Seymur Həzinin həbs müddəti artırıldı

Seymur Həzinin həbs müddəti artırıldı

30-10-2019 01:54 / Bu xəbər 892 dəfə oxundu

Apelyasiya Məhkəməsi AXCP sədrinin müavini Seymur Həzinin həbs cəzasını 30 günə qədər uzadıb.

Bu barədə Seymur Həzinin həyat yoldaşı Nigar Həzi məlumat yayıb.

Nigar Həzi qeyd edib ki,  Seymur Həzinin vəkili onunla əlaqə saxlayıb: "İndicə Seymurun vəkili zəng etdi. Seymuru yenidən Apelyasiya məhkəməsinə gətirirlər. Polis şikayət verib".

"Güman ki, ayın 2-də aksiyada iştirak etməsin deyə həbs müddətini artıracaqlar", - deyə Nigar Həzi əlavə edib. 

Daha sonra o qeyd edib ki, Apelyasiya Məhkəməsi Seymur Həzinin 15 sutkasını 30 sutka edib. 
 
Seymur Həzi məhkəmə çıxışında deyib: "Hamınız hüququn başına açdığınız oyunlara görə cavab verəcəksiniz. Bəlkə sabah məni öldürəcəksiniz, amma birisi gün buna görə mütləq cavab verəcəksiniz!" 

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi icazəsiz aksiyadan iki gün əvvəl saxlanılan Seymur Həzi 15 sutka inzibati həbs cəzası alıb. 

Xətai Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 

Seymur Həzi küçədə mobil telefonla yüksək səslə danışa-danışa ünvansız söyüş söyməklə günahlandırılıb. 

Müdafiəçiləri bu ittihamın tamamilə qondarma olduğunu, həbsin siyasi xarakter daşıdığını bildirirlər. Həmçinin oktyabrın 19-da Nigar Həzinin atası Tofiq Yaqublu və qardaşı Rəhim Yaqublu saxlanılıb. 

Yaxınları tərəfindən hər ikisinin döyüldüyü və pis rəftara məruz qaldığı bildirilib. 

Rəhim Yaqublu azadlığa buraxılsa da, Tofiq Yaqublu 30 sutka inzibati həbs olunub.///Toplum.tv