. Onun qeyri-adi gözəlliyi insanın ağlını başından alır. Bu dünyada tənha qalmaqdan qorxduğu üçün sevmədiyi biri ilə ömür sürən o qədər insan var ki...

Yaşlı aktyoru gənc nəslin gələcəyi narahat edirdi. Düşünürdü ki, ömründə bircə dəfə də olsun teatra getməyən, tamaşa izləməyən gənclik gəlir arxadan. Heç nədən zövq almayan, selfi yeri kitabxana olan gənclik...

Onun xəyalında canlanan mənzərə də bu idi: sənət eşqiylə hər tamaşaya hazırlaşan aktyor və aktrisalar... Boş yerlər, ölən ümidlər...

O, düşüncələr dənizində üzürdü.

Müsyo Jordandakı əhvalat yadına düşür, hey gülümsəyirdi: "Bizdə hər adət və xasiyyət var, əksi Paris əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz başımızı qırxırıq, onlar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanırıq, onlar heç zada inanmazlar".

Biz tarixi abidələri, mədəni irsi kapitalizmə qurban verərik, onlar Notr-Dam kilsəsi üçün ağlayarlar.

Biz İçərişəhəri kapitalizmin oyuncağı edərik, onlar kül olmuş kilsənin yenidən bərpasına çalışarlar.

Biz sarı jilet geyinib "təhlükəsiz”  küçələrimizi təmizlərik, onlar isə...

Onu həm də düşündürən bu idi: Milli Teatr Gününə belə biganə yanaşan, aktyor səhnəyə rolu üçün yarı-çılpaq çıxsa, hay-küy salıb tamaşanı tərk edən, TV-də isə qısa ətəklilərə ağzımızın suyu axa-axa baxan, mətbuatda teatr günü ilə bağlı bir cümlə yazmayan insanların olduğu dövrdə yaşayırıq...