Şəxsi mövqeyim - Nəsimi Məmmədli

Şəxsi mövqeyim - Nəsimi Məmmədli

07-03-2017 18:26 / Bu xəbər 1454 dəfə oxundu

Nəsimi Məmmədli
 
Azərbaycanın MHŞT -də fəaliyyətinin dayandırılmaması məqsədilə Koalisiya üzvlərinin MHŞT İdarə Heyətinə göndərdiyi müraciətlə bağlı fikirlərimi bölüşməyi zəruri hesab edirəm. 

İlk növbədə qeyd edim ki, heç kimin qarşısında xüsusi öhdəliyim və asılılığım yoxdur. Yalnız özümə və mənə etimad göstərən insanlara hesabat verirəm. Heç bir siyasi (iqtidar-müxalifət) platformalarda rəsmi təmsilçiliyim olmasa da ictimai-siyasi prosesləri yaxından izləyir, öyrənir və imkan daxilində cəmiyyətin maraqları baxımından müstəqil mövqe ifadə edirəm. İndiyədək gerçək müxalifəti tənqid etməsəm də, hökuməti bir çox məsələlərdə sərt tənqid edirəm. 

Müxalifəti tənqid etməməyimin səbəbi onların həm qanunvericilik həm də praktik baxımından əl-qolunun bağlı olması, habelə mövcud situasiyada bundan artıq nə isə etməyin çətinliyini anlamağımdır. İndiki avtoritar idarəetmə şəraitində prinsipial mübarizə aparan müxalifəti, rəsmən onların sırasında dayanmadığım halda tənqid etməyə mənəvi haqqım olduğunu düşünmürəm. Ancaq iqtidarla bağlı tənqidlərimdə özümü tamamilə haqlı hesab edirəm. İqtidarın yürütdüyü siyasət bütün ölkə vətəndaşlarının mənafelərinə təsir etdiyi üçün onu hər bir şəxsin tənqid etməyə haqqı və hüququ çatır.

İki ilə yaxındır ki, "MHŞT İctimai Birliklər Koalisiyası" üzvlüyündə təmsil olunuram və bu istiqamətdə müxtəlif tədbirlərdə, təlimlərdə iştirak edirəm. MHŞT-nin 167-ci Şura iclasında isə "Çoxtərəfli Qrupda Koalisiya üzvlərinin fəaliyyət Reqlamenti" nə uyğun olaraq gizli səsvermə ilə ÇQ-yə üzv seçilmişəm. Bir müddət öncə, 02 fevral 2017-ci ildə "Neft Fondunda” keçirilən iclası hökumət nümayəndəsinin qanunazidd yanaşmasına görə tərk etmiş və Koalisiyaya müdaxilələrə etiraz edərək bəyanat imzalayanlardan biriyəm. Koalisiyanın qanunauyğun fəaliyyəti ilə bağlı mövqeyimdə bu gün də hər hansı dəyişiklik yoxdur. Hətta, Koalisiya Şurasının 4 mart 2017-ci il tarixli iclasında səs çoxluğu ilə MHŞT İdarə Heyətinə qəbul edilən legitim qərarını da real vəziyyətin hüquqi və praktik tərəfləri baxımından danılmaz faktlarla zəngin, əsaslandırılmış müraciət hesab edirəm.

Keçək mətləbə. Dünən bir qrup Koalisiya üzvləri Azərbaycanın MHŞT -də fəaliyyətinin dayandırılmaması məqsədilə müraciət göndərmək istədiklərini və mənim də bu müraciətə imza atmağımı istədilər. Mən Koalisiya Şurasının 4 mart 2017-ci il tarixli müraciətinə dəstək verməklə yanaşı, həm də ölkəmizin üzvlükdə qalması üçün belə bir müraciətin göndərilməsi təşəbbüsünü də dəstəkləmişəm. Düşünürəm ki, ölkəmizin bu platformada üzvlüyünün dayandırılması nə VC üçün hansısa əlavə üstünlüklər yaradacaq, nə ölkəmizə və cəmiyyətimizə faydalı olacaq, nə də hökuməti öz basqıçı siyasətindən geri çəkilməyə məcbur edəcək. Ancaq bu platformada davam etməklə, Koalisiya üzvlərinin və bütövlükdə VC-nin problemlərinin həlli üçün qismən mövcud olan imkanların da əldən çıxmasını arzu etmirəm. Bu platforma insan hüquqları sahəsində birbaşa müstəvi olmasa da şəxsən mən dəfələrlə bu platformanın imkanlarından istifadə edərək siyasi məhbus məsələlərini qabartmışam. Yəni, heç bir halda əlimizdə olan beynəlxalq müstəvilərdən məhrum olunmağımızı qəbul etmirəm.

