Sevdiyimiz insana niyə kobud davranırıq?

Sevdiyimiz insana niyə kobud davranırıq?

24-01-2019 15:11 / Bu xəbər 2407 dəfə oxundu

Aytən Cavadova

Bir araşdırmaya görə günümüzdə yaşayan hər 10 insandan 7-si xoşlandığı insana pis davranaraq diqqət çəkməyə çalışır. 

Psixologiyada xoşlandığın insana kobud davranma halı var, ancaq bu qədər geniş deyil. Bəzən qısamüddətli, bəzən davamlı olur. Hər birinin də bir çox səbəbi ola bilər:

Adriano Çelentanonun baş rolda çəkildiyi "İnadkarın ram edilməsi" filmində Elia, qadınlara kobud münasibət bəsləyən fermerdir. Yağışlı gecədə qalmağa yer tapmadığı üçün Lisa adlı gözəl bir qız, Elianın evində gecələməli olur. Fermerin çətin xarakteri olsa da, ona qarşı kobud davransa da, bu, ərköyün, şəhərli Lisanın çox xoşuna gəlir, Elianın inadkarlığını ram etməyə çalışır.

F. Dostoyevskinin "Alçaldılmışlar və təhqir olunmuşlar” əsərində Alyoşa və Vanya, ikisi də Nataşaya aşiqdir. Nataşa (romanın sonundakı məcburiyyəti nəzərə almasaq) bu qədər üstünlükləri, fədakarlıqları və pak sevgisinə rəğmən nəzakətli Vanyanı deyil, hələ sevgisindən belə düz-əməlli əmin olmadığı, onu incidən, min-bir əzab verən, hətta aldadan tərəfi - Alyoşanı seçir. Alyoşa öz kaprizləri, laqeydlikləri ilə qıza əməllicə zülm etməkdədir, amma xeyri yoxdur, Nataşa ondan əl çəkmir. 
 
Bu yerdə özümdən asılı olmayaraq Stokholm sindromunu xatırlayıram:

Bu termini psixologiyaya psixiatr Nils Bejerot gətirib. 1973-cü ildə İsveçin paytaxtı Stokholmda bir bank soyğunu zamanı 6 gün girov saxlanılan qadın, nə qədər qəribə olsa da, onu girov götürən soyğunçuya vurulur. Sərbəst qalandan sonra isə soyğunçunu müdafiə etməyi azmış kimi, nişanlısından ayrılıb soyğunçunun həbsdən azad olmasını gözləyir.
 
Sindromun qısa tərifi belədir:
 
Öz amansız və qəddar sahibinə vurulmaq; onun sənə etdiyi bütün zülmlərini görməzdən gəlməklə yanaşı, hətta lazım gəldikdə onu müdafiə etməkdən belə çəkinməmək. 

Bütün bunları həyatın bir aynası hesab edə bilərik. İnsanların əksəriyyəti, onu önəmsəməyən, sıradan biri kimi davrananlara qarşı diqqətli olur. Təəssüflər olsun ki, yaxşı münasibətdən daha çox, pis davranışlar diqqət cəlb eləyir. 

Fikir vermisinizsə, kimisə maşın vuranda və ya kimsə bıçaqlananda ətrafa adamlar toplaşır, hay-küy olur, hadisə insanları o qədər  maraqlandırır ki, adi qəza da olsa, ona bəzək verməyi unutmurlar: "Bilirsən nə olub?! Filankəsin üstündən kamaz keçib!".

Çox vaxt insanlar hislərini büruzə verməkdən çəkindikləri üçün bu yola əl atır. Elə də olur ki, qarşındakına hiss etdirməyə  çalışırsan, amma o, hisslərini anlamır. Açıq etiraf da səni qorxudur və bundan sonra incitmələr başlayır.

Məsələn, məktəbli oğlan sevdiyi qıza açıq şəkildə öz hislərini bildirə bilməyəndə, üstüörtülü formada - saçını dartıb incitməklə, laqeyd rəftarıyla qıza sanki "Sən mənimçün çox dəyərlisən" demək istəyir.

Müasir bəşəriyyətin problemi hövsələsizlikdir. Ona görə də çox insan kəsə yollara üstünlük verir. Bu yolla diqqət çəkmək çox rahatdır. Doğru yolla - xoş sözlərlə diqqət çəkmək isə zəhmət tələb eləyən bir şeydir. 

Bəzən də özümüzü müdafiə etmək üçün bu yolu seçirik. Çünki çox diqqət, qayğı göstərdikdə qarşı tərəf sevildiyini anlayır və onu heç vaxt üzüb tərk etməyəcəyimizi zənn edib bizi üzməyə başlayır.