Seymur Həzinin həbsindən 2 il ötür

Seymur Həzinin həbsindən 2 il ötür

29-08-2016 18:10 / Bu xəbər 800 dəfə oxundu

Bu gün vicdan məhbusu, "Azadliq” qəzetinin əməkdaşı və AXCP sədrinin müavini Seymur Həzinin həbsindən 2 il ötür. 

Seymur Həzi 2014-cü il avqustun 29-da Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Rəsmi məlumata görə, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S. Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
 
Aparılmış istintaqla həmçinin Məhərrəm Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə Seymur Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 
M. Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 

2015-ci il yanvarın 29-da Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin məhkəməsi keçirilib. Məhkəmənin hökmü ilə Seymur Həzi 5 il azadlıqdan məhrum edilib. 

Beynəlxalq hüquq-müdafiə təşkilatı "Amnesty İnternational” Seymur Həzininin həbsinin siyasi sifariş olduğunu bəyan edərək, onu "vicdan məhbusu” kimi tanıyıb.

Qeyd edək ki, Seymur Həzi 2016-ci ildə Norveçin "Oslo Fritt Ord" Foundunun və Almaniyanin ZEIT-Stiftung Ebel və Gerd Bucerius təskilatlarının Beynəlxalq Azad Mətbuat mükafatina layiq görülüb. 

2016-cı il avqustun 2-də isə o, həbsdə olduğu halda Müsavat Partiyası Məclisinin üzvü Nigar Yaqublu ilə rəsmi nikaha daxil olub. Mərasimi Xəzər Rayon Qeydiyyat Söbəsi həyata keçirib.

Əli Zeynalov
Arqument.Az