Bir fikri də əlavə edim ki, ölkənin MHŞT -də qalıb-qalmaması, statusunun hansı səviyyədə olması beynəlxalq kredit təşkilatları ilə hökumətin əməkdaşlığına hansısa ağır zərbə vurduğu barədə deyilənlər də şişirtmədir. Azərbaycan hökuməti MHŞT -də qalmaq üçün heç bir təşəbbüs göstərmədiyini də açıq şəkildə müşahidə edirəm. Ölkəmizdə fəaliyyətdə olan beynəlxalq diplomatik korpusun nümayəndələrinin də, ÇTQ-da təmsil olunan nəhəng beynəlxalq kredit qurumlarının da yanaşmaları ilə tanışam. Hətta MHŞT İdarə Heyətini sədri, cənab Frederik Reynfeldtlə qapalı görüşdə onun prezidentlə danışıqlarından gəldiyi qənaətlə də tanışam. Yəni guya ölkənin bu platformada qalması və ya çıxarılması hökumət üçün hansısa çox ciddi iqtisadi-siyasi nəticə yaradacaqmış kimi söhbətlərin də şişirdilməsi halları kifayət qədərdir.

Müraciət müəllifləri ilə müzakirəmdə də çox açıq şəkildə bildirmişəm ki, İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonrakı vəziyyətin ciddi şəkildə müsbətə doğru dəyişdiyini söyləyənlərlə həmfikir deyiləm. Hələ də Koalisiya üzvlərinin üzləşdikləri problemlərin tamamilə ortadan qaxdığını, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qanunlarda əsaslı dəyişikliklərin olduğunu, habelə VC üçün normal fəaliyyət mühitinin yarandığını ifadə edənlərin nikbin arqumentlərini də bölüşmürəm. Həmçinin, Koalisiya Şurasının real durumu xarakterizə edərək qəbul etdiyi müraciəti obyektiv hesab edir və dəstəkləyirəm. Bütün bunlarla yanaşı, ölkənin bu müstəvidən çıxarılmaması üçün fərdi müraciət edilməsinə də normal yanaşıram.

Ümumiyyətlə bu müraciətlərin bir-birinə qarşı qoyulmasını qəbul etmirəm. Hər iki müraciətdə əsasən ölkənin maraqlarının ifadə olunduğu qənaətindəyəm və heç bir sənəddə ölkənin statusunun dayandırılmasına çağrış yoxdur. Birində vəziyyətin müsbətə doğru dəyişəcəyi ümidi ilə üzvlükdə qalmağı, digərində isə MHŞT prinsiplərinə uyğun qərar vermək istənilir.
Təəssüflə bildirirəm ki, bu sahədə həllini gözləyən çoxsaylı problemlər var və onları müzakirələrdə səsləndirməkdən çəkinməməliyik. Ümid etmək istərdim ki, heç olmasa bundan sonra VC-nin üzləşdiyi problemlərin həlli istiqamətində daha intensiv tənzimləmələri görməyimizə zəmin yaransın. İndiyədək ifadə etdiyim ictimai-siyasi mövqeyimdə heç bir dəyişiklik olmadığını bir daha bəyan edir və mənə etimad göstərən insanların bu qərarıma hörmətlə yanaşacağına ümid edirəm. 

07.03.2017.

Yazı müəllifin Feysbuk səhifəsindən götürülüb.